480 hektara yaxın ərazidə 3000 ağac əkilib - Nazir

27 Aprel 2023 14:41 (UTC+04:00)

Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Medianın İnkişafı Agentliyi, Audiovizual Şura və Mətbuat Şurasının birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş ağacəkmə aksiyası keçirilib.

Aznews.az xəbər verir ki, ağacəkmə aksiyası Ulu Öndər Heydər Əliyevin 100-cü ildönümü münasibəti ilə Müşfiqabad qəsəbəsində baş tutub.

Ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev bu gün media nümayəndələri ilə keçirilən ağacəkmə aksiyası zamanı AzNews.az-a bildirib ki, bu gün ümumilikdə 480 hektara yaxın ərazidə ağac əkilib.

“Bu gün 3 000 ağac əkilib. Biz ümid edirik ki, bütün vətəndaşlarımız, təşkilatlar, qurumlar bu aksiyaya qoşulacaq və ölkəmiz, şəhərlərimiz daha yaşıl olacaq. Ümumilli liderimiz Heydər Əliyevə həsr olunmuş bu aksiyalar bir kampaniya olaraq ilin əvvəlindən başlayıb və sonuna qədər də davam edəcək”, - deyə nazir əlavə edib.

Qeyd edək ki, ağacəkmə aksiyası zamanı Abşeron yarımadasının torpaq-iqlim şəraitinə uyğun Eldar şamı və zeytun ağacları əkilib.

Xatırladaq ki, ağacəkmə aksiyasının keçirilməsində məqsəd Ulu Öndər Heydər Əliyevin əziz xatirəsini yad etmək, Ümummilli Liderin təbiətə, yaşıllıqlara qayğı ənənələrini davam etdirməkdir.

Ayan Rzayeva