103 il öncə bu gün Azərbaycan xalqının və yenicə qurulmuş demokratik respublikasının tarixinə qara hərflərlə yazıldı.
Azərbaycan Demokratik Respublikası süqut etdi.
Xalq Cümhuriyyəti klassik mənada bir dövlət deyildi. Hürr olmağa, əsl dövlət olmağa can atan, buna layiq olduğunu isbat edən bir xalqın suverenlik haqqını tapdığı məkan idi.
28 apreldə məmləkətimiz və haqqımız MÜSTƏQİL RESPUBLİKA kimi işğal olundu.
Nə idi, nələr idi bu işğalın səbəbləri?
Zənnimcə, məsələyə kompleks yanaşmaq lazımdır. Kompleks yanaşa bilmək üçün isə, bütün amilləri 3 başlıq altında ayrı-ayrılıqda sadalamalıyıq.
XARİCİ SƏBƏBLƏR
1. Bolşevik inqilabından sonra Rusiya iki hissəyə bölünmüşdü. "Ağ" və "Qırmızı" Rusiya.
"Ağ"lar Rusiyanı "vahid və bölünməz" sayır, çar müstəmləkəsi olmuş xalqların milli haqlarını tanımırdılar.
V.İ. Leninin bolşevikləri isə, başlanğıcda Rusiya xalqlarına öz müqəddəratını təyin etmə hüququ tanısalar da, bu təyini ancaq xalqların "inqilab" edib yenidən Rusiyaya birləşməsi şəklində görürdü. İosif Stalin bununla bağlı Moskvanın adından xüsusi mövqe ortaya qoymuşdu.
Uzun sözün qısası, bolşeviklər "ağ"larla məsələni bitirər-bitirməz keçmiş müstəmləkələrə üz tutdular.
2. ABŞ "Vilson prinsipləri"nə əsasən xalqların öz müqəddəratını təyin etmə hüququndan dəm vururdu. Ancaq AXC parlamentinin sədri Əlimərdan bəy Topçubaşovu qəbul edərkən Vilson demişdi ki, onun dövləti Rusiya məsələsi həll olunmadan, ayrı-ayrı yeni cümhuriyyətlərin məsələsinə baxmaq istəmir. Hətta sözlərinə onu da əlavə etmişdi ki, ABŞ Rusiyanı kiçik dövlətlərə parçalamaq istəmir.
3. Qərbi Avropa dövlətləri Birinci Dünya Müharibəsindən təngə gəlmişdilər və iqtisadi baxımdan yenidən dirçəlməyin yollarını arayırdılar. Almaniya, Rusiya və Osmanlı kimi üç imperiya canını tarixə tapşırmışdı. Avropa onların çöküşündən sonra özünü xeyli rahat zənn edir, "dövlət embirionları" ilə çalışmaqdandırsa, Rusiya ilə anlaşıb öz maraqlarını təmin etməyə üstünlük verirdi.
4. Azərbaycan dövlətinin meydana çıxmasında maraqlı olan Osmanlı tarix səhnəsindən çıxmışdı. Mustafa Kamal Atatürk Anadolunu xilas edə, cümhuriyyət qura bilmək üçün imperalist dövlətlərə qarşı Rusiyanın dəstəyini qazanmaq istəyirdi. Bu dəstək müqabilində,o, Leninə göndərdiyi teleqramda AXC hökumətinin yıxılmasına çalışacağını vəd edirdi.
5. Qacar imperiyası "Azərbaycan" adından qorxur və şimalında müstəqil, demokratik respublikanın varlığını özünə təhdid kimi görürdü.
