"Avtomatın darağını kürəyinə boşaltdılar" - Ağdərədə erməni seperatizmi necə baş qaldırdı?

16 May 2023 20:31 (UTC+04:00)

1980-ci ilin mart ayında Azərbaycan SSR-nin Mardakert rayon partiya komitəsinin II katibi seçildim. 1988-ci ilin fevralına - mitinqlər başlayana qədər, demək olar ki, öz işimin öhdəsindən lazımi qaydada gəlirdim. Keçmiş Mardakertin- Ağdərənin erməni mənşəli əhalisi ürəklərindəki pis niyyətləri gizli saxlasalar da, mənə əsasən hörmətlə yanaşırdılar. 1988-ci ildə, hadisələr başlayandan sonra isə iç üzləri açıldı. Məni görmək belə istəmədilər. Hər vəchlə usandırmağa, işdən bezdirməyə çalışırdılar. Çox alçaq üsullarının şahidi oldum. Onların əməllərinin heç bir millətə yaraşmayan əxlaqsızlıq olduğunu dərk etmək üçün qabiliyyətləri ya yoxdur, ya da fərqində olsalar belə, qəsdən edirlər. Hər gün yuxarı sinif şagirdlərini, əsasən də qızları dərsdən ayırıb, raykomun qabağına gətirirdilər. Qızlara bircə tapşırıq verilmişdi: Axşama qədər xorla qışqırmaq! Şüarları mənə qarşı yönəlmişdi. Mən Mardakerti tərk edənə qədər bu şüarlar hər gün təkrar olundu.

Günlərin birində Azərbaycan KP Mərkəzi Komitəsinin ikinci katibi (o, rus idi) Xankəndinə gəlib, bizi çağırdı və tapşırdı: "Sabah plenum təşkil edin və seperatizmə son qoyulmasını tələb edin". Gecə idi. Elə oradan təşkilat şöbəsinin müdirinə zəng edib, tapşırığı başa saldım. Sabah çox gözlədik, amma iclasa gələn olmadı. Gələnləri zorla mədəniyyət evinə döndərmişdilər. Bütün seperatçı, şovinist qüvvələr ora toplaşmışdılar. Mədəniyyət evində Ermənistana birləşmək iddiası ilə uzun-uzadı çıxışlar etmişdilər. Bundan sonra davamlı mitinqlər təşkil edirdilər. Hər gün raykomun qarşısına toplaşırdılar. Mitinqlərin birində bir erməni qız tribunaya çıxdı və dedi: "Arif Əliyev rayonun ikinci katibidir, tədbir görsün, maşınlarımızı daşlamasınlar". Bir qədər sonra o, yenidən çıxış etdi və bildirdi: "İndi mənə çatdırdılar ki, elə bu işləri təşkil edən Arif Əliyevin oğlu Vasifdir". Görünür, əvvəldən təxribat hazırlamışdılar. Söz onun ağzından çıxar-çıxmaz qəzəbli kütlə mənə hücum çəkdi. Birinci katib E. Vartanyan mənim yox, öz dərdini çəkdiyindən mitinqçiləri bir təhər geri qaytardı.

Mitinqdə çıxış edən qızın təxribatının "səbəb"ini bir müddət sonra öyrəndim. Sən demə, o erməni qız İrəvanda oxuyurmuş. Onu ikinci kursda institutdan xaric ediblərmiş. Onun qarşısında belə bir şərt qoyublar: "Sizdə ikinci katib türkdur. Onun əleyhinə bir iş qursan, səni bərpa edərik".

Bu, yeganə hadisə deyildi. Bir gün işə piyada gedirdim. Yolda yığışan ermənilərdən biri mən eşidə-eşidə beləcə də dedi: "Nə öldürməli momentdir".

Ailəmiz də basqı altında idi. Alış-veriş üçün bizim evdən heç kəs mağazaya gedə bilmirdi. Zəruri ərzaqları sürücü alıb gətirirdi. Onu da ölümlə hədələyir və qəzəblə deyirdilər: “Sən hələ də türkə maşın sürürsən?" Çox vaxt mitinqçilərin ucbatından fasiləyə gedə bilmirdim. Çünki maşının keçəcəyi yolu kəsirdilər. Vartanyana bu haqda danışanda o dedi: "Səhər-səhər doyunca yeyib-içmişəm. Qoy axşama qədər qışqırsınlar".

