Aqil Camal: "Əhməd bəyə qarşı törədilən terrorla dünya İran tərəfindən təhdid edilir"

22 May 2023 14:04 (UTC+04:00)

“Güney Azərbaycan Milli Hərəkatın formalaşması, mütəşəkkil qüvvə kimi çıxış etməsində bir tribuna kimi fəaliyyət göstərir. Bu baxımdan Əhməd bəy Obalının həm mediaçı kimi, eyni zamanda milli azadlıq hərəkatının yönləndirici şəxslərindən biri kimi əhəmiyyətli rolu danılmazdır. Bunu milli hərəkatın iştirakçıları və azərbaycanlılarla yanaşı molla rejimi də çox yaxşı bilir”.

Bunu Günaz.TV-ni rəhbəri Əhməd Obalıya edilən hücumla bağlı AzNews.az-a açıqlamasında "Ortaq dəyərlər" İctimai Birliyinin sədir Aqil Camal deyib.

Onun sözlərinə görə, bu terror aksiyasının keçirilmə yeri özü bir çox mətləblərdən xəbər verir:

"Bəlli məsələdir ki, Güney Azərbaycan Televiziyası uzun illərdir ki, sistemli şəkildə İrandakı molla rejiminə qarşı əsas rupor kimi çıxış edir. Bu gün Əhməd bəyin hədəf seçilməsində də məqsəd onun zərərsizləşdirilməsi olub. Ona qarşı keçirilən terror hücumunun başlıca məqsədi budur. Bu terror aksiyasının keçirilmə yeri özü çox mətləblərdən xəbər verir. Təsəvvür edin ki, dünyada bir-birinə zidd siyasət yürüdən ölkələrdən biri İran digərində, yəni ABŞ-də bu cür terror aksiyası törədə bilir. Bu onu deməyə əsas verir ki, İranın terror şəbəkələri ABŞ-də belə qarşısına qoyduğu məqsədi bu cür sərbəst şəkildə həyata keçirə bilirsə, görün dünyanın başqa ökələrində o cümlədən Avropada onlar necə rahat hərəkət edirlər. Bu baxımdan bu gün Əhməd bəyə qarşı törədilən terrorla bütövlükdə dünya İran tərəfindən təhdid edilir. Qlobal miqyasda bu məsələyə diqqət yönəlməlidir".

A.Camal qeyd edib ki, Əhməd bəyə qarşı olan bu terror aktı fiziki baxımdan nə qədər çox ağır nəticələrə səbəb olsa da, Güney Azərbaycan hərəkatında çıxış edən ayrı-ayrı qüvvələrin, hətta bəzən bir-birini qəbul etməyən qüvvələrin də vahid bir mövqedən çıxış etməsinə gətirib çıxardı:

“Bu onu deməyə əsas verir ki, bu terrorun sifarişçiləri heç də öz məqsədlərinə nail olmadı. Bu terror aksiyası Güney Azərbaycan Milli Hərəkatını biraz da qüvvətləndirəcək və bu yöndə fəaliyyət göstərən qüvvələrin vahid güc kimi formalaşmasında bir qığılcım rolu oynayacaq”.

Baş redaktor terror aktı barədə Azadlıq Radiosunun hansısa informasiya yaymamasına da münasibət bildirib. O deyib ki, Azadlıq radiosunun Əhməd Obalıya qarşı edilən terrorla bağlı informasiya yaymamasında şübhəli məqam görmək istəmir:

"Çünki illərdir Əhməd bəy məhz ABŞ-də keyfiyyətli şəkildə media fəaliyyətini həyata keçirib. Əgər ABŞ dairələri tərəfindən onun fəaliyyətinə hansısa bir problem olsaydı, o öz fəaliyyətini dünyanın başqa bir məkanına köçürə bilərdi. Demək ki, Əhməd bəy özünü ABŞ-də daha güvəndə hiss etdiyi üçün orada mənzillənib və fəaliyyətini oradan yürüdüb. İndi ABŞ-nin bəlli media resurslarının bu məsələyə necə yanaşması, hansısa informasiyanı yaymaması yaxud da yayması ilə bağlı məsələni dəqiqləşdirmək üçün biraz gözləmək olar".

A. Camal sonda bir daha vurğulayıb ki, burada ABŞ tərəfindən hərhansı bir təxribatın olacağı ilə bağlı düşüncələr məntiqdən uzaqdır: "Nəzərə alsaq ki, altı nəfər şəxs də bu terror hadisəsinə görə artıq saxlanılıb. Ona görə də Azadlıq Radiosunun belə bir xəbəri yayımlamaması həqiqətən müəmmalı görünür və anlaşılmazdır”.

Rəşid Qarayev