Əziz Əlibəyli: "İran danışıqlarla Azərbaycanı aldatmaq istəyir"

9 İyun 2023 13:31 (UTC+04:00)

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian arasında telefon danışığı baş tutub. Telefon danışığı zamanı Azərbaycanla İran arasında münasibətlərin cari vəziyyəti, bəzi mövcud problemlər və onların həlli məsələləri müzakirə edilib.

“İranın məqsədi Azərbaycanla münasibətləri bərpa etmək deyil, əksinə münasibətlərdən sui-istifadə eləmək üçün optimal şərait yaratmaqdır”.

Bu sözləri AzNews.az-a mövzu ilə bağlı açıqlamasında beynəlxalq məsələlər üzrə ekspert Əziz Əlibəyli deyib.

O bildirib ki, dövlətlər, qurumlar və şəxslər səviyyəsində İranla dil tapmaq çox çətin olacaq:

"Onlar xarici siyasətlərini birmənalı şəkildə Ermənistan istiqamətinə, Azərbaycanın milli maraqları əleyhinə dizayn eləyiblər. Buna görə ciddi bir irəliləyişin olacağını zənn eləmirik".

Ekspertin sözlərinə görə, danışıqların baş verməsinə səbəb Azərbaycan tərəfini aldatmaq, manipulyasiya eləmək və əslində “heç bir problem qalmayıb” ritorikasını davam etdirməkdən ibarətdir:

“Elə hesab edirəm ki, müzakirələr Azərbaycanı İsrail əleyhinə kəşfiyyat poliqonuna çevirmək niyyəti daşıyır. Azərbaycan vasitəsilə bir növ İsrailə sızma niyyətini güdürlər. Ona görə də həmin müzakirələrin kökündə dayanan ana məqsəd Azərbaycanı aldatmaq istəyidir”.

Rəşid Qarayev