“Azərbaycan iqtisadiyyatı son illər müasir inkişaf yolu ilə yeni trendlərə uyğun irəliləməkdədir. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda qeyri-neft sektorunun inkişafının təmin olunması, iqtisadiyyatın müxtəlif sahələrinin şaxələndirilməsi, ölkəmizin ixrac potensialının artırılması, xarici investisiyanın cəlb edilməsi, biznes və investisiya mühitinin daha da yaxşılaşdırılması istiqamətində çox vacib layihələr icra olunmaqdadır. Bu siyasətin davamı kimi Cənab Prezident tərəfindən bu layihənin bünövrəsinin qoyulması yerli və xarici azad biznesə yeni potensial verilməsi, innovativ sənaye quruculuğuna geniş meydan yaradılması və iqtisadiyyatın şaxələndirilməsi siyasətinin yeni bir mərhələyə qədəm qoyub. Ölkəmiz üçün yeni iqtisadi hadisə kimi qiymətləndirilə bilən Azad İqtisadi Zonaların yaradılması geniş miqyas alan iqtisadi islahatların ən mühüm tərkib hissəsi hesab edilə bilər və həmin layihələr sırasında xüsusi yer tutan Ələt İqtisadi Zonanın yaradılmasında da əsas məqsəd qabaqcıl idarəetmə təcrübəsinə uyğun yüksək əlavə dəyərli və ixracyönümlü istehsalı təmin etməkdir”.
Bu barədə Aznews.az-a Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsini üzvü Aydın Hüseynov Prezident İlham Əliyevin iştirakı ilə Ələt Azad İqtisadi Zonasının birinci mərhələsinin açılış mərasimini şərh edərkən bildirib.
Millət vəkili qeyd edib ki, ümumi sahəsi 850 hektar olacaq AİZ-in ilk mərhələsinin istifadəyə verilməsi artıq Ələt geniş sənaye zonasına investorların axınınn başladığını təsdiqləyir. “Bu sənaye sahəsinə böyük investisiya marağı vardır. Bunun da səbəbi AİZ-də biznes, vergi, gömrük, digər iqtisadi və sosial tədbirlərin olmasıdır. Belə ki, Ələt AİZ-də maliyyə və sığorta xidmətləri, torpaq münasibətləri, gömrük, miqrasiya, əmək münasibətləri, vergi tənzimlənməsi, notariat fəaliyyəti, müflisləşmə və iflas, rəqabət. əqli mülkiyyət, ətraf mühit və s. məsələlərlə bağlı xüsusi güzəştlər tətbiq olunur ki, bu da əlverişli sərmayə axını üçün əlavə təkan deməkdir. Eyni zamanda, maliyyə güzəştləri də mövcuddur ki, bu da verilən subsidiyalar büdcə vəsaitləri və güzəştli dövlət kreditləri hesabına – birbaşa və kommunal xidmətlərə aşağı qiymət qoymaqla, torpaq sahələrindən istifadə etmək üçün icarə haqqının azaldılması yolu ilə - dolayı formalarda verilir”.
A.Hüseynov bildirib ki, Ələt AİZ elmi texnologiaylara və dördüncü sənaye inqilabının tələblərinə əsaslanan çoxşaxəli iqtisadi layihədir və bu modelin əsas hədəfi də qeyri-neft iqtisadiyyatının inkişafına dərin töhfə verməkdir. “Hazırda yürüdülən siyasətin əsasə hədəfi yerli və xarici investisiyaların ölkə iqtisadiyyatının inkişafına cəlb edilməsi, investisiya mühitinin daha da yaxşılaşdırılıması, yeni rəqabətqabiliyyətli və səmərəli istehsal və xidmət sahələrinin təşkilinin dəstəklənməsi yeni qeyri-neft siyasətinin əsas hədfələridir. Bu baxımdan AİZ Azərbaycanın neft iqtisadiyyatının gələcək inkişafında yeni nəfəsin açılması deməkdir, nefti əvəz edən genişhəcmli gəlir əldəetmə sektorunun möhkəmlənməsinin təmin edilməsidir. Ələtdə 10-lar sənaye müəssisəi yaradılacaq, dünyanın ən nüfuzlu şirkətləri ilə əməkdaşlıq çərçivəsində ən son texnologiyalara əsaslanan rəqabətqabiliyyətli məhsul istehsal olunacaq. Bu layihələrin icrası sayəsində qeyr-neft sektorunun əsas aparıcı bölməsinə çevrilməklə, qeyri-neft məhsullarının ixrac imkanlarının genişlənməsinə dərin töhfə verəcək”.
Rəşid Qarayev