SİNAN OĞAN - Türkiyə siyasətində parlayan yeni ulduz!

17 May 2023 14:32 (UTC+04:00)

Demokratik toplumlarda qutuya küsmək, səsvermənin nəticələrinə sitəm etmək sağlam düşüncə deyil. Bəlkə seçki kampaniyası dövründə vəcdə gətirilmiş sıradan seçici, yaxud eyforiyaya dalmış ictimai rəy yaradıcısı affekt vəziyyətində xalqın iradəsini qəbul etməyə emosional baxımdan çətinlik çəkə bilər. Amma peşəkar siyasət adamları əsla belə bir ovqata düşməz, sandığın verdiyi mesajları təhlil edib ya siyasətdən, məqamından çəkilər, ya da növbəti seçkilərə hazırlıq görərlər. Bütün hallarda, seçki bir savaş deyil, yarışdır. Uduzan da olacaq, udan da. Seçkilərdə uduzanların borcu udanların əlini sıxmaq, uğurlar arzulamaqdır.

14 may Türkiyədə keçirilən seçkilərin qalibi prezident Rəcəb Tayyib Ərdoğandır. Ərdoğan 6 partiyanın ortaq namizədinin, CXP kimi oturuşmuş siyasi təşkilatın başqanının, iri şəhər bələdiyyə sədrlərnin, üstəlik kürdlərin YSP-də cəmləşən hissəsinin birgə müqavimətinə rəğmən səsvermədə Türkiyənin ən nüfuzlu siyasi lideri olduğunu açıq fərqlə ortaya qoydu. Seçkilər ikinci tura qalsa da, 28 mayın müxalifət lideri Kamal Qılıncdaroğlunun məğlubiyyətinin, Rəcəb Tayyib Ərdoğanın zəfərinin təsdiqlənəcəyi gün olacağına artıq kimsə şübhə etmir. Ərdoğan kimi təcrübəli və məharətli bir lider aşağı yuxarı 2,5 milyon səslə öndə olduğu bir seçkini 2-ci turda rəqibinə qapdırmaz. Məsələ bu qədər konkretdir.

İstər 14 mayın həyəcanlı gecəsi boyu, istərsə də səsvermədən sonrakı günlərdə Türkiyədə Ərdoğan və Qılıncdaroğlu qədər adından söz etdirən daha bir namizəd oldu- Sinan Oğan. O, Türkiyənin əksər, xüsusilə CXP -nin adayını qabardan, Qılıncdaroğlunun 50 %- in üzərində səs alacağını iddia edən sosioloji araşdırma şirkətlərinin təxminlərini heçə çıxararaq 2.831.208 (5,17 %) səs aldı. Bu səslərin toplamı "türk millətçilərini seçkinin kilidi halına gətirəcəyik" vədi ilə marofona qatılmış Sinan Oğanın həm strateji, həm də taktiki baxımdan məqsədinə nail olduğunu açıq göstərir. Bəli, Kamal Qılıncdaroğludan, kaset şantajına məruz qalıb kampaniyadan çəkilən Məhərrəm İncədən fərqli olaraq, Oğan bacardı. Oğanın bu nailiyyəti ilk növbədə ona görə əhəmiyyətlidir ki, Ərdoğan son prezidentlik dövrünü yaşayır, MHP lideri Dövlət Baxçalı TBMM-in ilk iclasını ən yaşlı parlamentari olaraq idarə edəcək, 74 yaşlı Kamal Qılıncdaroğlu isə siyasi karyerasını məğlubiyyətə vərdiş etmiş bir fiqur olaraq başa vuracaq. Belə bir ortamda Türkiyə siyasətinin dinamikası yeni isimlər ortaya çıxarır: CXP-də Əkrəm İmamoğlu, Tuncay Özkan, Özgür Özel önə çıxır, mühafizəkar kəsimdə "Milli görüş" cərəyanının əfsanəvi lideri Nəcməddin Ərbakanın oğlu Fatih Ərbəkan populyarlaşmağa başlayır, türk millətçilərinin ümid yeri isə Sinan Oğan olur. Bəli, Türkiyə seçicisinin verdiyi bonusu düzgün dəyərləndirə bilərsə, Sinan Oğanı uzun on illər boyu siyasi arenada millətçi kəsimin parlaq lideri kimi görəcəyik.

