Müşfiq Cəfərov: "Rusiyanın regionda münasibətlərə təsiri olduqca əhəmiyyətli olub"

13 İyun 2023 12:29 (UTC+04:00)

“Məlumdur ki, Rusiyanın uzun illərdir regionda münasibətlərə təsiri olduqca əhəmiyyətli olub. Bu gün regionda yeni, bütün dövlətlər üçün fərqli münasibətlər yaranıb. Biz istəyirik ki, qonşularımız və regiondakı əməkdaşlıq münasibətlərinə maraqlı bütün dövlətlər sülhdən yana olsunlar”.

Bu fikirləri AzNews.az-a Prezident İlham Əliyevin Rusiya prezidentinin köməkçisi İqor Levitini qəbul etməsi ilə bağlı danışarkən Milli Məclisin deputatı Müşfiq Cəfərov deyib.

Deputat bildirib ki, hazırda Qarabağda Rusiya sülhməramlıları müvəqqəti olaraq yerləşdirilib, bu mənada bu dövlətin sülhə töhfə verməsi gözləntilərimizdəndir.

M.Cəfərovun qeyd edib ki, bu gün Azərbaycan dövləti Qarabağdakı erməni əsilli sakinlərlə münasibətləri tənzimləmək yolunda fəaliyyətdədir:

“Beynəlxalq ictimaiyyətin qəbul etdiyi, ATƏT və Avropa İttifaqı kimi təşkilatların da test etdiyi Xorvatiya nümunəsi hazırda var. Mən deyərdim ki, bu gün istər Rusiya, istərsə də digər ölkələr ancaq sülhlə bağlı danışıqlara iştirakçı tərəflərdir”.

Deputat əlavə edib ki, bu məsələ birbaşa Azərbaycanın daxili məsələsidir, yəni Qarabağ erməniləriylə dialoq məsələsi iki tərəfin həll etməli olduğu problemdir:

“Azərbaycan erməni əsilli azlıqlarla bağlı təklif paketi hazılayıb, burada hər şey açıq-aşkar da qeyd olunub. Ümid edirəm ki, bundan sonra bütün ölkələr də Cənubi Qafqazdakı bu kəskin münasibətlərin həlli üçün çağırışlar edib, hərəkətə keçəcəkdir”.

Rəşid Qarayev