"Yəqin ki, sənin məqsədin var. Ona görə dözürsən"- dedim.

Bizi qorxutmaq məqsədilə mitinq iştirakçıları tez-tez yaşadığımız binanın
yanından keçirdilər. Gecələr qapının arxasına odun parçaları yığırdıq ki, təhlükə böyüsə, özümüzü az da olsa müdafiə edək.

Vartanyanın masası üstündə bir kağız vardı. Hər dəfə görürdüm ki, eyni yerdədir. Deməyəsən, mənim barədə imiş. Birinci katib risk edib, göstərməyib. Məktubu rayon kommunal təsərrüfat idarəsinin müdiri yazıb və tələb edirmiş ki, qeydiyyatda olmadığım üçün yaşadığım mənzili boşaldım.

Biz Xankəndi şəhərində qeydiyyatda idik.

Birinci katibə dedim: "Mövcud qanunlara görə, seçkili orqana seçilənlər hər hansı rayona getdikdə mənzil və telefonla təmin edilirlər. Bəs o, uzunqulaq bunu bilmir?"

Oğlum Anar birinci sinifdə (rus bölməsi) oxuyurdu. Sinifdəki erməni uşaqları "ay tork, ay tork" - deyə-deyə onu döyməyə başlamışdılar. Erməni tərbiyəsi, erməni xisləti! Əlacsız qalıb, uşağı məktəbdən çıxarmalı oldum. Ancaq azyaşlı uşaqlarıma qarşı təxribatları bitmədi. Yaşadığımız binanın yanında park var idi. Burada tay-tuşları ilə oynayanda Anarı itələyib, hovuza salmışdılar. Yaxşı ki, bir azərbaycanlı buradan keçərkən görüb, uşağı xilas etmişdi.

Balaca oğlum Vüqarın üç yaşı vardı. Həyətdə oynayarkən yaşıdları erməni uşaqları ona "ay tork, ay tork" deyə hücum etmişdilər. Uşaq evə gələndə dedi: "Ata, tork nədir? Belə deyib, məni döydülər". Bir daha uşağı həyətə buraxmadıq.

Mənim telefonum birbaşa idi. Bir gün zəng çalınanda dəstəyi götürdüm. Telefonçu qız dedi: "Hinger Akopyan padasxani", yəni, "yoldaş Akopyan, cavab ver".

Akopyan bu ikinci telefonu, sən demə, masanın altında, məndən gizli saxlayırmış.

Akopyan raykom katibi idi. Mənim telefonumu paralel edibmiş ki, kiminlə nə danışdığımı öyrənsinlər. Çox vaxt mənə hücum etməsinlər deyə Akopyanın kabinetinə keçirdim. Bir dəfə qayıdanda katibə qız dedi: "Qadınlar qəbulunuza gəlmişdilər. Yerinizdə olmadınız, geri qayıtdılar”.

Hər şey aydın idi - məni şərləmək üçün bu iyrənc üsuldan istifadə etməyi belə düşünmüşdülər.

Mənə gələn məktubları açıb, oxuyur, gah təqdim edir, gah da heç vermirdilər. Rabitə şöbəsində bütün danışığımı kasetə yazırdılar. Bunları bilirdim.

Bir gün E.Vartanyanla azərbaycanlılar yaşayan kəndlərə getdik. Əhali bilirdi ki, Birinci katib mitinqçilərlə bir yoldadır. Kəndlərdə onun cəmdəyinə camaat nə qədər döşəsə də, "belə etməyin" demədim. Qayıdanda Vartanyan dedi: "Mən səni xilas etdim, amma sən məni müdafiə etmədin". Sakitcə "səbəbi var" - dedim. Bir söz deməsə də, nəyi nəzərdə tutduğumu özü başa düşdü.

Mitinqçilər "partiya, hökumət nümayəndələri xalqdan ayrı düşüblər" deyə qışqırırdılar. Bu, işi rayon rəhbərliyindəki ermənilər özləri qurmuşdu ki, mitinqlərə, seperatizmə dəstək verdiklərindən diqqət yayındırsınlar. Hadisələrin təşkilatçılarından biri, qatı millətçi, keçmiş DQMV-də yüksək vəzifə tutmuş Poqosyan tez-tez raykoma gəlirdi. Millətçilər, seperatçılar onu, necə deyərlər, əlləri üstündə gəzdirirdilər. Mənə isə acıq vermək üçün iş "yoldaşlarım" deyirdilər: "Dur bax, gözəl mənzərədir".

