Bakı gözəl şəhərdir, burada olmağı xoşlayıram - Latviyalı gimnast

22 Aprel 2023 20:19 (UTC+04:00)

"Azərbaycanın paytaxtının memarlığı və binaları gözəldir".

Aznews.az xəbər verir ki, bunu şənbə günü latviyalı idmançı Nikola Vasilyeva Bakıda bədii gimnastika üzrə Dünya Kuboku yarışlarının ikinci günündə təsnifat çıxışlarından sonra deyib.

"Azərbaycanın paytaxtına ilk dəfə səfər edirəm. Gəldiyimiz gün şəhəri bir az gəzmək imkanımız oldu. Bakı gözəl şəhərdir, burada olmağı xoşlayıram", - idmançı bildirib.

Bakıdakı Milli Gimnastika Arenası haqqında danışan Nikola Vasilyeva vurğulayıb ki, bu, onun çıxış etdiyi ən yaxşı zallardan biridir:

"Burada yarışlar çox yaxşı təşkil edilib. Şadam ki, burada çıxış edə bildim. Qarşıdan gələn, Bakıda keçiriləcək Avropa çempionatını gözləyirəm. Düşünürəm ki, bu yarışlarda mənim üçün psixoloji cəhətdən daha asan olacaq, çünki zalı, ab-havası, şəraiti mənə artıq tanışdır”.

Qeyd edək ki, bədii gimnastika üzrə FIG Dünya kuboku yarışları 21-23 aprel tarixləri arasında keçirilir. Yarışlarda dünyanın 40 ölkəsindən 135 gimnast fərdi və qrup hərəkətləri proqramında çıxış edirlər.

Azərbaycanı fərdi proqramda Zöhrə Ağamirova və Alina Gözəlova, qrup hərəkətləri proqramında isə Güllü Ağalarzadə, Ləman Əlimuradova, Kamilla Əliyeva, Zeynəb Hümmətova, Yelizaveta Luzan və Darya Sorokinadan ibarət komanda təmsil edirlər.

Gimnastlar fərdi alətlər və çoxnövçülük proqramı üzrə yarışlarda mükafatlar uğrunda mübarizə aparırlar. Ənənəvi olaraq, AGF Trophy Kuboku çıxışına görə ən yüksək xal toplayan idmançıya və qrup komandasına veriləcək.