Azərbaycanı güclü və müasir dövlətə çevirən şəxsiyyət

7 May 2023 13:28 (UTC+04:00)

Bəşəriyyətin mövcudluq tarixi təsdiq edir ki, lider amili hər bir xalqın vahid məqsədlər naminə birləşməsi, tərəqqisi və gələcək hədəflərə doğru inamla addımlamasında müstəsna rola malikdir. Tarixən güclü şəxsiyyətlər yetişdirmiş xalqlar bütün çətinliklərdən əzmlə çıxaraq yaratdıqları dövlətin hərtərəfli inkişafına, dünya arenasında özünəlayiq yer tutmasına nail olmuşlar. Belə liderlər insanları mütərrəqqi ideya və məqsədlər ətrafında səfərbər edərək dövlətin gələcək inkişaf yönümünü də müəyyənləşdirmişlər.

Bu prizmadan yanaşma Azərbaycan xalqının XX əsrdə yetişdirdiyi ən qüdrətli, böyük şəxsiyyətlərdən olan ulu öndər Heydər Əliyevin çağdaş tariximizdəki yeri və rolunu parlaq şəkildə üzə çıxarır. Anadan olmasının 100-cü ildönümü ilə əlaqədar təkcə Azərbaycanda deyil, digər ölkələrdə də anım tədbirləri keçirilən, əziz xatirəsi ehtiramla yad edilən ümummilli lider Heydər Əliyevin yarım əsrlik dövlətçilik fəaliyyətinin hər bir mərhələsi xalqa layiqli xidmət nümunələri ilə zəngindir. Ulu öndər tarixin ən mürəkkəb, çətin dönəmlərində respublikaya rəhbərlik etməsinə baxmayaraq, milli maraqları önə çəkən vətənpərvər qərarları, qətiyyətli addımları ilə xalqının böyük sevgisini qazanmışdır.

Müstəqil Azərbaycan dövlətinin xilaskarı, qurucusu olaraq ümummilli liderlik zirvəsinə ucalmış Heydər Əliyev dühasının misilsiz tarixi xidmətləri bu gün hər bir azərbaycanlı tərəfindən etiraf edilir və yüksək dəyərləndirilir. Dövlətimizin başçısı İlham Əliyevin 2022-ci il 29 sentyabr tarixli "Azərbaycan Respublikasında 2023-cü ilin "Heydər Əliyev İli" elan edilməsi haqqında" Sərəncamında ümummilli liderin çağdaş tariximizdəki müstəsna yeri və rolu xüsusi vurğulanır: "Taleyimizin həll olunduğu ağır bir zamanda xalqın təkidli tələbinə səs verərək yenidən hakimiyyətə qayıdan Heydər Əliyev doğma Vətənin xilası naminə misilsiz fədakarlıq nümayiş etdirmiş, ölkəmizi ictimai-siyasi pərakəndəliyin və anarxiyanın məngənəsindən qurtarmış, bütün sahələrdə müşahidə olunan dərin tənəzzülün qarşısını almış, yenidən qurduğu və hər cür qəsdlərdən qoruduğu dövlətin dayanıqlı inkişaf yolunu müəyyən etmişdir".

Ulu öndər Heydər Əliyevin ötən əsrin 70-80-ci illərində formalaşdırdığı möhkəm iqtisadi zəmin üzərində dövlət müstəqilliyini bərpa edən Azərbaycan Respublikasının ilk illərdə üzləşdiyi problemlər hüquqi və demokratik dövlət quruculuğu prosesində ciddi sipərə çevrilmişdi. Çoxluğun etimad göstərdiyi təcrübəli komandanın olmaması, iqtisadi, siyasi tənəzzülün dərinləşməsi, qanunsuz silahlı birləşmələrin dövlətçiliyə qarşı yaratdığı təhdidlər, etnik zəmində separatçılıq meyilləri və digər köklü problemlər respublikanı vətəndaş qarşıdurması həddinə çatdırmışdı. Belə ağır və mürəkkəb şəraitdə xalqının səsinə səs verərək yenidən hakimiyyətə qayıdan ümummilli lider Heydər Əliyev siyasi qətiyyəti, əzmkarlığı, müdrik qərarları sayəsində 1993-1995-ci illərdə ölkəni vətəndaş qarşıdurmasından, xaos və parçalanma təhlükəsindən xilas etmiş, ictimai-siyasi sabitliyin, qanunçuluğun, hüquq qaydalarının bərpasına nail olaraq milli inkişaf modelinin reallaşdırılmasına başlamışdır.