Ermənistandan gələn terrorçular belə halları görmək istəməyən, yaxud azərbaycanlılara xoş yanaşan, isti münasibət saxlayan adamları hədələyir, öldürür, müxtəlif təzyiqlərlə çəkindirirdilər. Məsələn, Ayaz Mütəllibovla görüşə 6 erməni getmişdi. Onlardan biri də o vaxtkı DQMV Partiya Komitəsinin təşkilat şöbəsinin müdiri işləmiş Valerik Qriroryan olmuşdu. Görüşdən qayıdan kimi küçədə onun bədəninə avtomatın bütün darağını boşaltmışdılar.

İlk dövrlərdə Ermənistana birləşmək məqsədilə hər yerdə siyahı tərtib etmişdilər. Bu siyahını keçmiş Martuni rayonu Çartaz kənd kolxozunun məşhur sədri, Sosialist Əməyi Qəhrəmanı, SSRİ və Respublika Ali Sovetlərinin deputatı olmuş S. Adamyana təqdim edəndə o, adının qabağında rusca “istəmirəm" yazmışdı. Az keçməmiş S. Adamyanı evində öldürdülər, arvadını isə ağır yaraladılar. Xankəndi şəhər 3 saylı orta məktəbin direktoru da oxşar şəkildə etiraz etmişdi. Onun sonrakı taleyindən xəbərim olmadı.

Ağdərədə "geologiya idarəsi" vardı, müdiri azərbaycanlı Səfər idi. "Voski" deyilən bir erməni qadını idarədə xadimə işləyirdi. Xadimə arabir Səfərlə telefonla danışırmış. Deyilənə görə, onu Səfərlə danışdığı üçün öldürmüşdülər. Şuşa rayonunun Qaladərəsi kənd kolxozunun sədri Sarkisyan terrorçuların göstərişlərinə əməl etmədiyindən onun oğlunu üç gün meşədə saxlamışdılar: "Ya bizimlə ol, ya da oğlunu görməyəcəksən".

Belə faktlar çox idi.

Seperatçıların, millətçilərin başında duranlar Xankəndidə vəzifə tutanlar idi- Poqosyan, Manuçarov, Dadamyan və s. Onlar əvvəlcə vəzifəli şəxsləri, sonra isə əhalini yoldan çıxarırdılar. Göstəriş və təlimatlar Yerevandan gəlirdi.

Dəqiq tarixini unutmuşam. Vilayət Partiya Komitəsinin plenumunda kadr məsələlərinə baxılacaqdı. O dövrdə mitinqçilər Geverkovun istefasını tələb edirdilər. Çünki o, büroda demişdi ki, "Stepanakerti məzarlığa çevirəcəklər, əl çəkin". Poqosyan dərhal bu sözü mitinq iştirakçılarına çatdırmışdı. Büroda elə Poqosyanın namizədliyi irəli sürülmüşdü. İclasda Kamran Bağırov da iştirak edirdi. O dedi: "Fasilədə Mixayıl Sergeyeviç Qorbaçov yoldaş zəng edib, namizədliyi irəli sürüldüyü üçün Poğosyanı təbrik etdi".

Gedişat aydın idi. Genrix Poqosyan Vilayət Partiya Komitəsinə seçildi. O, elan etdi ki, komitə üzvlərindən başqa hamı gedə bilər. Poqosyan seçiləndən sonra K. Bağırov gözləməyib getmişdi. Mən partiya komitəsinə namizəd olduğumdan, otaqdan çıxmalı olmuşdum. Yəqin ki, yeni birinci katib öz dilində deyib ki, möhkəm olun, qələbə bizimdir.

Plenumda Komitə üzvü seçilmiş, az sayda olsa da azərbaycanlılar var idi. B. Geverkov çıxanda acıqlı-acıqlı dedi: "Mən neçə il vilayətdə birinci katib işlədim, bir şöbə müdiri də mənə zəng etmədi. İndi Genrixi Qorbaçov təbrik edir".

