Vüsal Quliyev: Ölkəmizin inkişaf strategiyasının prioritetlərini diqqətdə saxlamığımız vacibdir

13 Aprel 2023 20:51 (UTC+04:00)

12-13 aprel 2023-cü il tarixində Dövlət Vergi Xidmətinin Şamaxı rayonunda yerləşən Tədris Mərkəzində Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının genişləndirilmiş səyyar iclası keçirilib.

Aznews.az xəbər verir ki, Prezident Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin sektor müdiri, Müşahidə Şurasının sədr müavini Vüsal Quliyev Müşahidə Şurasının iclasını açıq elan edib. İlk öncə aprelin 11-i Ermənistan silahlı qüvvələrinin bölmələrinin Gorus rayonunun Dığ yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Laçın rayonu istiqamətində yerləşən üzbəüz mövqelərini atıcı silahlardan intensiv atəşə tutması nəticəsində şəhid olan 3 nəfər hərbi qulluqçunun xatirəsini 1 dəqiqəlik sükutla yad edilib. Daha sonra Vüsal Quliyev bildirib ki, Strateji Planı hazırlayan zamanı həm vətəndaş cəmiyyətinin inkişafı məsələlərini və eləcə ölkəmizin inkişaf strategiyasının prioritetlərini diqqətdə saxlamığımız vacibdir: “Biz təmin etməliyik ki, dövlətin QHT-lərə dəstəyi məqsədyönlü, aktual və təsirli olsun. Bu QHT-lərə öz məqsədlərinə nail olmaq, cəmiyyət və icmalar səviyyəsində müsbət dəyişiklik yaratmağa real kömək etsin. Biz təmin etməliyik ki, strateji planımız hərtərəfli, bütün maraqlı tərəflərin yanaşmasını nəzərə alan, yaxşı düşünülmüş və icra edilə bilən olsun. Biz həmçinin əmin olmalıyıq ki, o, konkret və ölçülə bilən məqsədləri, vaxt qrafiklərini və məsuliyyəti ehtiva edir”.