Ərdoğanın Bakı səfəri: yaxın 5 ildə nə gözlənilir?

13 İyun 2023 22:23 (UTC+04:00)

Bu bir ənənədir ki, Türkiyədə prezident seçildikdən sonra ilk səfərini Şimali Kipr Cümhuriyyətinə, ikinci səfərini isə Azərbaycana edir. Nəzərə alsaq ki, Şimali Kipr Cümhuriyyətini dünyanın heç bir ölkəsi tanımır, dolayı yolla ilk səfər Azərbaycana edilmiş olur. Bu ənənə 1991-ci ildə Azərbaycan müstəqil olduqdan bəri belədir. Türkiyədə bundan öncə parlament idarəçiliyi tətbiq olunarkən, baş nazir səfər edirdi. Prezident idarəçiliyinin tətbiqindən sonra prezident səfər edir. Bu baxımdan 28 mayda seçkilərin ikinci turunda da qalib gələn Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfəri gözlənilən idi. Bu ənənə ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətinin, xalqlarımız arasındakı tarixi və mənəvi bağın təzahürü, bariz göstəricisidir. Səfərlər içərisində ən ali səfər olan dövlət səfərinin Azərbaycana olunması iki qardaş ölkə arasında dostluq və qardaşlıq münasibətləri tarixinin ən güclü mərhələsində olduğunu göstərir.

Rəcəb Tayyib Ərdoğanın səfəri bir daha onu göstərir ki, Azərbaycan-Türkiyə münasibətləri nümunəvidir, strateji xarakter daşıyır. Xalqlarımız, dövlətlərimiz və dövlət başçıları dost, qardaş münasibətindədirlər. Türkiyə Prezidentinin ilk səfərinə Azərbaycandan başlaması həm də Azərbaycan və Türkiyəyə qərəzli mövqedə dayanan dövlətlər üçün də ismarışdır. Azərbaycan və Türkiyə qardaşlığı əbədidir, heç kim bizim aramıza girə bilməz. Türkiyə Azərbaycanı heç vaxt yalqız qoymaz. Eyni münasibətləri Türkiyə Azərbaycandan da görməkdədir. Bu, bir çox real hadisələrdə öz əksini tapıb. Xüsusi vurğulamaq lazımdır ki, Türkiyə İkinci Qarabağ müharibəsinin ilk günlərindən Azərbaycanın yanında oldu. Ərdoğan müharibənin ilk vaxtlarında belə bir açıqlama vermişdi ki, Azərbaycan Türkiyənin qırmızı xəttidir və kim o xətti keçərsə, qarşısında Türkiyəni görəcək. Eyni zamanda Türkiyədə baş verən dağıdıcı zəlzələnin fəsadlarının aradan qaldırılmasında Azərbaycan da öz töhfələrini verir. Belə ki, Azərbaycan Kahramanmaraşda 1000 binanın tikintisini öz üzərinə götürüb. Bu, misli-bərabəri olmayan bir addım, qardaşlığımızın növbəti əyani sübutudur. Bu reallıqlar fonunda Türkiyə Prezidentinin ilk səfərini Azərbaycana etməsi bütün münasibətlərin məntiqindən doğan hadisədir. Hər birimiz bu qardaşlığın əbədi olacağına inanırıq.

Bu, simvolik səfərdir. Belə səfərlərdə mütləq deyil ki, hansısa sənəd imzalansın, hansısa razılaşma olsun. Mümkün olan bütün sazişlər imzalanıb. Şuşa bəyannaməsi bütün sazişlərin fövqündə dayanır. Müttəfiqliyi razılaşdıran sənəddir. Əlbəttə ki, müəyyən sahələrlə bağlı razılaşmalar ola bilər. Amma bu səfərin əhəmiyyəti daha çox simvolik olmaqla mesaj xarakteri daşımasıdır. Bu, dünyaya mesajdır ki, Türkiyə Azərbaycana dəstəyini əsrigəmiyəcək. Bizim Qarabağla bağlı müəyyən problemlərimiz var. İndi o problemlərin həllinə nail olmağa çalışırıq. Bu istiqamətdə qarşımızda ciddi əngəllər var. Hesab edirəm ki, bu müttəfiqlik həmin əngəlləri aşmaq baxımından çox önəmlidir. Görüşdə Şuşa Bəyannaməsindəki müddəaların yerinə yetirilməsi məsələsi müzakirə olundu. Cənab Ərdoğan bildirdi ki, Şuşada Türkiyənin konsulluğu olmalıdır. Hərbi sənaye komplekslərinin inteqrasiyası sürətlənməlidir. Razılaşma var ki, Bayraktar şirkətinin ortaq müəssisəsi Azərbaycanda açılacaq. Bakıda da pilotsuz uçuş aparatları istehsal ediləcək. Azərbaycan Bayraktar şirkətinin istehsal etdiyi Kızıl Elma pilotsuz uçuş təyyarələrinə xüsusi önəm verir. O təyyarələri həm biz ala bilərik, həm də Bakıda istehsalını təmin edə bilərik. Mesajlar da göstərdi ki, yaxın 5 ildə də Ərdoğan Azərbaycana dəstəyi artıracaq. Türkiyənin Cənubi Qafqazda rolu artacaq. Biz də həllini gözləyən müəyyən məsələləri həll edəcəyik.

