Səsvermə hüququm yoxdur, amma "qəlbimin səsi" Ərdoğana!

8 May 2023 15:50 (UTC+04:00)

Bazar günü qardaş Türkiyə xalqı sandıq başına gedəcək.

Bir xalq olaraq Türkiyəni sevincini sevincimiz, dərdini dərdimiz bilərik.

Başqa cür ola da bilməz: kökümüz, gövdəmiz, can atdığımız ucalıqlar eynidir.

Türkiyənin dış siyasəti kimi iç siyasətini də böyük maraqla izləyərik.

Dövlət ənənəsi, tərəqqisi və təcrübəsi ilə model olkədir.

Türkiyədən nələri etməliyik sualına cavab arayarkən çox şey öyrəndiyimiz kimi, nələri etməməli olduğumuz barədə çoxlu dərs alırıq.

Bu günlərdə Türkiyə olduqca çətin bir sual qarşısında qalıb.

"Hara gedirik" sayaq tarixi bir suala "kiminlə gedirik" sorusu da əlavə olunub.

Mən Azərbaycan toplumunun Türkiyənin iç məsələlərinə münasibətdə qütblərə bölünməsini, sanki Qalatasaray, Fənərbaxça, Beşiktaş, Trabzonspor kimi futbol komandalarına azarkeşlik edirmişcəsinə iddialı partiyaların və liderlərin mübahisələrində tərəf olmasını doğru saymıram.

Sultan Mehmet Fatehin nəvələrinin, qurduğu qoca dövlətin torpaqları işğal altında olarkən Mustafa Kamal Atatürk kimi dahi bir lider ortaya çıxaran millət, əlbəttə, öz iradəsini ortaya qoyaraq yolunu və liderini bəlləyəcəkdir.

Bazar günü keçiriləcək səsvermənin qalibi hakim partiya deyil, müxalif CXP-nin başqanı Kamal Qılıncdaroğlu olsa, xalq və dövlət olaraq Türkiyədən küsəcəkmiyik?

Əlbəttə, yox!

Türkiyədə xalqın iradəsinə sayğı duyacaq, dövlət səviyyəsində yeni prezidentə təbriklərimizi çatdıracaq, Bakıya edəcəyi ilk rəsmi səfərinə hazırlıq görəcəyik.

Bunlar dövlətin təbiətindən irəli gələn məsələlərdir.

Fəqət bir də qəlbin səsi, Anadolu türkləri demiş, "gönül oyu" var.

Mənim bir Azərbycan vətəndaşı olaraq qəlbimin səsi Rəcəb Tayyib Ərdoğanadır.

Bəli, Türkiyədə ən yaxın dostlarım CXP -də, CXP liderinin komandasındadırlar.

İYİ partiyanın rəhbərliyində nə qədər yaxşı münasibətim olan savadlı, bacarıqlı, Azərbaycanı sevən insanlar var.

Amma Azərbaycanın maraqlarını göz önündə tutduğumuzda, Azərbaycanın Türkiyənin güclü, istiqrarlı, ötkəm bir dövlət olmasındakı maraqlarını dərindən incələyəndə Ərdoğanın zəfər qazanması üçün dua etməyimiz lazım.

"6-lar masası" kimi dərin ziddiyyətləri palazın altında saxlamış tipik siyasi mühəndislik nümunəsi arxitekturası çökən dünyada Türkiyənin başını yeyər.

Türkiyədə Soros açıqdan-açığa layihələr həyata keçirə, Qərb fondları sivil toplum quruluşları içərisindən ldier ortaya çıxarıb dövlətin başına gətirə bilməz.

Türkiyənin ənənəsi, sistemi, toplumun strukturu buna yol verməz.

Fəqət Türkiyə bir "rəngli inqilab" layihəsi ilə üz-üzədir.

Rəngli inqilablar dünyanın heç bir xalqına rifah gətirmədiyi kimi, Türkiyənin də gücünün sarsılmasına və bölünməsinə səbəb olacaq.

Bizə- Azərbaycana Türkiyənin macəralara sürüklənməsi sərf edir, yoxsa ən çətin tarixi şəraitdə gücümüzə qatdığı güclə zəfərimizdə mənəvi payı olan Ərdoğan kimi təcrübəli, qətiyyətli, bizdən olan bir liderlə yüksəlməsi?

Ərdoğanın Türkiyə xalqı arasında sirf şəxsi planda, bir lider olaraq böyük nüfuzu var.

Ərdoğana Azərbaycanda mərdanəliyi və xidmətləri ilə qazandığı bir sevgi var.

Ərdoğana bütün Türk dünyasında sayğı var, hörmət var, inam var.

Qılıncdaroğlu o adam deyil.

Qılıncdaroğlu bu işin, bu yükün adamı deyil.

Qılıncdaroğlu böyük güclər qarşısında nəinki Azərbaycan da daxil, Türk dünyasının, heç öz ölkəsinin maraqlarını müdafiə etməyə qabil bir fiqur deyil.

Qısacası, Qılıncdaroğlu bizim adam deyil.

Bir millət- iki dövlətin adamı- Ərdoğandır!

Qılıncdaroğlunun arxasında Qərb dairələri varsa, Ərdoğanın da yanında Azərbaycan xalqı var.

Ərdoğan ilk turda seçilə də bilər, seçilməyə də.

Böyük ehtimalla seçki ikinci tura qalacaq.

Fəqət Məhərrən İncə və Sinan Oğan kimi Azərbaycanı sevən siyasətçilərin də dəstəyi Ərdoğan iqtidarını qoruyacaq.

Seçkilərlə etimadını yeniləmiş Ərdoğan çivi çıxmış bu dünyaya bir meydan oxusun ki!..

Taleh ŞAHSUVARLI