Yeni ictimai-iqtisadi formasiyanın tələblərinə uyğun olaraq azad bazar iqtisadiyyatı, demokratik, hüquqi dövlət quruculuğu istiqamətində inamlı addımlar atan ulu öndər Heydər Əliyev dayanıqlı milli inkişaf baxımından müstəqil respublikamızın ilk Milli Konstitusiyasının hazırlanmasını da vacib sayırdı. Böyük strateqin rəhbərliyi ilə mütərəqqi beynəlxalq təcrübə əsasında hazırlanan, 1995-ci il noyabrın 12-də keçirilmiş referendumda qəbul edilən Azərbaycan Respublikasının Konstitusiyası təkcə iqtisadi-siyasi deyil, hüquq islahatlarının da konseptual əsaslarını özündə ehtiva etmişdir. Konstitusiya insan-vətəndaş hüquq və azadlıqlarının təminatını dövlətin ali məqsədi - qanunverici, icra və məhkəmə hakimiyyətinin ümdə vəzifəsi olaraq müəyyənləşdirmişdir.

Konstitusiyanın qəbulundan sonra ölkədə müstəqil məhkəmə hakimiyyətinin formalaşdırılması prosesi keyfiyyətcə yeni mərhələyə qədəm qoymuş, Əsas Qanunun bir sıra müddəaları əsasında üçpilləli məhkəmə hakimiyyətinin yaradılması və müstəqil fəaliyyəti təmin edilmişdir. Mütərəqqi dünya təcrübəsi əsasında yaradılmış birinci instansiya, apellyasiya və kassasiya instansiyalı üçpilləli məhkəmə sistemi ölkəmizdə insan və vətəndaş hüquq-azadlıqlarının müdafiəsinə etibarlı təminat mexanizmləri formalaşdırmışdır. Bu məhkəmə sisteminin üstünlüyü ondadır ki, birinci məhkəmə instansiyasında baxılmış işlər hüquqa və fakta görə apellyasiya qaydasında yoxlanılır, daha sonra işlərə kassasiya qaydasında yenidən baxılır. Bu prosedur məhkəmə qərarından narazı qalan hər kəsin yuxarı məhkəmə instansiyasına müraciətinə, yol verilmiş nöqsanların yuxarı məhkəmə instansiyaları tərəfindən aradan qaldırılmasına, ədalət mühakiməsinin daha obyektiv, şəffaf qaydada reallaşdırılmasına təminat yaradır.

Ümumilikdə, 1995-2003-cü illərdə reallaşdırılan islahatlar mahiyyətcə məhkəmələrin keçmiş totalitar rejimə xas funksiyalarının, cəmiyyətdə barəsində formalaşmış "cəza orqanı" imicinin aradan qaldırılmasına, müstəqil və şəffaf fəaliyyətinə xidmət etmişdir. 1996-cı ildə yaradılmış Hüquq İslahat Komissiyasının hazırladığı "Məhkəmələr və hakimlər haqqında" qanunun 10 iyun 1997-ci il tarixdə qəbulu məhkəmələrin keçmiş sovet dövründən miras qalmış funksiyalardan azad olmasına, cəmiyyətdəki nüfuzunun möhkəmləndirilməsinə xidmət etmişdir.

