Məktəbliləri tütündən necə qoruyaq?

8 May 2023 14:53 (UTC+04:00)

Son günlər məktəblilərin çantalarında bir sıra onlara aid olmayan əşyaların gəzdirilməsi ilə bağlı yayılan şəkillər cəmiyyət arasında narahatlığa səbəb olub. Sual yaranır ki, tütün məhsullarını məktəblilərə satan kimlərdir? Bununla bağlı nəzarət niyə aparılmır? Məktəblilərin bu zərərli məhsullardan uzaq durması üçün hansı tədbirlər görülməlidir?

Sözügedən məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Nurlan Əliyev AzNews.az-a açıqlamasında bildirib ki, yetkinlik yaşına çatmayan şəxslərə bu məhsulların satılması qadağandır. Polis əməkdaşları tərəfində belə hallar aşkarlandıqda həmin şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinə uyğun olaraq inzibati tənbeh tədbirləri görülür. Bu hallara qarşı mübarizə tədbirləri həyata keçirilir.

N. Əliyev onu da qeyd edib ki, təkcə satışı həyata keçirənlərə deyil, azyaşlıları spirtli içkilərdən, tütün məhsullarından istifadəyə təhrik edən şəxslərə qarşı qanuna müvafiq tədbirlər görülür.

Sosioloq Aynur Hacıyeva da məsələyə öz fikrini bildirib. O, bunun ciddi problem olduğunu vurğulayıb.

“Son günlərdə məktəblilərin çantalarından bir sıra onların yaş kateqoriyasına aid olmayan əşyaların yəni tütün məhsullarının çıxması həqiqətən də narahatçılığa əsas verir. Belə bir sual yaranır ki, bəzi əşyaların istifadəsinin üzərində müəyyən yaş həddi qeyd olunubsa, bəs az yaşlılar bu cür əşyaları hardan və necə satın alırlar? Sirr deyil ki, hər hansı satış nöqtəsinə yaxınlaşıb rahat şəkildə bu cür məhsulları əldə etmək olur. Xüsusilə də mərkəzdən kənar hissələrdə mövcud olan satış bölgələrindən rahat şəkildə əldə etmək mümkündür”.

O deyib ki, bununla bağlı ciddi tədbirlər görülməli, satış bölgələri az yaşlılara bu cur məhsulların satışını məhdudlaşdırmalı, ümumiyyətlə yaş dərəcəsini təyin etmədən satış etməməlidir.

Təhsil eksperti İlqar Orucov da öz növbəsində qeyd edib ki, bu narahat edici məqamdır.

“Təəssüf ki, məktəblərin üzərində hər hansı təsbeh, kriminal aləmə sövq edən əşyalar, tütün məhsulları aşkarlanır. Bununla mübarizə tədbirləri aparılmalıdır. Burada öhdəlik təkcə Elm və Təhsil Nazirliyinin üzərinə düşmür. Uşaqlar məktəbdən çox evdə vaxt keçirirlər. Hesab edirəm ki, bu arada məsuliyyət daha çox ailənin üzərinə düşür”.

Ekspert burada məktəb ətrafında bu məhsulların satıldığı obyektlərdən də danışıb.

“Hamımız bilirik ki, məktəbə yaxın ərazilərdə bu məhsulları satan kiosklar, mağazalar var. Onların bir çoxunun hədəfi uşaqlardır. Müşahidə etmişik ki, ədədlə siqaret satan yerlər var. Bu üsulla satılan siqaretlər bu məhsulların istifadəsinə yeni başlayanlar üçün nəzərdə tutulub. Təəssüf ki, bəzi iş adamları cəmiyyəti narahat edəcək bu kimi işlərlə məşğul olub pul qazanırlar. Məktəbdə oxuyub siqaret istifadə edən şagirdləri danışdırsaq, görərik ki, onların çoxu siqaret qutularını üzərlərində gəzdirməkdən qorxduqları üçün bu yolla məhsullardan istifadə edirlər”.

O son olaraq bunun üçün məktəblərdə maarifləndirmə işləri aparılmalı olduğunu vurğulayıb.

“Məktəb ətrafında bu məhsulların satışı ilə məşğul olan müəssisələrin fəaliyyətinə aiddiyyatı qurumlar son verməlidirlər. Mən bir çox inkişaf etmiş ölkələrdə olmuşam. Amma heç bir ölkədə məktəb ətrafında belə yerlərin olduğunu görməmişəm. Pul qazanmağın yolu məgər budur? Burada cəmiyyətin də böyük rolu var”.

Ayan Rzayeva,

AzNews.az

QEYD: Məqalə uşaq və gənclərin fiziki və mənəvi inkişafı​ sahəsi üzrə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə təqdim olunur.