Yerli kütləvi informasiya vasitələri Laçında quraşdırılan Sərhəd Buraxılış Məntəqəsinin iş rejimini əks etdirən görüntülər yayıb.Videodan bəlli olur ki, Dövlət Sərhəd Xidmətinin əmakdaşları Ermənistanla sərhəddə hər iki istiqamətdə hərəkətinin təhlükəsizliyini təmin etmək məqsədi ilə peşəkar fəaliyyət həyata keçirirlər. Bu, Azərbaycanın dövlət sərhədlərini tam nəzarətə götürməsinin göstəricisidir. Ona görə də əminliklə söyləmək olar ki, erməni mediasının saldığı hay-həşirə baxmayaraq, SBM-nin fəaliyyəti hər hansı formada dayandırılmayacaq və məhdudlaşdırılmayacaq.
Bəli, 44 günlük savaşdakı tarixi qələbəmiz Laçının azad olunmasına hərbi-siyasi baxımdan şərait yaratmış və nəticədə Ermənistanla Qarabağ iqtisadi rayonunun ermənilər yaşadığı hissəsi arasındakı təbii bufer zona yenidən nəzarətimizə keçmişdi. Fəqət Laçının öz real funksiyasını icra edə bilməsi üçün SBM quraşdırılmasına ehtiyac vardı. Laçının azad edilməsindən dərhal sonra prezident Əliyev və komandası bu yöndə hərəkətə keçmişdi.
Xankəndinin Azərbaycana re-inteqrasiyası üçün prinsipial səciyyədə daşıyan SBM-nin quraşdırılması Azərbaycandan başqa kimsənin marağında deyildi. Xankəndidəki cinayətkar çətə, Ermənistanda "miatsum" ideologiyasının daşıyıcısı olan revanşist qüvvələr, Üçtərəfli Bəyanata əsasən üzərinə götürdüyü öhdəliklərin qalanını yerinə yetirmək istəməyən və sülh danışıqlarını pozan Nikol Paşinyan iqtidarı, iflasa uğramış ATƏT-in Minsk Qrupunun həmsədrləri- Fransa, ABŞ və bölgəyə "sülhməramlı kontingent" yerləşdirmiş Rusiya Azərbaycanın suveren hüquqlarına qarşı bir cəbhədə birləşmişdi.
Prezident İlham Əliyev diplomatik masada hər kəslə öz dili ilə, ancaq müstəqil Azərbaycan dövlətinin iradəsini ortaya qoymaqla və milli maraqlarımızdan əsla taviz verməməklə anti-Azərbaycan və anti-Sülh cəbhəsinin müqavimətini qırdı.
SMB-nin quraşdırılması hansı nəticələr doğuracaq?
1. Ermənistan Xankəndiyə nə açıq, nə də gizli şəkildə hərbiçi, hərbi texnika, sursat, hərbi təyinatlı geyim və ərzaq göndərə bilməyəcək.
2. Ermənistanın hökumət üzvləri, revanşist siyasiləri və provakator QHT və media nümayəndələri üçün Xankəndi su yolu olmayacaq.
3. Ermənistandan Azərbaycan ərazisinə keçən istənilən fiziki və hüquqi şəxs nümayəndəsi nəzarətdə olacaq.
4) Ermənistan və Xankəndi arasındakı sosal-iqtisadi əlaqələr kontrol alına alınacaq və Azərbaycan dövlətinin qanunlarına tabe etdiriləcək.
5) Başda "Qırmızı xaç" olmaqla Azərbaycanın mandatını tanıdığı xarici QHT-lərin, beynəlxalq təşkilatların və digər missiyaların Xankəndiyə Ermənistandan hərəkəti dayanacaq.
6) Başda Arayik Arutyunyan olmaqla Xankəndidəki cinayətkar çətə üzvləri, Azərbaycan Respublikasının ərazi bütövlüyünə qəsd etmiş hərbi rütbəli terrorçuların Ermənistana keçidinə imkan verilməyəcək. Respublikamızın qanunlarına görə, onlar həbs olunmalı, müqavimət və ya qaçmağa cəhd göstərərlərsə, yerindəcə güllələnməlidirlər.
