Kılıçdaroğlu niyə məğlub oldu?

23 May 2023 16:59 (UTC+04:00)

Seçkilər hər bir dövlətin demokratiya güzgüsüdür. Türkiyə Cümhuriyyəti yaradılmasının 100-cü illiyində demokratiyaya sadiqliklə bağlı daha bir sınaqdan keçdi.

Mayın 14-də Türkiyədə prezident və parlament seçkiləri keçirilib. Yekun nəticələrə əsasən, “Cümhur İttifaqı”nın namizədi, hakim Ədalət və İnkişaf Partiyasının sədri, hazırkı dövlət başçısı Rəcəb Tayyib Ərdoğan 49,51% səs toplayıb.
“Millət İttifaqı”nın namizədi, müxalif Cümhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıçdaroğlu 44,85%, “ATA İttifaqı”nın namizədi Sinan Oğan 5,17% səs qazanıb.

Seçkidən əvvəl namizədliyini geri götürən Məmləkət Partiyasının sədri Məhərrəm İncəyə isə seçicilərin 0,44%-i səs verib.
Bununla da prezidentliyə namizədlərdən heç biri ilk turda lazım olan 50+1 səsi toplaya və qalib gələ bilməyib. Ona görə də mayın 28-də ikinci tur olacaq. Bu mərhələdə R.T.Ərdoğan və K.Kılıçdaroğlu yarışacaq.
Parlament seçkilərində isə AK Parti qalib gəlib. Hakim partiya Türkiyə Böyük Millət Məclisindəki 600 deputat yerindən 266-nı qazanıb. Bu rəqəm 2018-ci ildə 344 idi. Əlbəttə ki, həm president, həm parlament seçkilərində Cümhur ittifaqının nəticələrini yenə yüksək hesab etmək olar. Çünki, bu ittifaq 7 partiyanın koalisiyası ilə mübarizə aparıb.

Böyük koalisiya qurulmağına rəğmən, Kılıçdaroğlu niyə qalib gəlmədi?

Kılıçdaroğlunun məğlub olmasına təsir edən ilk faktor özünün namizədliyini irəli sürməsi oldu. İkinci faktor, bir-birinə tamamilə zidd nizamnamələri olan partiyaların koalisiya yaratması oldu. Bu addım xalqda açıq təsəvvür yaratdı ki, məqsəd sadəcə 50 %-lik barajın keçilməsidir. Bu təcrübəni Türkiyə 60-70-ci illərdə ildə 2-3 dəfə hökumət dəyişikliyi ilə yaşayıb. Digər faktor, Meral Akşenerin masadan qalxıb təkrar masaya qayıtması idi. Mühərrəm İncənin də CHP-dən ayrılması təsirsiz ötüşmədi. Bir önəmli faktor isə CHP-nin PKK-nın siyasi qanadı ilə danışıqlara getməsi oldu. Seçki nəticələri həm də onu göstərdi ki, xalq təhlükəsizliyini iqtisadiyyatdan daha önəmli hesab edir. Üstəlik, unutmaq olmaz ki, Türkiyədə xalqın 60-65 %-i mühafizəkar kəsimdi. Bunların bir hissəsi mühafizəkar-sağ, bir hissəsi mühafizəkar-dindar, bir hissəsi isə mühafizəkar-millətçilərdi. Bu fakt həm də onu deməyə əsas verir ki, ATA ittifaqının namizədi Sinan Oğan Ərdoğanı dəstəkləməsəydi belə, 2-ci turda hakim partiyanın qələbəsi gözlənilirdi. Çünki, mühafizəkar sekulyarlar heç bir zaman CHP-ə səs verə bilməzlər. Oğanın 5 % səsləri içərisində millətçi qanad ağır basır. Bu səslərin isə ən az 1 %-i Ərdoğana yönələrsə, seçkinin taleyi həll olmuş olur. İndiki halda isə qələbə sadəcə qarantiyaya alınıb.

İndi gələk Oğanın qərarına. İctimaiyyət arasında onun “satılması” ilə bağlı iddialar var. Halbuki demokratik ölkələrdə seçkidə məğlub olmuş, lakin siyasi xətt etibarı ilə nisbətən yaxın olan partiyalar arasında bu cür manevrlər yaşana bilir. Oğanın 3 əsas şərti var idi:

Birinci, terrorçularla iş birliyi qurmamaq, onların siyasi qanadlarını da zərərsizləşdirmək.
İkincisi, konstitusiyada dəyişikliyin edilməməsi.
Üçüncüsü, Suriyadan gələn qaçqınları öz ölkələrinə yollamaq.
İlk iki şərt birbaşa CHP ilə bağlıdır.
Babası evinin divarları erməni xaçı ilə bəzədilmiş Kılıçdaroğlu terrorçulara verdiyi vədləri şəxsən öz dilindən səsləndirib.
Üçüncü şərt Türkiyənin gələcəyi üçün çox ciddi təhlükənin qarşısını almağa hesablanıb. Çünki suriyalılar Türkiyədə qalarlarsa, ölkənin demoqrafik, kriminal, iqtisadi-siyasi vəziyyətinə mənfi mənada ciddi təsir göstərəcəklər. Bu Türkiyənin ayağına bağlanmış dəyirman daşıdır.
İlk iki şərt bu günün, üçüncü şərt isə gələcəyin təhlükəsidir.
Sinan Oğan da öncədən nə vəd etmişdisə, o xətt üzrə davam etdi. PKK, HDP və s. kimi təşkilatlarla sevdalaşan CHP Oğanın şərtlərini istəsə də, qəbul edə bilməzdi.
Ərdoğan isə suriyalılarla bağlı tələbin mərhələli şəkildə yerinə yetiriləcəyini açıqladı. Bu durumda Oğanın Ərdoğan ilə razılaşmaqdan başqa ehtimal mövcud deyildi.

Bu məğlubiyyət indiyə qədər 11 seçki uduzan Kılıçdaroğlunun siyasi karyerasının sonudur. Böyük ehtimal ki, bu dəfəki seçkilərdə geri planda dayanan Əkrəm İmamoğlu xələfinin yerinə keçəcək. Sinan Oğan isə hazırki siyasi xətti davam etdirərək, sonuncu dəfə namizədliyini irəli sürmüş Ərdoğanın gələcəkdə yerini tutma ehtimalını artırır.

Züriyə Qarayeva
Aznews.az portalının siyasi şərhçisi