Ərdoğan səs fərqini artıraraq qalib gələcək - Cahandar Bayoğlu

25 May 2023 19:53 (UTC+04:00)

Bildiyiniz kimi Türkiyədə prezident seçkilərinin ikinci turunun nəticələri açıqlanacaq. Aznews.az olaraq mövzu ilə bağlı Turan Partiyasının Başqanı Cahandar Bayoğlunun fikirlərini öyrəndik.

- Türkiyədəki seçkilərin birinci turundakı nəticələri necə qiymətləndirirsiniz?

- Türkiyədə keçirilən seçkilərin birinci turuna qısa baxış etsək birmənalı deyə bilərik ki, böyük türk millətinin şərəfli övladları istismarçı dünyaya qarşı "yox" dedi. Türk milli iradəsinə "hə" deyərək Turan coğrafiyasına, Turan birliyinə işıq yandırdı. Seçkini qısa olaraq bu cür xarakterizə edə bilərik.

- İkinci turla bağlı proqnozlarınız nədir?

- Birinci tur həm də ikinci turun müjdəçisi oldu. Seçkinin qalibi olan Ərdoğan birinci turda 5 % səs fərqi ilə ikinci yerdə olan rəqibinə, imperyalist güclərin təmsilçisinə qalib gələrək ikinci turda bu fərqin artacağına əminlik yaratdı.

- Bu gün Türkiyədə bir qisim milliyətçi hakimiyyəti müdafiə etdiyi kimi, bir qismi də müxalifəti müdafiə edir. Seçkilərdən sonra müxalifəti müdafiə edən milliyətçi kəsimin aqibəti necə olacaq?

- Bu gün Türkiyədə Turana səs verən milliyətçi kəsimin yüzdə yüzüdür. Düşüncəsi, ağılı yerində olan, gerçəkdən də türk milli məfkurəsini sahiblənən, türk kimliyini bilən, türk tarixini bilən, hədəfi və üfüqləri olan hər kəs Turana səs vermişdir. Turana səs verməyənlər aldanmışlar və mən hesab edirəm ki, yetkin fikri olmayanlardır. Bunlara da düşüncəli milliyətçi kəsimin nümayəndəsi demək olmaz.

- Ermənistan Ərdoğanın seçkilərdə uduzmasını gözləyirdi. Ərdoğan artıq demək olar qalibdir. Bundan sonra proseslər hansı şəkildə davam edəcək?

- Sayın Ərdoğanın seçilməsini tək ermənilər deyil, bütün anti-türk güclər istəmirdi. Rus generalları, Qarabağı işğal altında saxlayan güclər, fars faşizmi, fransız faşizminin simasında Avropa, kürəsəlçi ABŞ-nin təmsilçisi Bayden, kürəsəlçi para baronları, Fəthulah Gülən və PKK kimi terrorçu güclər də Ərdoğanın seçilməsini istəmirdi. Bütün bu güclərin də niyyət və arzuları sayın İlham Əliyevin dediyi kimi, qursaqlarında qaldı.

- Seçkilər Zəngəzur dəhlizinin açılmasına hansı şəkildə təsir göstərəcək?

- Mənə elə gəlir biz Zəngəzur dəhlizi, Qarabağdakı xırda detalları böyük problemə çevirməməliyik. Azərbaycanda və Türkiyədə bu gün türk milli iradəsinə qarşı olan güclərin toplum içərisində kimliyi və mahiyyəti tam aydınlaşmalıdır. Toplum onları sıra dışı eləməlidir, türk dövlətlərinin birliyi uğrunda mübarizəyə önəm verməliyik, Azərbaycan- Türkiyə birliyini gerçəkləşdirməliyik, türk dövlətləri təşkilatını strukturlaşdırmalıyıq. Bu təşkilatın nazirlikləri yaranmalıdır, parlamentosu yaranmalıdır, seçkilər keçirilməlidir. Biz daha çox bu istiqamətdə iş görməliyik. Qaldı Zəngəzur məsələsi, eyni zamanda İrəvan məsələsi bu məsələlər onların içərisində həll olunacaq. Eyni zamanda Təbriz,Bakı, Ankara bütöv Azərbaycana öz sözünü deyib və Turan yolunda Xəzərin güney qıyısından güney dəhlizimizə mane olan gücləri aradan götürüb Türküstan coğrafiyasının bütünləşməsinə nail olmaıyıq.

Rəşid QARAYEV,

AzNews.az