7. Xankəndidəki seperatçı rejimin girovları olan erməni mənşəli şəxslərin Ermənistana daşınaraq hərbi təlimlərə cəlb olunmasının qarşısı alınacaq.
8. Qarabağ iqtisadi zonasının bir hissəsində Azərbaycanın təbii sərvətlərinin qanunsuz istismar edilərək xammal və ya emal olunmuş şəkildə Ermənistana çıxarılmasına son veriləcək.
9. Başda İran olmaqla üçüncü dövlətlərin Xankəndiyə "sovqatları" kontrol altına düşəcək.
10. Ölkəmizə giriş və çıxış ancaq dövlətimizin tanıdığı pasportlar əsasında mümkün olacaq.
Göründüyü kimi, SBM yaradılması Xankəndidə seperatçı rejimin likvidasiyası baxımından tam yeni və əlverişli situasiya yaradır.
Bu situasiyada nələr etməliyik?
Şübhə etmirəm ki, dövlətin siyasi rəhbərliyi və müvafiq qurumları bu yöndə konkret yol xəritəsi ilə hərəkət edirlər. Bu xəritənin açıqlanmamasını anlayışla qarşılamaq lazımdır. Fəqət ictimaiyyət üçün bir neçə fikrimi bölüşmək istəyirəm.
Birincisi, Qarabağda fəaliyyət göstərən Ermənistan şirkətləri və bankları haqqında ölçü götürməyin məqamı çoxdan yetişib. Ermənistanın "iqtisadi ordusu" Qarabağdan çıxmalıdır.
İkincisi, işğalçı Ermənistan ordusunun Qarabağdakı qalıqlarının çıxarılması üçün Azərbaycan İrəvandan konkret təqvim almalıdır. Bu təqvim verilməyəcəyi təqdirdə, Silahlı Qüvvələrimiz və Ali Baş Komandan nə edir, bunu dünya bilir.
Üçüncüsü, əgər İrəvandan Xankəndiyə gələn yolu nəzarətə götürmüşüksə, Bakıdan Xankəndiyə gedən magistralı açmalıyıq. Ağdam-Xankədi yolu açılmalıdır ki, yaxın günlərdə, məsələn, "Qırmızı Xaç" oradan humanitar yüklər keçirə bilsin.
Dördüncüsü, Qarabağ iqtisadi zonasında yaşayan ermənilərin Azərbaycan Respublikasına re-inteqrasiyası ilə bağlı xüsusi dövlət proqramın hazırlanmasına və elan olunmasına ehtiyac var. Proqramın siyasi və hüquqi məzmunu bəllidir. Ermənilər ancaq Azərbaycan Konstitusiyası, qanunları və respublikamızın qoşulduğu beynəlxalq konvensiyalıar əsasında yaşayacaqlar. Qoşulduğumuz "Milli azlıqların müdafiəsi haqqında" Çərçivə Konvensiyası ermənilərin Azərbaycan vətəndaşları olaraq rifahı və tərəqqisi üçün bütün imkanları yaradır. Bununla belə, bir sıra suallar açıq qalır. Erməni fermer bilməlidir ki, Azərbaycan Respublikasının vətəndaşı kimi o, öz əkin sahəsindən necə istifadə edəcək, su, toxum, gübrə, satış məsələlərini necə çözəcək, dövlətdən hansı yardımları və hansı şərtlərlə alacaq. Uzun illər ərzində Ermənistan iqtisadiyyatının bir parçası olmuş Xankəndi və ətraf rayonların Azərbaycanın iqtisadi məkanına daxil olması üçün Qarabağa ilk növbədə banklarımız, sığorta şirkətlərimiz, kredit təşkilatlarımız girməli, Ermənistan dramı ən yaxşı halda xarici valyuta kimi banklarda dəyişdirilərək istifadə olunmalıdır. Bütün bunları həm özümüz aydın təsəvvür etməli, həm də erməni vətəndaşlarımıza izah etməliyik.
Taleh ŞAHSUVARLI