"Seçkilərdə türk xalqı öz iradəsini ortaya qoymalıdır" -Fərid Mənsimov

17 May 2023 11:25 (UTC+04:00)

Türkiyədə keçirilən seçkilərin ikinci tura getməsi və Rəcəb Tayyib Ərdoğanın birinci turda lazım olan nəticəni ala bilməməsi qardaş ölkənin vətəndaşı olaraq məni çox narahat edir.

Aznews.az xəbər verir ki, bu fikirləri AVP Biləsuvar rayon təşkilat sədri Fərid Mənsimov səsləndirib

Bu narahatlığın səbəbi Rəcəb Tayyib Ərdoğanın birinci turda lazımi nəticəni ala bilməməsi deyil, Türkiyə Cümhuriyyətini parçalanmağa, gücdən salmağa, terror təşkilatlarının yuvası etməyə çalışan və türk xalqları ilə münasibətlərini sıfıra endirməyi qarşısına məqsəd olaraq qoyan bir şəxslə mübarizəsinin qalibiyyətlə nəticələnməməsi narahat edir. Sözsüzdür ki, Rəcəb Tayyib Ərdoğan ikinci turda xalqın səsi ilə qalib gələcək və 2028 ci ilə qədər Türkiyə Cümhuriyyətini dünyada lider dövlət kimi önə çəkəcəkdir. Əgər Rəcəb Tayyib Ərdoğanın arzu etdiyimiz kimi hakimiyyətdə qalması baş verərsə Avropa ölkələrinin bundan sonra Türkiyə Cümhuriyyəti ilə hesablaşmalı olduqlarını və Türkiyə Cümhuriyyətinin əsas güc olduğunun şahidi olacağıq.

Amma türk xalqının arzu edilən bu dəyişikliklərə səsvermə yolu nail olmaq istəməməsi doğru addım deyildir. Xarici ölkələrdən mənfur qonşumuzu dəstəkləyən güclərdən gələn tapşırıqlarla Türkiyə Cümhuriyyətini odun alovun içinə sürükləyən bir şəxsin faiz nisbəti ilə Rəcəb Tayyib Ərdoğana bu qədər yaxın səs toplaması yolverilməzdir.

Türk xalqı bilməlidir ki, onların demokratik bir cəmiyyətdə yaşaması, vətəndaş olaraq firavan həyat sürmələrinin yolu Rəcəb Tayyib Ərdoğanın ölkənin başında olmasından keçir.
Xarici ölkələrdə yaşayan türk vətəndaşlarının səslərinin sayılmasından sonra Rəcəb Tayyib Ərdoğanın səs faizlərinin aşağı düşməsi xarici ölkələrdə yaşayan türk vətəndaşlarının Rəcəb Tayyib Ərdoğanı daha az dəstəkləməsinin bariz nümunəsidir. Amma onlar bilməlidirlər ki, bu gün Avropa ölkələrində başı dik və müəyyən mövqedə olmalarının səbəbi onların ölkəsinin etibarlı əllərdə olmasından irəli gəlir ki, bu da Rəcəb Tayyib Ərdoğanın sayəsində mümkün olmuşdur. Dünyanın beynəlxalq tribunalarından müsəlman ölkələrinin müdafiəsinə qalxan, terrorun istənilən formasına qarşı kəskin şəkildə mübarizə aparan yalnız Rəcəb Tayyib Ərdoğan olmuşdur. Qərbin bir sıra dövlətlərini Türkiyə Cümhuriyyətinin daxili işlərinə qarışmamağa, həmçinin Azərbaycan Respublikasının müdafiəsinə qalxan və 44 günlük vətən müharibəsi zamanı beynəlxalq tribunalardan bizi müdafiə edən liderdir. Qarabağda maraqlı olan Fransa, Rusiya kimi dövlətlərin bizim daxili işimizə qarışmalarına kəskin etiraz edən və həmin güclərə mane olan bir liderdir.
Rəcəb Tayyib Ərdoğan rəqibi olan Kamal Kılıçdaroğlu ilə həm insani keyfiyyətlər baxımından həmçinin siyasi bir lider olaraq müqayisə edilməyəcək bir şəxsiyyətdir.
Kəmal Kılıçdaroğlu bildiyimiz kimi qərbdən aldığı dəstək nəticəsində türk xalqına vədlər verir. Hansı ki, o vədlərin həyata keçirilməsi mümkün olmayan vədlərdir. 300 milyard dollarlıq bir vəsaitin narko baronlardan alınıb Türkiyə Cümhuriyyətinə gətirəcəyini etiraf edən bir şəxsin Türkiyə Cümhuriyyətinin başında olması və müsəlman bir dövlətin idarəçiliyini həyata keçirməsi böyük problemlərə yol açacaqdır. Seçki öncəsində Kamal Kılıçdaroğlunun Azərbaycana qarşı mənfi təsir bağışlayan çıxışları təbii ki, Ermənistan dövlətini dəstəkləyən dövlətlərin tələbi ilə edilən çıxışlardır. Belə olduğu halda qardaş ölkə ilə münasibətlərimizə soyuqluq gətirməyə çalışan bir şəxsin hakimiyyətə gəlməsi ürəkaçan deyil. Ərazi bütövlüyümüzə qarşı təhdid doğuran dövlətlərlə və erməni lobbisi ilə münasibətinin yaxşı olduğu bir şəxsin müttəfiq ölkənin başında olması bizə heç bir halda yaxşı təsir bağışlamır.

Ona görə də düşünürəm ki, türk xalqı öz iradəsini ortaya qoymalıdır. Narko tacirlərlə pul alış-verişi edən, müsəlman dövlətlərinə qarşı laqeyd münasibət sərgiləyən və qardaş Azərbaycan xalqına qarşı xoş təəssürat bağışlamayan çıxışlar edən, savadsız bir şəxsin hakimiyyətə gəlməsinə imkan verməməlidir.
Türk xalqı sonuna qədər Rəcəb Tayyib Ərdoğanı dəstəkləməli və Kamal Kılıçdaroğlunun iyrənc siyasətini həyata keçirməsinə mane olmalıdırlar. Terror təşkilatının, erməni lobbisinin dəstəyi ilə hakimiyyətə gəlmək istəyən Kamal Kılıçdaroğlunun heç bir uğur əldə etməməsi üçün səy göstərməlidirlər. Türk xalqına saxta vədlər verən, türk xalqının parçalanmasına yönəlik siyasət aparan Kamal Kılıçdaroğlunun hakimiyyətə gəlməsi yolverilməzdir və bu qardaş ölkə olaraq bizə də heç bir halda yaxşı təsir bağışlamayacaq.

Fərid Mənsimov
AVP Biləsuvar rayon təşkilat sədri