Aydın Hüseynov: "Qarabağda görülən bütün işlərin sadəcə bir məqsədi var"

10 May 2023 16:49 (UTC+04:00)

"Yenidənqurma işləri "Böyük Qayıdış" dövlət proqramı çərçivəsində ölkə prezidentinin tapşırığına əsasən çox yüksək səviyyədə həyata keçirilir".

Bunu Aznews.az-a Qarabağda aparılan quruculuq işləri il bağlı açıqlamasında Milli Məclisin deputatı Aydın Hüseynov deyib.

Deputatın sözlərinə görə, görülən işlərin mahiyyəti ilk olaraq ondan ibarətdir ki, hər bir təməlqoyma mərasimində ölkə Prezidenti şəxsən iştirak edir, orada görülən işlərin hamısını nəzarətdə saxlayır:

"Qarabağda görülən bütün işlərin sadəcə bir məqsədi var, o da 30 ilə yaxın müddətdə öz ata-baba yurdlarından uzaq düşən soydaşlarımız ora qayıtmasıdır. Buna görə də ilk növbədə təhlükəsizlik tədbirlərinin həyata keçirilməsi baş tutdu, ərazilərin minalardan təmizlənməsi və digər lazımi tədbirlər həyata keçirildi. İndi isə artıq yaşayış məntəqələrinin, kəndlərin təməli qoyulur. Bu kəndlər yeni bir layihə ilə qurulur. Məsələn, Ağalı kəndində ağıllı kənd layihəsi həyata keçirildi. Həmin kənd çox müasir şəkildə və sürətlə qurulub".

A.Hüseynov qeyd edib ki, işğaldan azad olunmuş torpaqlarımızın yaşanması mümkün vəziyyətə gətirilməsi üçün ən başlıca maneə oradakı minalardır. Ərazilərin minalardan tam təmizləndiyinə əmin olduqdan sonra proses baş tuta bilər:

"Söhbət yalnız bir sahədən getmir, oradakı insanlar mal-qara saxlamalıdır, əkin sahələrində işləməlidir, harasa gəzintiyə çıxmalıdırlar. Yəni yaşayış ətraflarının salındığı yox, orada insanların fəaliyyət göstərməsi ehtimal olunan bütün sahələr nəzərdən keçirilir. Bütün bunlara baxmayaraq işlər son sürətlə aparılır. Bu yay Laçın şəhərinə köç prosesi olacağını özünüz görürsüz. İndi isə digər kəndlərin təməli qoyulur. Yaxın vaxtlarda, 2025-ci ilə qədər oraya köç olacaq".

Rəşid Qarayev,

AzNews.az