Həvəskar balıq ovuna qadağa qoyuldu - HÜQUQİ ŞƏRH

2 May 2023 13:48 (UTC+04:00)

Balıqların kürütökmə dövrü ilə əlaqədar 1 may 2023-cü il tarixindən ölkə ərazisindəki bütün su hövzələrində balıq ovuna moratorium qüvvəyə minir və sentyabrın 1-dək davam edəcək.

Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəsmisi Arzu Babayeva bildirib ki, qanunsuz balıq ovunun qarşısının alınması məqsədilə Daxili İşlər Nazirliyinin Su Nəqliyyatında Polis İdarəsi, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Təhlükəsizlik və Bioloji Müxtəlifliyin Qorunması Xidmətlərinin əməkdaşları tərəfindən ölkənin daxili su hövzələrində mütəmadi nəzarət tədbirləri həyata keçirilir və qanunsuz balıq ovu ilə məşğul olanlar barəsində qanunamüvafiq tədbirlər görülür.

Xidmət rəsmisi balıq ovu ilə məşğul olan bütün fiziki və hüquqi şəxsləri qaydalara əməl etməyə, qadağan olunmuş vaxtlarda, qadağan olunmuş alətlərlə balıq ovlamaqdan çəkinməyə çağırıb.

Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin bu açıqlaması həvəskar balıq ovçuları arasında xeyli suallar doğurub.

"Pragma" Sosian İnkişafa və Ekologiyanın Qorunmasına Dəstək İctimai Birliyi həvəskar balıq ovçularının bu yöndə əsas suallarını cavablandırmaq üçün qanunvericiliyin tələblərinə nəzər salıb.

"Balıqçılıq haqqında" Azərbaycan Respublikasının qanununda məqsədinə görə balıq ovunun bir neçə forması müəyyən olunur. Bunlardan biri də qanunun 9-cu maddəsində nəzərdə tutulan balıq və digər su bioresurslarının sənaye, idman və həvəskar ovudur.

İdman və həvəskar balıq ovu üçün balıqovlama bileti tələb olunmur.

Qanunun 11-ci maddəsində deyilir:

"Balıq və digər su bioresurslarının idman və həvəskar ovu insanların şəxsi ehtiyacları və istirahəti üçün ümumi istifadədə olan balıqçılıq su obyektlərində sərbəst ov etməsini nəzərdə tutur".

Həmin maddədə o da qeyd olunur ki, idman və həvəskar ovun həyata keçirilmə vaxtı, yeri, ovlanan balıq və digər su bioresurslarının miqdarı və ölçüləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən hallarda və qaydada məhdudlaşdırıla bilər.

Ölkəmizdə həvəskar balıq ovu “Balıq və digər su bioresursları ovunun Qaydaları” Nazirlər Kabinetinin 2017-ci il 2 iyun tarixli 243 nömrəli qərarı ilə təsdiq olunub. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 5 avqust 2022-ci il tarixli 283 saylı qərarı ilə “Balıq və digər su bioresursları ovunun Qaydaları”na 2 nömrəli əlavənin 5-ci maddəsi yeni redaksiyada verilib. Yeni varianta əsasən, Aşağıdakı yerlərdə və müddətlərdə balıq və digər su bioresurslarının idman və həvəskar ovu qadağandır:

Su obyektləri

Qadağan müddətləri

Xəzər dənizində (gölündə) və dənizə axan bütün çaylarda

1 may - 30 iyun

Şabran limanını Xəzər dənizi ilə birləşdirən kanalın və onun mənsəbindəki hər iki tərəfə 1 km, dənizə doğru 2 km-lik ərazilərdə

1 yanvar -15 avqust

Kür və Araz çayları ilə əlaqəsi olan bütün su hövzələrində

1 may - 30 iyun

Kür çayında Mingəçevir şəhər körpüsündən Varvara su anbarının sahillərinə qədər 10 km-lik ərazidə

1 - 30 aprel

Beləliklə, Xəzər dənizində, dənizə axan bütün çaylarda, Kür və Araz çayları ilə əlaqəsi olan su hövzələrində (çay qollarında, kanallarda və s.) 1 may- 30 iyun tarixlərində həvəskar balıq ovu qadağandır. Kür çayının Mingəçevir körpüsündən Varvara su anbarının sahillərinə qədər olan 10 kilometrlik hissəsində isə bu qadağa 1 apreldən qüvvəyə minib, 1 maydan isə bütün Kür çayını əhatə edib. Şabran limanını Xəzər dənizi ilə birləşdirən kanalın və onun mənsəbindəki hər iki tərəfə 1 km, dənizə doğru 2 km-lik ərazilərdə isə yanvarın 1-dən avqustun 15-dək həvəskar balıq ovu qadağandır.

