Bu gün Azərbaycan Premyer Liqasında XXXIV tura yekun vurulacaq

17 May 2023 09:11 (UTC+04:00)

Bu gün Azərbaycan Premyer Liqasında XXXIV tura yekun vurulacaq.

Təxirə salınmış oyunda "Sabah" Sumqayıtda eyniadlı komandanın qonağı olacaq. Hazırda paytaxt klubu 77 xalla 2-ci, "gənclik şəhəri" təmsilçisi isə 28 xalla 8-ci pillədə qərarlaşıb.

İki komanda bunadək ölkə çempionatında 18 dəfə üz-üzə gəlib. Bunların 6-da "Sumqayıt", 9-da "Sabah" qələbə qazanıb. 3 qarşılaşmada qalib müəyyənləşməyib. Topların nisbəti də bakılıların xeyrinədir - 33:19.

"Sumqayıt" son 6 oyunda qələbə qazanmayıb. "Sabah" ardıcıl üç dəfə böyük hesabla qalib gəlib.

Qeyd edək ki, bu görüş "Sabah"ın Türkiyənin "Beşiktaş" komandası ilə keçirdiyi xeyriyyə matçına (3:3) görə təxirə salınıb.

Azərbaycan Premyer Liqası
XXXIV tur
17 may

19:30. "Sumqayıt" - "Sabah"
Hakimlər: Cavid Cəlilov, Rahil Ramazanov, Kamran Bayramov, Rauf Allahverdiyev
Hakim-inspektor: Ramil Diniyev
AFFA nümayəndəsi: Erkin Hüseynov
"Kapital Bank Arena".

Xatırladaq ki, turun əvvəlki oyunlarında "Zirə" evdə "Kəpəz"lə, "Neftçi" "Şamaxı" ilə 1:1 hesablı sülhə razılaşıb, "Turan Tovuz" Qəbələdə eyniadlı komandanı 2:1, "Qarabağ" isə səfərdə "Səbail"i 3:0 hesabı ilə məğlub edib.