İsrail XİN başçısı Bakıya niyə gəlir?

18 Aprel 2023 15:13 (UTC+04:00)

Son otuz il ərzində Azərbaycanla İsrail arasında dövlətlərarası dostluq münasibətləri əksər beynəlxalq məsələlər üzrə qarşılıqlı anlaşmaya əsaslanmış strateji ittifaq səviyyəsinə çatıb. Müdafiə sahəsindən tutmuş enerji sektorunadək möhkəm əlaqələr yaradılıb. Bu gün iki ölkə müxtəlif sahələr üzrə ticarəti və əməkdaşlığı keyfiyyət baxımından yeni səviyyəyə çıxarmaq üçün bütün səyləri göstərirlər.
2022-ci ilin noyabrında Bakı Təl-Əvivdə Azərbaycan səfirliyi açmaq barədə tarixi qərar qəbul etdi. Diplomatik missiyanın açılması qərarı iki ölkə arasında münasibətlərin dərinliyini əks etdirir və möhkəm diplomatik körpülərin salınması üzrə səylərin nəticəsidir.

2023-cü ilin yanvar-fevral aylarında Azərbaycanla İsrail arasında əmtəə dövriyyəsi 334,1 milyon dollar təşkil edib ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 26,36 faiz çoxdur. Azərbaycanın əmtəə dövriyyəsində bu ölkənin payı 4,66 faiz təşkil edib. Bununla belə, İsrailin Azərbaycandakı səfiri Corc Dikin sözlərinə görə, Azərbaycanla İsrail arasında əmtəə dövriyyəsinin bu il ikiqat artacağı gözlənilir.

İsrailin xarici işlər naziri Eli Koenin 18-19 aprel tarixlərində Azərbaycana səfəri sürətlə inkişaf edən ikitərəfli münasibətlərin daha bir sübutudur. Hesab edirəm ki, İsrail XİN-in Bakıya səfəri diplomatik əlaqələrin daha da genişləndirilməsi, yeni sənədlərin imzalanması ilə əhatə olunmaqla yanaşı, burada İran faktoru da gözardı edilməməlidir. Suriyada Təl-Əviv-Tehran qarşıdurmasının yaşanması, Qərbi Asiyada toqquşmaların artması, Livan və Qəzza zolağından İsrailin atəşə tutulması, bu xüsusda İsrail-İran müharibəsinin başlaması ilə bağlı proqnozların səsləndirilməsi Bakıdakı görüşün əhatəli olacağından xəbər verir. İran PUA-larının Ermənistanla Azərbaycan sərhəd xəttində məhz hərbi eskalasiyanın yaşandığı vaxt havaya qalxması İsrail tərəfdən İslam Respublikasına qarşı ortaq preventiv addımlar atılması təklifini gündəmə gətirə bilər.

Azərbaycan uzun illər müsəlman dünyasının, İranın münasibətini nəzərə alaraq, bu yöndə əməkdaşlıqdan kənar qalıb. Ancaq bunun qarşılığında İran və bəzi müsəlman ölkələri Ermənistanla sıx əməkdaşlıq etdilər, Ermənistana hər cür dəstək verdilər. Yalnız ikinci Qarabağ müharibəsi dövründə və müharibə ərəfəsində Azərbaycan çox düzgün addım atdı və İsraillə sıx hərbi əməkdaşlığa getdi. Qazandığımız qələbədə bu əməkdaşlığın ciddi rolu oldu. İran bir tərəfdən “xarici qüvvələr regionda olmamalıdır” deyir və İsrailin işğaldan azad olunmuş ərazilərində tikdiyi fermanı kəşfiyyat mərkəzi kimi dünyaya təqdim edir, digər tərəfdən Ermənistanda Amerika Birləşmiş Ştatlarının səfirlikdən daha çox hərbi bazaya bənzəyən diplomatik nümayəndəliyinə heç nə demir. Məlumdur ki, İraqdan sonra dünyada ABŞ - ın ən böyük səfirliyi Ermənistandadır. Burada hətta 800-ə yaxın dəniz piyadalarının olduğu da mətbuatda yer alıb. Ancaq İran nədənsə Ermənistana heç nə demir, əksinə, ona hər cür dəstək verir. Mən hesab edirəm ki, Tehranın atdığı təxribatçı addımlar kontekstində İsraillə əməkdaşlığı dərinləşdirmək atılacaq ən strateji addımlardan olacaq.

Züriyə Qarayeva

AzNews.az portalının siyasi şərhçisi