Sinan Oğanı yaxından tanıyıram. Bakıya gələndə mümkün olduqca görüşər, hal-əhval tutar, müzakirələr apararıq. İti zəkası, yaxşı savadı, yüksək ünsiyyət və inandırma qabiliyyəti var. Xarizmatik bir adamdır. Türkiyənin dövlət gələnəklərinə bağlı və Azərbaycanı sevən insandır. Əslən azərbaycanlıdır, İğdırda doğulub. Ardıcıl, sistemli və ülküsünə bağlı bir siyasətçidir. 14 may seçkilərinin Türkiyədə ortaya çıxardığı tabloya baxanda görürük ki, istər Cümhur, istərsə də Millət ittifaqlarından Sinan Oğanla müqayisə olunacaq elektoral dəstəyə malik olmayan partiyalar, siyasətçilər TBMM-də mandat qazanıb. Seçkinin qalibi Ərdoğan isə təxminən 300 min səs əskikliyindən qələbəsini birinci turda elan edə bilməyib. Belə bir ortamda 3 milyona yaxın səs qazanmış bir namizədin tərəflərlə siyasi bazarlığa girməsi təbiidir və dürüst bir anlayışdır. İstənilən halda, siyasətçilər müəyyən bir məqama iddia edir.

O gün də yazmışdım, Türkiyə seçkilərində keçərsiz sayılan 1 milyondan xeyli çox səs var. Üstəlik, ilk turu Ərdoğandan geridə tamamlamış Qılıncdaroğlu elektoratını 28 may üçün əvvəlki ölçüdə mobilləşdirə bilməyəcək. Bunun qarşılığında, Ərdoğan həm seçkidə iştirak etməyən kəsimlərin, həm də ləğv edilmiş 1 milyondan çox büllütenin sahiblərinin, eləcə də Sinan Oğanın marofondan çıxması ilə ona dönəcək seqmentin sayəsində "50+1" hədəfini aşacaq. Bu baxımdan Ərdoğanın Sinan Oğanın səslərinə həyati ehtiyacı olmadığı dəqiqdir. Bununla belə, siyasət həm də gələcək seçkilərin planlaşdırılmasıdır. Türkiyənin İstanbul, Ankara, İzmir kimi böyük şəhərlərində Ərdoğan seçkini öndə bitirməyib. Odur ki, meqopolislərə yenidən açılım baxımından Sinan Oğanın simpatikliyi Ərdoğan üçün xüsusi önəm daşıyır və daşımalıdır.

Mən Sinan Oğanın CXP liderinə dəstək verəcəyini zənn etmirəm. Yağmayacaq yağışa dua oxumaq anlamsızdır. İkinci tur bitər-bitməz CXP içində Kamal Qılıncdaroğlunun müxalifləri fəallaşacaq. Onun kampaniyasında yer almış Əkrəm İmamoğlu və Mənsur Yavaş belə CXP liderinin məğlubiyyətindən zərər görəcək. Bütün bunları görə-görə Sinan Oğan özünü quyuya atmaz, siyasi intihar etməz.

Bəli, Ərdoğanın da, Oğanın da, Türkiyənin də, Azərbaycanın da maraqları onu labüd edir ki, üçüncü namizəd yeni hakimiyyətdə yaxşı bir postla təmsil olunsun. Türkiyənin vitse-prezidenti, əksər nazirləri parlamentdə təmsil olunur, Ərdoğanın yeni kabinetində kifayət qədər vakansiya var. Ancaq o da məlumdur ki, Sinan Oğanla Cümhur İttifaqının əsas ortağı MHP-nin lideri Dövlət Baxçalı arasında münasibətlər soyuqdur. İğdırlı millətçi iki dəfə MHP-dən xaric edilib. Odur ki, Sinan Oğanın hakimiyyətdə təmsil olunmasına siyasi etika baxımından Baxçalının ən azı etiraz etməməsi lazımdır. Zira, Baxçalı Sinan Oğanın kabinetə girməsinə mane olarsa, o zaman böyük ehtimalla türk millətçilərinin yeni lideri seçkidə aldığı səsləri institutlaşdırmağa başlayacaq. Bu baxımdan diqqət çəkən ən mühüm nüans odur ki, Sinan Oğanın ətrafında cəmləşən elektoral seqment millətçi-mühafizəkar yox, millətçi sekulyar kəsimdir.

Taleh ŞAHSUVARLI