Rəhim Sulduzlu: "Bu qüvvələrin bizləri susdurmağa dair bəyanatları var"

23 May 2023 23:24 (UTC+04:00)

“Əhməd Obalıya edilən hücum onu öldürmək yox, bir növ cəzalandırıb başqalarına göz dağı vermək məqsədi də daşıya bilər”.

Bunu AzNews.az-a Günaz.TV-nin rəhbəri Əhməd Obalıya qarşı törədilən terror hücumu barəsində danışarkən Güney azərbaycanlı siyasi şərhçi Rəhim Sulduzlu deyib.

O bildirib ki, Güney Azərbaycan televiziya kanalının təsisçisi cənab Əhməd Obalıya hücum xəbərini səhər erkən saatlarda alıb və detallarını araşdırmağa başlayıblar:

"İranda son 7-8 ayın içində etirazlar davam etdi. Bu etirazların nəzdində Güney azərbaycanlılar da bədəl ödədi, 45-dən çox şəhid verdik, yüzlərlə yaralımız, minlərlə siyasi məhbusumuz oldu. Güney Azərbaycan televziyası bu etirazların öncülüyünü təşkil edən bir yayın orqanı olaraq diqqətləri öz üzərinə çəkdi. Son zamanlar Günaz.TV-nin həm İran rejiminin yayım orqanları ilə, həm də də Xamneyi rejimi ilə problemləri var idi. Sayın Əhməd Obalıya bu hücum edildiyi xəbərini alandan sonra son aylarda sayın Əhməd Obalı, Günaz.TV və bizim bəzi siyasi aktivistlərimizin adlarının çəkilərək, bu şəxslərin zərərsizləşdirilməli olduğunu dilə gətirən çıxışları xatırladım. Həmin çıxışların şahidi kimi dərhal bunun terror aktı olduğunu anladım. Əhməd bəy Obalının terror hücumuna məruz qaldığı xəbərini ilk yayanlardan biri də mən oldum. Eyni zamanda sayın Əhməd Obalının da mənsub olduğu, yeni yaranan Güney Azərbaycan Milli Dövlətçilik Şurası öndərləri də bir bəyannamə yayaraq bu hücumun bir terror aktı olduğunu bildirdilər".

R.Sulduzlu qeyd edib ki, Əhməd Obalının 50 saniyəlik videosunda “Mən həyatımda sadəcə milli məsələlərə, vətənimə xidmətdən başqa heç bir iş görməmişəm” deməsi də bu hücumun həqiqətən Güney Azərbaycan və onun haqları ilə bağlı olduğunun sübutudur:

“Yaxın gələcəkdə ABŞ polisi bu haqda öz hesabatını təqdim etmiş olacaq və biz hadisənin bütün detalları ilə tanış olacağıq. Güney Azərbaycan türk millətinin milli azadlıq hərəkatına gəldikdə isə onlar həmişə eyni fikri daşıdıqlarını öz açıqlamaları ilə ortaya qoyurlar. Pəhləvinin oğlu deyir ki, söhbət İranın bölünməsindən gedirsə, o, Xamneyinin yanında bölücülərə qarşı bir əsgər kimi döyüşməyə hazırdır. Bununla da Xamneyi ilə pəhləviçilərin və rəcəviçilərin qeyri-fars millətlərin öz müqəddəratını həll etmək mövzusunda həmfikir olduqları ortaya çıxır".

O həmçinin son aylarda xüsusilə Güney azərbaycanlıların xaricdəki aktivliyinin bu qüvvələri narahat etdiyini vurğulayıb:

“Bilirsiniz ki, başda Münhendə keçirilən Beynəlxalq Təhlükəsizlik Konfransına Pəhləvilərin dəvət edilməsi yaxud ABŞ-də bəzi senatorların Albaniyadakı Məryəm Rəcəviyə gələcəyin prezidenti gözü ilə baxması İranın gələcəyi ilə əlaqədar ssenari hazırlayanların yuxusunu qaçırmış oldu. Cənubi azərbaycanlıların Brüssel şəhərindəki yürüyüşünü nəzərə alaraq deyirəm ki, Avropa ictimaiyyəti artıq İran deyiləndə orada yalnız farslar deyil, eyni zamanda 40 milyondan çox Azərbaycan türk milləti başda olmaqla digər millətlərin də yaşadığını görür. Eyni zamanda ayın 20-də Berlində keçirlən ikinci yürüş də ciddi şəkildə İranın bütövlüyü tərəfdarı olan zehniyyəti gerçəkdən narahat etdi. Özəlliklə hücumun yürüşün olduğu gündə gerçəkləşdirilməsi də birmənalı qarşılanmamaqdadır. Bu iş hər halda türk millətinin düşmənlərinin işidir. Ailəsinin də bu haqda məlumat verməməsi və telefonu cavablamamasını biz ABŞ polisinin istintaqın sağlam çərçivədə yeridilməsi və sağlıqlı bir nəticənin əldə edilməsi istəyi ilə əlaqələndiririk. İnşallah ki, yaxın gələcəkdə sayın Əhməd Obalı öz sağlına qovuşar və öz dilindən hücumun necə və kimlər tərəfindən gerçəkləşdirildiyini dilə gətirər. Hadisənin baş vermə şəklinə baxdıqda görürük ki, bu bir terror hücumudur".

Rəhim Sulduzlu sonda bunun yalnız Əhməd Obalı ilə bağlı bir məsələ olmadığını deyib:

"Bu gün Əhməd Obalıya hücum edənlər sabah bizlərə də hücum edə bilərlər. Çünki bunların bizləri susdurmağa dair çıxışları, bəyanatları var. Onlar hətta Azərbaycan türklərinin son aktivliklərini özlərinə sığışdıra bilmədiklərini "Clubhouse" sosial şəbəkəsində açdıqları otaqlarda dilə gətirirlər. Hər halda bizim Güney Azərbaycan təşkilatlarının bir çoxu bu alçaqca, xaincə hücumu qınayıblar. Azərbaycan mediası da Əhməd Obalıya edilən terror hücumuna geniş yer verdi. Qardaş Türkiyədə də başda "Haber Global" olmaqla bəzi medialar da öz yayımlarında bu məsələni işıqlandırdılar. İnşallah ki, biz sağlıqlı xəbəri sayın Əhməd Obalı yaxud ailəsi tərəfindən əldə edib, sizlərə təqdim edəcəyik. Amma təkrar edirəm ki, bizim baxışımız bunun bir terror aktı olduğu yönündədir. Bir daha bu terror aktını pisləyirəm, lənətləyirəm. Əhməd Obalı və oğlu Dənizə şəfalar diləyirəm”.

Rəşid Qarayev,

AzNews.az