Bu gün Heydər Əliyevin 100-cü ildönümü münasibətilə Müşfiqabad qəsəbəsində keçirilən ağacəkmə aksiyasında müxtəlif media nümayəndələri də iştirak edib.
AzNews.az onların aksiya haqqında olan təəssüratlarını sizə təqdim edir:
Mətbuat Şurasının Sədri Rəşad Məcid də aksiyada iştirak edənlər sırasında olub:
“Bu gün Heydər Əliyevin 100 illik yubileyi şərəfinə jurnalistlərin iştirakı ilə salınan bağ bir neçə ildən sonra bu yoldan keçən insanların gözünü oxşayacaq və Azərbaycan təbiətinin dəyişməsinə xidmət edəcək: "Ona görə də bu,lazımlı işdir. Eyni zamanda, bu bizim mənəvi ehtiram borcumuzdur. Ümummilli Liderin anadan olmasının 100 illiyi münasibətilə belə bir bağın salınması üçün Ekologiya və Təbii Sərvətlər Nazirliyinə, həmçinin bütün jurnalistlərə minnətdarlığımı bildirirəm".
Telejurnalist Ləman Ələşrəfqızı: “Təbiət, yaşıllıq varsa, həyat da var. İnsan nəfəs ala bilirsə, bizə bu oksigeni bəxş edən elə ağaclardır. Ciyərlərimizin sağlamlığını qorumaq üçün təbiətimizi mühafizə etməliyik. Buna görə də Media Agentliyi və Ekologiya Nazirliyinin bu təşəbbüsünü alqışlayıram. Mən ağacımı əkmişəm. Əsas odur ki, əkdiyimiz ağacları qoruya bilək. Təbiətə öz töhfəmizi verə bilək”.
Jurnalist Elçin Şıxlı: “Aksiyamız Azərbaycanı yaşıllaşdırmağa kömək edir. Hər birimizin bu işdə bir damla xeyrimiz dəyirsə nə xoş bizə.Bu ağacəkmə aksiyası Heydər Əliyevin 100-cü il dönümünə həsr olunub. Heydər Əliyevin ağaclara, yaşıllığa olan münasibətini eşitmişəm. Bu məsələdə həssas olduğunu bilirəm. O, Bakının yaşıllaşmasına çox diqqət yetirirdi. 1990-cı illərdə Bakıda yaşıllığa diqqət yetirmədilər. Bu da ağacların məhvinə gətirib çıxardı. Heydər Əliyevin məşhur bir sözü var idi. Deyirdi ki, bir ağac kəsiləndə mənim də qolumu kəsirlər”.
Yazıçı, jurnalist Azər Qismət: "Jurnalistlər üçün belə bir aksiyanı təşkil olunması çox yaxşı bir addımdır.Ümumilli lider Heydər Əliyevin 100-cü ildönümü münasibəti ilə keçirilən bu aksiya həqiqətən də təqdirəlayiqdir.
Azərbaycan müstəqilliyə qovuşandan sonra ağaclar məhv oldu. Neçə illik ağaclar kəsildi. Amma son 7-8 ildir ki, yaşıllaşdırma sahəsində ciddi addımlar atılır. Ağac oksigendir. Ağac əkək, sağlam yaşayaq”.
Ayan Rzayeva
AzNews.az
QEYD: Məqalə ekoloji və ətraf-mühitin mühafizəsi sahəsi üzrə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə təqdim olunur.
.png)