Bəs, bu qadağanı pozan həvəskar balıq ovçularını hansı cəza gözləyir?

Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 272.1 maddəsində göstərilir ki, balıq və digər su bioresurslarının mühafizəsi qaydalarının pozulmasına görə fiziki şəxslər inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetlər müsadirə edilməklə və ya müsadirə edilməməklə yeddi yüz manatdan min yeddi yüz manatadək məbləğdə cərimə edilir.

Ov qaydalarının kobud şəkildə pozulmasına (lazımi icazə olmadan və ya qadağan edilmiş yerlərdə, yaxud qadağan olunmuş müddətlərdə, qadağan edilmiş alətlərlə və ya üsullarla ov edilməsinə), habelə digər ov qaydalarının müntəzəm pozulmasına görə-

inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetlər müsadirə edilməklə və ya müsadirə edilməməklə, min manatdan iki min manatadək məbləğdə cərimə edilir, yaxud altı aydan iki ilədək müddətə ov hüququ məhdudlaşdırılır.

Məcəllənin 272.3 maddəsində isə bildirilir:

Ov qaydalarının kobud şəkildə pozulmasına (lazımi icazə olmadan və ya qadağan edilmiş yerlərdə, yaxud qadağan olunmuş müddətlərdə, qadağan edilmiş alətlərlə və ya üsullarla ov edilməsinə), habelə digər ov qaydalarının müntəzəm pozulmasına görə-

inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetlər müsadirə edilməklə və ya müsadirə edilməməklə, min manatdan iki min manatadək məbləğdə cərimə edilir, yaxud altı aydan iki ilədək müddətə ov hüququ məhdudlaşdırılır.

Ancaq təbiətə vurulan ziyan XEYLİ MİQDARDA olduqda, məsələ İXM ilə yox, Cinayət Məcəlləsi ilə tənzimlənir.

AR Cinayət Məcəlləsinin 256-cı maddəsində göstərilir:

256.1. Balıq və digər su bioresurslarının qanunsuz tutulması xeyli miqdarda ziyan vurduqda -

iki min manatdan üç min manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan üç yüz iyirmi saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması ilə cəzalandırılır.

256.2. Eyni əməllər:

256.2.1. külli miqdarda ziyan vurulmaqla törədildikdə;

256.2.2. özüyeriyən və özüüzən nəqliyyat vasitəsindən və ya partlayıcı və ya kimyəvi maddələrdən və ya balıq və digər su bioresurslarının kütləvi məhvinə səbəb olan vasitələrdən istifadə etməklə törədildikdə;

256.2.3. qoruqların ərazisində və ya fövqəladə yaxud təhlükəli ekoloji vəziyyət zonasında törədildikdə-

üç min manatdan altı min manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

256.3. Bu Məcəllənin 256.1-ci və ya 256.2-ci maddələrində nəzərdə tutulmuş əməllər şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə və ya qabaqcadan əlbir olan bir qrup şəxs yaxud mütəşəkkil dəstə tərəfindən törədildikdə-

altı min manatdan doqquz min manatadək miqdarda cərimə və ya iki ildən beş ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Qeyd: Bu Məcəllənin 256.1-ci maddəsində “xeyli miqdar” dedikdə, min manatdan yeddi min manatadək olan məbləğ, 256.2.1-ci maddəsində “külli miqdar” dedikdə isə yeddi min manatdan artıq olan məbləğ başa düşülür.

Beləliklə, "Pragma" Sosial İnkişafa və Ekologiyanın Qorunmasına Dəstək İctimai Birliyi ETSN-nin çağırışına qoşularaq, həvəskar ballq ovçularını qanunlara riayət etməyə, təbiəti qorumağa, həmçinin moratoriumun qüvvədə olduğu tarixdə sənaye məqsədi ilə qanunsuz balıq ovlanmasına qarşı fəal olmağa dəvət edir.

"Pragma" Sosial İnkişafa və Ekologiyanın Qorunmasına Dəstək İctimai Birliyi

QEYD: Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə ekologiya və ətraf-mühitin mühafizəsi sahəsi üzrə hazırlanıb.