Deməyə lüzum yoxdur ki, Sov.İKP-nin Baş katibi təbrik zəngini erməni köməkçilərinin məsləhəti ilə etmişdi.

Mən tez-tez azərbaycanlılar yaşayan kəndlərə gedir, əhalinin problemlərini öyrənir, vəziyyətləri ilə maraqlanırdım. Buna da mane olmağa çalışdılar və Azərbaycan dilini bilən bir ermənini mənə qoşdular.

Rayonda azərbaycanlılar yaşayan 12 kəndlə əlaqə kəsilmişdi. Bir növ blokadada idilər. Əsas yollarda erməni postları qurulduğu üçün kəndlərə dağ yolları ilə gedib-gəlirdim. Bir gün işə gedəndə gördüm ki, ikinci mərtəbədə Telman Orucov gəzişir. Görüşdük. Dedi ki, keçək kabinetinə. Bildirdim ki, kabinetim təhlükəlidir, keçək birinci katibin otağına. Bu vədə adətləri üzrə məktəblilər əleyhimə xorla qışqırdılar. Əsəbimdən rəngim qızardı. T. Orucov rəngimin qızarmasını başqa cür anlayıb, "qorxmayın" dedi. Cavab verdim ki, qorxmuram, amma uşaqları dərsdən ayırıb, pis yola çəkirlər, bu iyrənc üsula əsəbləşirəm. Bir azdan biləndə ki, Orucov da buradadır, onun da əlayhinə şüarlar səsləndirdilər.

Bu zaman qapı açıldı, qəbul otağı ermənilərlə doldu. Orucovun rəngi qaçdı. Dedim: "Telman müəllim, çəkinməyin, hələ adamı çox incitmirlər".

Birinci katib Dövlət Təhlükəsizlik Komitəsinin yerli şöbəsinin sədri ilə gəldi. O vaxt Mərkəzi Komitə işçilərinin sözü az da olsa eşidilirdi. T. Orucov sədrə dedi: "Sən nə şlyapasan ki, bu hadisələr baş verir?"

DTK-nın sədri çıxanda mənə dedi: "Orucov məni təhqir etdi, akt yazırıq, sən də qol çək". Dedim: "Maraqlı adamsan, MK katibindən yazılan akta qol çəkim?”

Azərbaycanlılarla yaxın olan sovxoz direktorları - SSRI Ali Sovetinin deputatı, Sosialist Əməyi qəhrəmanı S. Mamuns və Q. Balayan hadisələrin əleyhinə idilər. Amma onları elə sıxışdırdılar ki, məndən üz döndərməli oldular. Q. Balayanın maşınında plenuma getdiyimə görə onu çox incitdilər.

Bir az da Arkadi Volskidən danışım. Məşhur Volski! Ermənidən betər erməni! Azərbaycan rəhbərlərinin yazılı razılığı ilə M. Qorbaçov hakimiyyəti Dağlıq Qarabağ üzrə Xüsusi İdarəetmə Komitəsi yaratmışdı. Komitəyə A. Volski sədr təyin edilmişdi. Volski o vaxtki Dağlıq Qarabağla Azərbaycanın əlaqəsini kəsdi. Azərbaycanın qanunları burada işləmədi, hər sahədə özbaşınalıq yarandı. Yuxarı Qarabağa gələnə qədər A. Volski Sov. İKP MK- nın şöbə müdiri işləyirdi.
M. Qorbaçov onu yaxşı tanıyır və niyyətini bilirdi. Təsadüfi deyildi ki, Azərbaycana təzyiq etmək üçün məhz Volski göndərilmişdi. Azərbaycanın qatı düşməni Zori Balayan öz kitabını Volskiyə təqdim edəndə yazmışdı: "Əziz qarabağlım Arkadi Volskiyə məndən xatirə"

