Dövlət Baxçalıya yaraşanlar, Tuncay Özkana yapışmayanlar

18 May 2023 19:09 (UTC+04:00)

MHP lideri Dövlət Baxçalı sadəcə Türkiyə üçün deyil, bütün Türk dünyası üçün çox önəmli şəxsiyyətdir.

Bu üzdən Dövlət bəyə sayğımız və sevgimiz sonsuzdur.

Onun Ərdoğan iqtidarını qeyd-şərtsiz dəstəkləməsi Türkiyənin strateji maraqları baxımından böyük uğurlara rəvac verdi. Cümhur İttifaqının 14 may seçkilərindəki qələbəsində də MHP-nin və MHP liderinin böyük payı var.

Əlbəttə, Dövlət Baxçalı kimi təcrübəli bir siyasətçiyə, dava adamına, ömrünü türklüyə həsr eləmiş liderə yol göstərmək, məsləhət vermək həddimizə deyil.

Ancaq bir məsələdə rəyimi oxucularımızla bölüşmək istəyirəm.

Bizim ülküçü hərəkatda yetişən bir siyasi isim olan və Türkiyədəki son seçkilərdə 3 milyona yaxın səs toplayan Sinan Oğana da rəğbətimiz var.

Onun Ərdoğan iqtidarında təmsil olunması Azərbaycanın lehinədir.

Fəqət hazırda Sinan Oğanla bağlı məsələ sayğılı Baxçalıya dirənib. Cümhur İttifaqının əsas ortağı olan MHP lideri ilə Sinan Oğan arasında müəyyən problemlər var.

Əldə etdiyim məlumata görə, Ərdoğan və çevrəsi Sinan Oğanla görüşməyə, hakimiyyətdə təmsil olunması üçün müəyyən təkliflər etməyə maraqlıdır. Sinan Oğana iqtidarda post verilməsinin ən qızğın tərəfdarı Binəli Yıldırımdır. Bunu Türkiyədə nəşr olunan "Hürriyyət" qəzetinin yazarı Abdulkadir Selvinin bu günkü yazısı da təsdiqləyir. Selvi Ərdoğana yaxın isimdir.

Zira, siyasi etika baxımdan MHP-ni nəzərə almayıb Oğanla görüşmək və ona təklifdə bulunmaq AKP üçün mümkün və məqbul deyil.

Ankaradan çatan xəbərlərə görə, sabah Kılıncdaroğlu Oğanla bir araya gələcək.

Qılıncdaroğlunun prezident seçkilərində əlinin güclənməsi bəlli səbəblərdən Azərbaycan üçün maraqlı deyil. Onun ikinci turda qalib gəlməyəcəyi hər kəsə məlum olduğundan Sinan Oğanın CXP liderini dəstəkləyəciyini zənn etmirəm. Kimsə məğlubiyyətə şərik olmaq istəməz.

Bu vəziyyətdə MHP liderinin yeni nəsil millətçilərin önünü açmaq üçün şəxsi emosiyalarından və partiya maraqlarından çıxış etməməsi lazım.

Dövlət bəyə yaraşan da məhz budur.

Bəli, Sinan Oğan artıq bir reallıqdır. Hakimiyyətdə təmsil olunsa da, olunmasa da.

Baxçalının isə yaşı kifayət qədər irəliləyib və zaman onun üzərinə indi siyasət xaricində bir ağsaqqallıq görəvi də qoyub.

Baxçalı səddini keçməyəcəyi təqdirdə Oğan seçicilərini çox güman sərbəst səs verməyə çağıracaq və ardınca təşkilatlandıracaq.

3 milyon səs Ermənistanın bütün əhalisindən çoxdur. Siyasətdə kimsə bu kapitalı başlı-başına buraxmaz.

***

Biz heç şübhəsiz ki, Türkiyədəki prezident və parlament seçkilərində Ərdoğanın, onun partiyasının qalib gəlməsini arzulayırdıq. Bu arzumuzu ilk növbədə Azərbaycanın milli maraqları, Türkiyənin sabit və qüdrətli dövlət olmasına ehtiyacımız yaradırdı. Bu baxımdan Ərdoğana vəfa borcumuz vardı və Qılıncdaroğlu bizim üçün cəlbedici namizəd deyildi.

Bununla belə, Kamal Qılıncdaroğlu 24 milyondan çox Türkiyə vətəndaşının səsini alıb. Bu kəsim də iki dövlət olan bir millətin parçasıdır. Seçimlərinə sayğı duyarıq. Bizim Zəngəzur dəhlizini görməzlikdən gələn Qılıncdaroğluya narazı baxışlarımız CXP- yə antipatiyamız deyil.

CXP-də Çeviköz kimi erməni yanlıları varsa da, Tuncay Özkan kimi dəyərli aydınlar, püxtələşmiş siyasətçilər, cümhuriyyətçi dava adamları, Azərbaycan sevdalıları var.

Bir neçə gündür, daha doğrusu, seçki bitər-bitməz FETÖ Tuncay Özkana qarşı total hücuma keçib.

Bunun bir neçə səbəbi var. Əvvəla vaxtilə FETÖ Özkanın sahibi olduğu kanala çöküb, dəyərindən ucuz ona sahib olub. İndi bu məsələ məhkəməlikdir.

İkincisi FETÖ Ergenekon davasında Tuncay Özkanı da həbs etdirib, günahsız yerə 5-6 il həbsxanada saxlayıb.

Üçüncüsü, 28 maydan sonra CXP yenidən şəkillənəcək və FETÖ partiyanı ələ keçirmək, ən azından təsirlərini artırmaq istəyir. İzmir millət vəkili, genəl başqanın baş müşaviri, əlində media resursları olan Tuncay Özkan bu planın qarşısındakı əsas adamdır.

Odur ki, FETÖ öz alğı operatorlarını işə salıb və Türkiyədə yaşamış və yaşayan bir neçə yelbeyin azərbaycanlı da bilərəkdən və bilməyərəkdən onlara qoşulub Tuncay Özkana qarşı qaralamaları sosial şəbəkələrin Azərbaycan seqmentinə keçirmək istəyir.

Amma bunu bacarmayacaqlar.

Çünki biz varıq!

Tuncay Özkanın Azərbaycana sevgi və sayğısını, dürüst bir şəxsiyyət olmasını və Türkiyə siyasətində önəmli rol oynadığını və oynayacağını bilirik.

Fürsətdən istifadə edib əziz dostumuz hörmətli Tuncay bəyi yenidən İzmir millət vəkili seçilməsi münasibəti ilə səmimi qəlbdən təbrik edirəm!

Taleh ŞAHSUVARLI