Liberal islahatlar çərçivəsində mühüm addımlardan biri də keçmiş ittifaq respublikaları arasında ilk dəfə məhz Azərbaycanda fərdin azadlığının məhdudlaşdırılması, həbs qətimkan tədbirinin seçilməsi səlahiyyətinin məhkəmələrə verilməsi, hüquq təcrübəsində mövcud olan "Habeas Corpus" prinsipinin tətbiqi olmuşdur. Mütərəqqi qanunvericilik məhkəmələrin fəaliyyətinə nəzarət və müdaxiləyə imkan yaradan halları aradan qaldırmış, Ali Məhkəmə yalnız ümumi və ixtisaslaşmış məhkəmələrin icraatına aid edilən mülki, cinayət və digər işlər üzrə kassasiya instansiyası məhkəməsi kimi fəaliyyətə başlamışdır.

Hər bir ölkədə müstəqil, şəffaf məhkəmə hakimiyyətinin formalaşdırılması, ilk növbədə, hakim korpusunun sağlamlaşdırılması və demokratik əsasda formalaşdırılmasından, hakimlərin fəaliyyət sahələri üzrə yüksək bilik və təcrübəyə malik olmalarından asılıdır. Bu reallığı düzgün dəyərləndirən böyük strateq Heydər Əliyevin 2000-ci il 17 yanvar tarixdə imzaladığı "Azərbaycan Respublikasında hakim vəzifəsinə namizədlərin seçilməsi qaydalarının təkmilləşdirilməsi haqqında" Fərmanı əsasında ölkə tarixində ilk dəfə olaraq hakimlərin test üsulu ilə - imtahan və şifahi müsabiqə əsasında seçilməsi təcrübəsinin əsası qoyulmuş, hakim korpusunun 60 faizədək yenilənməsi ədalət mühakiməsinin səmərəliliyini yüksəltmişdir.

Ulu öndərin əsasını qoyduğu mütərəqqi məhkəmə-hüquq islahatlarını 2003-cü ildən inamla davam etdirən Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev məhkəmə orqanlarının fəaliyyətinin ölkənin iqtisadi inkişaf tempinə adekvat şəkildə müasirləşdirilməsinə, özünüidarə imkanlarının, müstəqilliyinin genişləndirilməsinə xidmət edən kompleks tədbirlərin reallaşdırılmasına nail olmuşdur. 2004-cü ildə "Məhkəmə-Hüquq Şurası haqqında" qanunun qəbulu, həmin qanun əsasında məhkəmə hakimiyyətinin özünüidarə funksiyalarını həyata keçirən yeni müstəqil təsisatın - Məhkəmə-Hüquq Şurasının yaradılması və 2005-ci ilin fevralından fəaliyyətə başlaması mühüm yeniliklərdən biri kimi xüsusi qeyd edilməlidir. Ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədovun rəhbərliyi ilə səmərəli fəaliyyət göstərən Şura ötən 18 ildə məhkəmə sisteminin və vakant hakim vəzifələrinə hakim olmayan namizədlərin seçilməsinin təşkili, hakimlərin fəaliyyətinin qiymətləndirilməsi, iş yerinin dəyişdirilməsi, vəzifədə irəli çəkilməsi, intizam məsuliyyətinə cəlb edilməsi, habelə məhkəmələr və hakimlərlə bağlı digər məsələləri səlahiyyətləri çərçivəsində həll edən, məhkəmə hakimiyyətinin özünüidarə funksiyalarını həyata keçirən mühüm təsisat kimi yüksək ictimai etimad qazanmışdır.

Məhkəmə-Hüquq Şurasının təşəbbüsü ilə hazırlanaraq imzalanmış 19 yanvar 2006-cı il tarixli "Azərbaycan Respublikasında məhkəmə sisteminin müasirləşdirilməsi və bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Fərman regionların sürətli inkişafı şəraitində vətəndaşlara göstərilən hüquqi yardımın səviyyəsinin yaxşılaşdırılmasına, onlarda haqlı narazılıq doğuran halların aradan qaldırılmasına, məhkəmələrə ictimai inamın artırılmasına, məhkəmə orqanlarının fəaliyyətində yeni informasiya texnologiyalarının tətbiqinə və hakimlərin sosial vəziyyətinin yaxşılaşdırılmasına xidmət etmişdir.

