Hərbi vəzifəlilərlə təlim toplanışı davam edir

6 İyun 2023 19:48 (UTC+04:00)

2023-cü il üçün hazırlıq planına əsasən, "N" hərbi hissəsində ehtiyatda olan hərbi vəzifəlilərin iştirakı ilə keçirilən təlim toplanışı davam edir.

Aznews.az xəbər verir ki, MN-dən verilən məlumata görə, plana uyğun olaraq, hərbi vəzifəlilərlə sıra hazırlığı, rabitə hazırlığı məşğələləri keçirilir, onlara silahların taktiki-texniki xüsusiyyətləri, natamam sökülüb-yığılma və istifadə qaydaları öyrədilir, eləcə də ilkin tibbi yardım göstərilərək yaralıların təxliyə edilməsi üsulları məşq etdirilir.
Qeyd edilib ki, təlim toplanışının keçirilməsində əsas diqqət ehtiyatda olan hərbi vəzifəlilərin döyüş vərdişlərinin təkmilləşdirilməsinə, bilik və bacarıqlarının artırılmasına yönəldilib.