Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfəri gözlənilən idi.
Məlum məsələdir ki, iki qardaş ölkə prezidentləri ənənəvi olaraq prezident seçkilərindən dərhal sonra ilk səfəri məhz bir-birlərinə edirlər. Bu ənənə ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətinin, xalqlarımız arasındakı tarixi və mənəvi bağın təzahürü, bariz göstəricisidir. Səfərlər içərisində ən ali səfər olan dövlət səfərinin Azərbaycana olunması iki qardaş ölkə arasında dostluq və qardaşlıq münasibətləri tarixinin ən güclü mərhələsində olduğunu göstərir. Görüşdə həm iki ölkə arasındakı münasibətlər, həm də Qarabağdakı son vəziyyət müzakirə ediləcək. Ərdoğan-Əliyev görüşü zamanı hazırda şərti təmas və rus sülhməramlı qüvvələrinin müvəqqəti yerləşdikləri zonada icra olunan təxribatlar və bu diversiya aktlarına qarşı mümkün mübarizə imkanları müzakirə olunacaq. Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında müdafiə sənayesi sahəsində əməkdaşlıq haqqında da yeni saziş imzalana bilər. Müdafiə və təhlükəsizlik sahəsində ortaq layihələrin icrası gözlənilir. Ölkəmizdə “Bayraktar” mərkəzinin yaradılması ilə bağlı ciddi addımlar atıla bilər. Eləcə də bu istiqamətdə ortaq silahların istehsalı da gözləniləndir.
Züriyə Qarayeva
Aznews.az portalının siyasi şərhçisi