Yeni dövrün aktual çağırışlarına adekvat şəkildə reallaşdırılan məhkəmə-hüquq islahatları çərçivəsində regionlarda və paytaxtda yeni məhkəmələrin yaradılması ədalət mühakiməsinin səmərəliliyini daha da yüksəltmişdir. Ümumilikdə, Azərbaycan Respublikası Prezidentinin 19 yanvar 2006-cı il, 15 iyul 2010-cu il və 3 aprel 2019-cu il tarixli fərmanları əsasında institusional islahatlar həyata keçirilmiş, məhkəmə orqanlarına əlçatanlığın yaxşılaşdırılması, vətəndaş məmnunluğunun təmini məqsədilə 40-dək yeni məhkəmə yaradılmış, məhkəmə aparatlarının strukturu təkmilləşdirilmişdir.

2006-cı ildə respublika apellyasiya və iqtisad məhkəmələrinin əvəzinə 6 regional apellyasiya, habelə əlavə 3 yerli iqtisad məhkəməsi təşkil edilmişdir. 2010-cu ildə respublika üzrə vahid olan ağır cinayətlər məhkəməsinin əvəzində bölgələrdə yeni regional ağır cinayət məhkəmələri yaradılmış, onların ümumi sayı 5-ə çatdırılmış, habelə hərbi məhkəmə sisteminin fəaliyyəti təkmilləşdirilmişdir. 2011-ci ildə ölkənin 7 bölgəsində dövlət orqanları tərəfindən insan haqlarının pozulmasının qarşısının alınmasında mühüm rol oynayan yeni inzibati məhkəmələrin yaradılması da mühüm addımlar sırasında xüsusi qeyd olunmalıdır.

Azərbaycan Respublikası Prezidentinin 3 aprel 2019-cu il tarixli "Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında" Fərmanı aparılan inqilabi xarakterli islahatların davamı olaraq, məhkəmə hakimiyyətinin daha da möhkəmləndirilməsini və inkişafını təmin etmişdir. Fərman əsasında bir sıra vacib məsələlərlə yanaşı, sahibkarlıq fəaliyyəti ilə bağlı mübahisələrə daha dərin hüquqi bilikləri, təcrübəsi olan hakimlər tərəfindən baxılması məqsədilə yeni regional kommersiya və inzibati məhkəmələrin yaradılması təmin edilmişdir. 2020-ci il yanvarın 1-dən bu məhkəmələrin, habelə Ali Məhkəmənin və apellyasiya instansiyası məhkəmələrinin yeni məhkəmə kollegiyalarının fəaliyyətə başlaması sözügedən fərmanın müstəsna əhəmiyyətini bir daha təsdiq edir.

Məhkəmə-Hüquq Şurasının səmərəli fəaliyyətinin mühüm nəticələri sırasında ötən 18 ildə məhkəmələrdə hakimlərin sayının artırılmasını, eləcə də hakimlərin ən mütərəqqi, demokratik prosedurlar əsasında seçilməsi və təyinatı məsələlərini xüsusi qeyd etmək lazımdır. Hakimlərin Seçki Komitəsi 2005-ci ildən başlayaraq hakimliyə iddialı şəxsləri test üsulu əsasında yazılı və şifahi imtahanlara cəlb etmiş, sonrakı mərhələdə hakimliyə namizədlər üçün tədris kursları təşkil edilmişdir.