Əvvəllər Azərbaycan vətəndaşı olan (o, keçmiş Martunidən idi) Zori Balayan Yerevana getdikdən sonra bizim əleyhimizə qələmini işə saldı. Hələ 50 il qabaq o, " Pravda" qəzetində cəmi bir abzas söz yazmışdı (Yəqin ki, Moskvada yaşayan ermənilərin vasitəsi ilə). Bu yazı həqiqətdən çox uzaq idi, böhtan idi. Belə idi: "Qədim erməni torpağı olan Bərdənin üstündən keçəndə mənim hansı hissə qapıldığımı bilərsiniz". Bu yazını təkzib edən olmuşdumu, ya yox. Bilmədim. Azərbaycanlı uşağı diri-diri divara mismarlayanda "həkim", "Literaturnaya Qazeta"nın müxbiri Z. Balayan bundan həzz alırdı. Deyirdi ki, həkim olsam da, türk uşağının ölümünə, əzabına yanmıram. Yazılarında belə vəhşiliklərini fəxrlə vurğulayırdı. Zori hayatı boyu Azərbaycanın əleyhinə çalışır, bizim xalqa böhtanlar yağdırırdı. Tez-tez Xankəndinə gəlirdi. İlk dövrlərdə B. Gevorkov onunla təmasda olan vəzifəli adamları işdən qovurdu. A.Volski hakimiyyətə gələndən sonra Ağdərəyə gəlib, müşavirə keçirdi. Mənim solumda rus generalı, onun yanında isə Volski oturmuşdu. General mənə dedi: "Çoxları ermənicə danışırlar. Barı sən tərcümə et" .Dedim: "Volskidən soruşun". Bilirdim ki, azərbaycanlı olduğum üçün icazə verməyəcək, doğrudan da "olmaz" dedi.

Şairə Silva Kapitukyan və Zori Balayan erməni köməkçilərinin vasitəsi ilə M.Qorbaçovun qəbulunda olmuşdular. Z. Balayanın Qorbaçova nə dediyini bilmirəm. Yəqin ki, Azərbaycanın əleyhinə ağzına gələni danışıb. Şairə Silvanın hərəkəti isə ermənilər arasında geniş yayılmışdı. O, Qorbaçovun ayaqlarına yıxılmış və balağından öpərək yalvarmışdı: "Qarabağı bizə verin".

Yanılmıramsa, bir qrup erməni millətçisinin təkidi ilə 1985-ci ildə Birinci katib işləyən Vahan Qaprilyanı işdən çıxarmışdılar. Üç il keçdikdən sonra o, Sov. İKP Mərkəzi Komitəsinin 19-cu konfransına işdən haqsız azad edilməsinə görə müraciət etmişdi. A.Volski əlacsız qalıb, ərizənin rayon partiya Komitəsinin plenumunda müzakirə edilməsini lazım bilmişdi. Amma ağır şərt qoymuşdu. İki saata büronun qərarı çatmalı idi. Saat 16 idi. Volski zənn edirdi ki, bu mümkün olmayacaq. Bu haqda E.Vartanyanla danışığımız oldu. Dedim ki, mənə zəng edib, tapşırdılar ki, bu məqsədlə büro keçirək və qərarı göndərək. Birinci katibin cavabı qısa oldu: " Men büro-zad keçirmirəm, keçirirsənsə, özün keçir". Dedim: "Bu sözü gözləyirdim". Büro üzvlərinin bircə nəfəri yox idi. Qalanları burada idilər. Vaxt isə dar idi. Hamısından soruşdum: "Vahan Qaprilyanın gəlməsini istəyirsizmi?” Hamısı "bəli" dedi. "Onda çıxışlarınızı yazın, protokola salsınlar"- dedim. Ümumi şöbə müdirinə tapşırdım ki, tez qərarı hazırla. Qərar hazır oldu və təcili göndərdim. Sabahı günü plenum keçirdim. V. Qaprilyan əvvəlcə kooptasiya yolu ilə raykom üzvü, sonra isə Birinci katib seçildi. 65 nəfərdən cəmi 6 nəfər əleyhinə səs vermişdi. Bilirdik ki, onlar kimlərdir.

Üç gün sonra V. Qaprilyan 400-dən çox adamın iştirakı ilə geniş müşavirə keçirdi və ətraflı məruzə etdi. Məruzəni belə yekunlaşdırdı: "Azərbaycanla Ermənistan qonşudurlar, bu qonşuluqdan qaçmaq qeyri-mümkündür. Bircə qalır nə? Dinc-yanaşı yaşamaq, bir-birinə hörmətlə yanaşmaq".

V. Qaprilyan kimin hansı yuvanın quşu olduğunu yaxşı bilirdi. Onların hamısına söz verdi. İstəməyənlər də, əlacsız qalıb, katib dediyi səpkidə danışmalı oldular.

