Ərdoğanın səfəri Azərbaycanın Türkiyə üçün əhəmiyyətini vurğulayır - Politoloq

12 İyun 2023 18:25 (UTC+04:00)

“Səfər protokol çərçivəsində olsa da, düşünürəm ki, burada bir sıra maraqlı məsələlər müzakirə olunacaq”.

Bunu AzNews.az-a Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iyunun 13-ü baş tutacaq Azərbaycana səfəri ilə bağlı açıqlamasında politoloq Turab Rzayev deyib.

O bildirib ki, bu səfər daha çox protokol qaydasına uyğun həyata keçirilir:

“Belə ki, Türkiyə prezidentləri seçkidən sonra ya ilk ya da ikinci səfərlərini Azərbaycana edirlər. Əslində nəzərə alsaq ki, Şimali Kipr Türk Cümhuriyyəti dünyada digər dövlətlər tərəfindən tanınmır ilk rəsmi səfər Azərbaycana edilmiş olur. Bu da Azərbaycanın Türkiyə üçün önəmini vurğulayan bir məqamdır. Səfər protokol çərçivəsində olsa da düşünürəm ki, burada bir sıra maraqlı məsələlər müzakirə olunacaq. Bunlardan biri Azərbaycanla hərbi əməkdaşlıqdır. Çünki Azərbaycan ordusunu hazırlamağa, keyfiyyətini yüksəltməyə, gücləndirməyə xüsusi önəm verir".

T.Rzayev qeyd edib ki, Qarabağda hər an silahlı toqquşmalar ola bilər:

“Bundan başqa yaşadığımız region kifayət qədər risklidir. Hərbi və siyasi hadisələrin baş verə biləcəyi regiondur. Ona görə də burada effektiv şəkildə profesional ordunun yaradılmasına ehtiyac var. Bu istiqamətdə danışıqlar aparılacaq, Azərbaycanla Türkiyə arasında hərbi əməkdaşlıq məsələsi gündəmə gətiriləcək. Azərbaycanın işğaldan azad edilmiş əraziləri və Qarabağ məsələsi yenə gündəmin əsas hissəsini təşkil edəcək. Türkiyə və Azərbaycan arasında iqtisadi münasibətlər, enerji münasibətləri, nəqliyyat-kommunikasiya münasibətləri, ola bilsin ki, gələcəkdəki enerji ixracı və tranzitində Azərbaycan və Türkiyənin birgə iştirakı ilə bağlı qərarlar qəbul olsun. Düşünürəm ki, Türkmənistandan Xəzər qaz xəttinin çəkilməsi, türkmən qazının Azərbaycan üzərindən Türkiyəyə göndərilməsi, Qazaxıstandan neft yüklərinin gətirilib, Azərbaycan üzərindən daşınması, Zəngəzur dəhlizi, orta dəhlizin inkişaf etdirilməsi kimi istiqamətlərdə danışıqlar olacaq”.

Rəşid Qarayev