Dövlətimizin başçısının müvafiq fərmanları əsasında ötən 20 ildə ölkə üzrə hakim ştatlarının sayı 3 dəfədən çox artırılaraq 800-ə çatdırılmış, hakimlərin müstəqilliyinin gücləndirilməsi aparılan islahatların ana xəttini təşkil etmişdir. Hakimlərin ən yüksək həddədək - müddətsiz təyinatı, onların fəaliyyətinə kənar müdaxilənin qarşısının alınması, məhkəmələrin maliyyə müstəqilliyinin təminatının əlavə mexanizmləri təsbit edilmiş, hakimlərin maaşlarının azaldılması qadağan olunmuşdur. Bu istiqamətdə aparılan islahatlar beynəlxalq miqyasda yüksək dəyərləndirilmiş, Avropa Şurasının Ədalət Mühakiməsinin Səmərəliliyi üzrə Komissiyası (CEPEJ) ölkəmizin hakimlərin seçkisi və təyinatı sahəsindəki təcrübəsini Avropa dövlətlərinə örnək kimi göstərmişdir.

Aparılan islahatlar, eyni zamanda məhkəmə infrastrukturunun müasirləşdirilməsi, yüksək texnoloji - "hi-tech" bina və məhkəmə komplekslərinin inşa olunub istifadəyə verilməsi, "Elektron məhkəmə" informasiya sisteminin geniş tətbiqi məsələlərini özündə ehtiva etmişdir. Regionlarda və Bakıda 20-dən çox yeni məhkəmə komplekslərinin inşası ədalət mühakiməsinin keyfiyyətini əsaslı şəkildə yüksəltmişdir.

Mütərəqqi mahiyyətli islahatlar yaranmasının 100-cü ildönümünü qeyd edən Azərbaycan Respublikasının Ali Məhkəməsinin fəaliyyətini də əhatə etmişdir. "Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında" Fərmanda bir sıra mühüm məsələlərlə yanaşı, məhkəmələrin hüquqi məsələlərin həllinə yanaşmasının sabitliyinin və normativ-hüquqi aktların tətbiqi ilə bağlı hüquqi mövqeyinin proqnozlaşdırılan olmasının təmini məqsədilə Azərbaycan Respublikası Ali Məhkəməsinə vahid məhkəmə təcrübəsini formalaşdırmaq vəzifəsi həvalə edilmişdir.

Ali Məhkəmənin yeni sədri İnam Kərimovun təşəbbüsü ilə bir müddət əvvəl icrasına başlanılmış "Femida Dialoq Platforması" layihəsinin məqsədi isə hüquqşünaslar, hüquq müdafiəçiləri, vətəndaş cəmiyyəti institutları ilə fəal müzakirələrin təşkili, vətəndaşların hüquqi maarifləndirilməsi, məhkəmə-hüquq sahəsində qanunvericiliyin təkmilləşdirilməsi, ortaya çıxan problemlərin həlli və ölkəmizdə bu sahədə aparılan islahatlara ictimai dəstəyin verilməsidir.

Son 10 ildə aparılan islahatlar çərçivəsində, həmçinin, cəza siyasətinin humanistləşdirməsi, bu məqsədlə Ədliyyə Nazirliyinin Probasiya Xidmətinin, habelə mübahisələrin alternativ həlli üsullarından olan Mediasiya İnstitutunun yaradılması təmin edilmişdir. Xüsusi vurğulamaq lazımdır ki, işğaldan azad edilmiş ərazilərdə digər infrastruktur layihələri və inzibati binalarla yanaşı, müasir tələblərə cavab verən ədalət saraylarının - məhkəmə komplekslərinin inşası da nəzərdə tutulur.

Müstəqil Azərbaycan bu gün təkcə mühüm iqtisadi uğurları, Avropanın enerji təhlükəsizliyində artan müstəsna rolu ilə deyil, həm də vətəndaş mənafeyinə xidmət edən məhkəmə-hüquq islahatları ilə dünyanın diqqət mərkəzindədir. Azərbaycan Prezidenti İlham Əliyevin siyasi iradəsi ilə reallaşdırılan, davamlı səciyyə daşıyan bu islahatlar ölkəmizin inkişaf etmiş ölkələr səviyyəsinə yüksəlməsinə, eləcə də insan hüquq və azadlıqlarının məhkəmələrlə müdafiəsi mexanizmlərinin daha da təkmilləşdirilməsinə ciddi təminat yaradır.

Abbas RZAYEV,

Binəqədi Rayon Məhkəməsinin hakimi