Bir gün V.Qaprilyan mənə dedi: "Ə.Vəzirovla hansı rayonda desə, gecə görüşüb, başınıza nələr gələcəyini deməliyəm. Qoy hadisələrin necə olacağından xəbərdar olsun. Belə bir adam taparsanmi"? Dedim ki, İmam Mustafayev hər vaxt Ə.Vəzirovu görə bilər. İ.Mustafayevin Leninavan qəsəbəsində yaratdığı Qarabağ Elmi-Tədqiqat bazasının direktoru A. Şeyxzamovun yanına getdim. Dedim: "Ya Şeyx, təcili Bakıya get ve vəziyyəti İ.Mustafayevə danış. Mustafayev dərhal deyilənləri etmişdi. Vəzirov isə Volskiyə zəng edib, demişdi: "Vahan mənimlə görüşmək istəyir. Ona deyin ki, axşam Moskvaya gedəcəyəm, gündüz gəlsin". Onlar Komsomolda (Moskvada) birgə işləmişdilər. Bəlkə, buna görə Vəzirov Volskiyə inanırdı.

Vahan Xankəndidən qayıdandan sonra məni yanına çağırdı. Vəziyyəti yaxşı deyildi. O dedi: "Müşavirə qurtaranda Volski elan etdi ki, hamı gedə bilər, Vahan qalsın. O, hirsli-hirsli gözümün içinə baxaraq, "Vahan, sənin Vəzirovla nə işin var"? - soruşdu. Ele bil belə deməyimə kömək oldu Allah. Dedim ki, Arkadi İvanoviç, Sərsəng su anbarı bizim ərazidədir, idarəetmə isə Tər-tər şəhərində. Xahiş edəcəkdim ki, məsələni bizim xeyrimizə həll etsin. Volskinin rəngi açıldı, gülümsədi, ciddiyyəti azaldı və dedi: "Hə, Vahan, sən ağıllı adamsan. Get işinlə məşğul ol. Bax, beləcə xilas oldum".

Bir məsələni də qeyd etmək istərdim. Vilayət Partiya Komitəsinin birinci katibi G. Poqosyan Leninavandakı Elmi-Tədqiqat Bazasını məhv etməyə çalışırdı. Burada təkcə 22 min taxıl növü saxlanırdı. Bu məqsədlə o, Vahana zeng edib, burada südçülük sovxozu yaratmaq üçün razılıq məktubu göndərməsini tələb etmişdi. G. Poqosyan ikinci dəfə bu barədə ona zəng edəndə Vahan demişdi ki, "yadımdan çıxıb". Həmin gün V. Qaprilyan mənə dedi: "Belə bir məktub göndərməyəcəyəm. Mən Vahan olum, o da Genrix, üçüncü dəfə mənə zəng etməz". Belə də oldu.

Bir gün V. Qaprilyanın qudası, polis işçisi yanıma gəldi. O, dəhşətli hal haqqında etirafla gəlmişdi: "Nəvəm 6-ci sinifdə oxuyur. Dedi ki, gedo (baba ) mənə bir tapança al". Dedim ki, bala, tapançanı nə edirsən? Nəvəm dedi: "Bizim ikinci katib türkdür, onu öldürəcəyəm".

Raykom katibi S. Akopyan mənim yanımda siqaret çəkmirdi ki, olmaz, ayıbdır. Amma daldaya düşəndə əleyhimə təbliğatla məşğul olurdu. 1989-cu ilin mayının əvvəlində ailəmin burada yaşamağı mümkün olmadığı üçün onları Fizuli şəhərinə - qardaşlarının yanına göndərdim. Bu halı da bəzədilər: "Azərbaycan hücum edəcək, ona görə belə edib" - dedilər. Mən bütün çətinliklərə dözüb, Ağdərədə qaldım. Artıq mayın axırı idi. Əsəblərim tarıma çəkilmişdi. Birinci katibə dedim: "Məzuniyyətə getmək istəyirəm". O, qəmgin halda cavab verdi: "Arif, sənə demək istəmirdim, dünən Stepanakertdə maşınımı aşırmaq istədilər. Onlar mənə çox qəzəblə dedilər: "Hələ də sənin yanında türk ikinci katib işləyir? Deməli sən özünü ermənilərin əleyhinə hesab edirsən?"

Daha sonra "məzuniyyətə çıx, ara sakitləşəndə qayıdarsan" - dedi Vahan.