QAFQAZ DAXİLİ SƏBƏBLƏR
1. 1918-ci ildə Cümhuriyyətin yaranması ərəfəsində, lap dəqiqi ondan hələ 1 il öncə- Rusiyadakı "Fevral İnqilabı"ndan sonra Azərbaycan elitasında belə bir rəy formalaşmışdı ki, Osmanlının öz ərazisindən qovduğu silahlı erməni çətələri və miqrantları Azərbaycanın içinə doluşarsa, anarxiya daha şiddətli vəziyyət alacaq, kəndləri, qəsəbələri, şəhərləri müdafiə etmək mümkün olmayacaq. Ona görə də hesab olunurdu ki, "kiçik bir erməni dövləti" yaransa, həmin dövlət vasitəsi ilə erməni fitnəsinin qarşısı alına bilər. Bu düşüncə ilə Batumdan İstanbula məktublar göndərildi və Osmanlı dövlətindən xahiş olundu ki, müstəqil erməni dövlətinin yaranmasına etiraz etməsinlər. Sərdarabad döyüşündə Osmanlı ordusunun yenilməsi ilə bu məsələ daha da aktuallaşdı və çanaq bizim öz başımızda çatladı. Sonucda İrəvanı güzəştə getdik, amma ermənilər vədlərinə əməl etmədilər- Zəngəzur və Qarabağı tələb etməyə başladılar.
2. Gürcülər Azərbaycandan fərqli olaraq öz müstəqilliklərinə Qərbdən daha rahat dəstək alsalar da, azsaylı idilər, bizimlə ermənilər arasında barışdırıcı rol oynaya bilmirdilər, üstəlik, ermənilərin Gürcüstana da ərazi iddiaları vardı. Maraqlar toqquşmasında Qafqazın gələcəyi ilə bağlı ortaq mövqedən çıxış etmək olmurdu.
DAXİLİ SƏBƏBLƏR
1. Bu baxımdan ən ciddi səbəb Qarabağdakı erməni separatizmi idi. Milli Ordunun əsas gücü Qarabağa yönəlmişdi. Eyni zamanda, orduda satqınçılıq və Rusiyaya qarşı loyallıq vardı. Azərbaycan Ordusundakı Türkiyə zabitləri işğala qarşı çıxmaq əvəzinə, əsasən, milli hökumətin yıxılmasına dəstək verirdilər.
2. Nəriman Nərimanovun Rusiyadan başçılıq elədiyi kommunistlər. indiki məşhur ifadə ilə desək, ölkə daxilində "5-ci kolon" rolunu oynayır, dövləti içəridən sarsıtmağa çalışır, işğalçı qüvvələrə əlaltılıq edirdilər. Nərimanov cümhuriyyətə qarşı satqınlıq və köləlik yolu tutmuşdu.
3. 28 aprel ərəfəsində Azərbaycanda legitim hökumət yox idi. Yusifbəylinin V kabinetinə etimadsızlıq göstərilmişdi. M.H.Hacınskinin başçılığı ilə yeni hökumət yaradılmalı idi. Nağı Şeyxzamanlının yazdığına görə, M.Ə. Rəsulzadə Hacinskininin kabinetində maarif və dini etiqad naziri olmağa razılıq vermişdi. Ancaq Hacınski hökumət qurmadı, heç qurmaq istəmədi və Müsavatdan çıxıb rəsmən Kommunist Partiyasına üzv oldu. M.ƏRəsulzadə yazırdı ki, Azərbaycanın işğalına səbəbkar M.H.Hacinskidir. Fəqət həm Hacinski, həm də onun "Rusiya ilə dil tapa bilməməkdə" ittiham edərək hökumətdən saldığı Nəsib bəy Yusifbəyli Müsavat partiyasının rəhbərlərindən idilər.
Sual olunur: M.Ə. Rəsulzadə özü nədən sədri olduğu partiyadakı, partiyasının çoxluqda olduğu parlamentdəki böhranı çözüb hökumət qurmaq məsuliyyətini öz üzərinə götürmədi və işğala müqavimət göstərmədi?
Söhbət ondan getmir ki, onun başçılığı ilə hökumət işğalın qarşısını kəsə bilərdi.
Söhbət ondan gedir ki, o, buna niyə cəhd etmədi?
Müsavat tarixçiləri bu sualın üstündən sükutla keçirlər.
Ən xırda məsələlərə fikir bildirirlər, amma bu məsələyə münasibətdə susmaq haqlarını seçirlər.
Ancaq bu bir faktdır ki, Müsavatın daxilindən başlayan böhran parlamentə və hökumətə sıçrayaraq onunla nəticələndi ki, AXC çox qısa müddətdə işğal olundu.
İşğalçılara qarşı bölgələrdə başlayan lokal üsyanlar isə başsız qaldı və koordinasiya edilmədi.
Taleh ŞAHSUVARLI