Məzuniyyət qurtaranda işə dönməyi qərara aldım, lakin rus postlarında "təhlükəlidir" deyib, buraxmadılar.

Respublika rəhbərliyi Manikli kəndində dayaq məntəqəsi yaratdı, məni isə sədr təyin etdilər. Sonra Sırxavənd kəndində (cəbhə bölgəsi) məskunlaşdım. Məni ərazi üzrə Birinci katib və İcraiyyə Komitəsinin sədri seçdilər. Müdafiə Şurasının sədrliyini də mənə tapşırmışdılar. Kəndlərimizin, oradakı əhalinin qayğıları ilə dərindən məşğul olmağa başladıq. Amma sən saydığını say... Bir müddət sonra bütün yaşayış məkanları işğal edildi. Lakin bir ara Ağdərə azad edilmişdi. Burada rayon İcra hakimiyyəti də yaradılmışdı. O vaxt tez-tez Ağdərəyə gedirdim. Bilirdim ki, əmək kitabçaları dəmir şkafda saxlanır. Çətinliklə şkafı açdıq. Ermənilərin kitabçalarının hamısı burada idi. Təkcə mənimki yox idi. Seyfimi de tapmadım. Bəzi sənədlərim onun içində idi. Qisasa baxın, rayon rəhbərliyində çalışan azərbaycanlının izini də itirməyə çalışmışdılar. Sonradan çəkişmə və xəyanət ucbatından Ağdərə rayonunu ermənilər yenidən zəbt etdilər.

Yaxşı yadımdadır, 4 mərtəbəli təzə binada bütün kabinetlərin pəncərəsinə pərdə asmışdılar, bircə mənimkindən başqa. Deyilənə görə Ağdərədən ermənilər çıxanda, terrorçular V. Qaprilyanı öldürmüşdülər.

Mitinqləri təşkil edən seperatçılar, şovinistlər qorxu içində idilər. Düşünürdülər ki, bu gün olmasa da, sabah tədbir görüləcək. Amma belə olmadı. Qorbaçovun aşkarlıq, demokratiya və s. göstərişləri yerinə yetirildi. Çox adamı zorla meydana tökürdülər. Bir şeyin şahidi oldum. Mitinqdəkilər sessiya tələbi ilə qışqırırdılar. Bir neçə qadın isə pensiya-pensiya deyirdi. (Heç bilmirdilər nəyə gəliblər. Bu dediklərim 1988-ci ilin fevralında olmuşdu).

Xülasə, Heydər Əliyev keçmiş SSRİ-də, yaxud Azərbaycanda hakimiyyətdə
olsaydı, ermənilərin seperatçı hərəkətlərinə qətiyyən imkan verməzdi. Ermənistan, onun havadarları, lobbisi, lap Qorbaçov özü də istəsə, hadisələri təşkil edə bilməzdilər. Bu, hamımıza aydındır. H.Əliyevin vəzifədə olmadığı zamanlarda Yerevanın daşnakları yuxarı Qarabağa ayaq açdılar. Azərbaycanın əleyhinə təbliğat maşınını işə saldılar.

Ulu öndərin layiqli davamçısı, onun kursunu əzmlə yerinə yetirən, ölkəni dünyavi dövlətə çevirən və Azərbaycanı söz sahibi edən möhtərəm Prezidentimiz İlham Əliyev iqtisadi-siyasi məsələlərdə öz bilik-bacarığını əsirgəmir, hərtərəfli fəaliyyətində nümunələr göstərir.

Bizə aydındır ki, ermənilər havadarların vasitəsilə 200 ildən artıq bir dövrdə zəbt etdikləri bizim torpaqların bir metrini də qaytarmamışlar. Nəhayət, İlham Əliyev, Ali Baş Komandan kimi Dəmir yumruğunu işə saldı, müzəffər ordu və xalqla birgə Qarabağ, həmçinin, Şərqi Zəngəzur torpaqlarını azad etdi. İndi isə bu yerlərdə geniş bərpa - quruculuq işləri gedir. Bu yerləri əziz Prezdentimiz çiçəkləndirəcək, dirçəldəcəkdir. Bir qrup vartanyanlar, onun kimi millətçilər isə qaçmağa məhkumdurlar.

Arif ƏLİYEV