Bu səfərdə də əsas diqqət yenə də Qarabağ məsələsi oldu. Türkiyə prezidenti Ərdoğan müharibə dövründə bizə böyük mənəvi dəstək göstərdi. Bütün çıxışlarında Azərbaycanın ərazi bütövlüyünün Türkiyənin qırmızı xətti olduğunu bildirdi. Ermənistanın işğalçılıq siyasətini dəstəkləyən dövlətlərə tutarlı mesajlar verdi. “Əgər üçüncü tərəf müharibəyə müdaxilə edərsə, qarşısında Türkiyə olacaq” dedi. Bu səfərdə də Qarabağla bağlı hələ də həllini tapmayan problemlərə toxunuldu. Ərdoğan Şuşada konsulluğun açılacağını bildirdi. Bu əlbəttə ki, Ermənistan və havadarlarına təsirli mesajdır. Bizim diplomatik əlaqələrimizin günü-gündən inkişafını göstərən addımdır. Hazırda Ermənistanla Azərbaycan arasında müxtəlif formatlarda danışıqlar prosesi gedir. Proses ləng getsə də, nəticə etibarilə ortada danışıqlar və konkret həllini gözləyən məsələlər var. Bu prosesin uzanması Azərbaycanın da səbr kasasını daşırır. Ərdoğan yenə də qarşı tərəfə mesajlar verərək onları sülhə imza atmağa çağırdı. Sülhdən sonra bölgədə icra olunacaq layihələrin bütövlükdə regionun inkişafı üçün əlverişli olacağını bildirdi.

Türkiyə ilə Azərbaycan arasında əməkdaşlıq bütün sahələri əhatə edir. Ticarət əlaqələrimiz günü gündən genişlənir, ticarət dövriyyəsi artır. Şirkətlərin investisiyaları çoxalır. Enerji sahəsində əməkdaşlığımız hər zaman uğurlu olub. Həyata keçirdiyimiz ortaq layihələr Avropanın neft və qaz təminatında əsas rol oynayıb. Ortaq enerji layihələrimiz sayəsində Avropa ölkələri Rusiyanın enrji asılılığından qurtulub. Xüsusən 44 günük vətən müharibəsindən sonra bizim xüsusi diqqət ayırdığımız sahə hərbi əməkdaşlıqdır. Məlumunuzdur ki, müharibədən sonra 15 iyun 2021-ci ildə Şuşada önəmli bəyannamə imzalandı. Bu bəyannamə bütün sahələri əhatə etməklə daha çox hərbi inteqrasiyanın dərinləşməsinə töhvə vermişdir. 15 iyun 2021-ci il tarixdə iki qardaş ölkə arasında müttəfiqlik müqaviləsi - “Şuşa bəyannaməsi” imzalandı. Hesab edirəm ki, bu səfərin də məhz indiki vaxtda baş tutması simvolik məna daşıyır. Bu bəyannamə ölkələrimiz arasında bütün sahələrdə, eləcə də hərbi sahədə əməkdaşlığı dərinləşdirdi. Hər iki bir-birinin ərazi bütövlüyünün qarantoru oldu. Ölkəmizdə hərbi təlimlər keçirilir.

Müdafiə sənayesi sahəsində uğurlu addımlar atılır. Ölkələrimiz arasında müdafiə sənayesi sahəsində əməkdaşlıqda hərbi təchizat və silah sahəsində elmi və texniki yeniliklərdən istifadə edilir. Tərəflər arasında müdafiə təyinatlı mal və xidmətlərin təkmilləşdirilməsi, istehsalı, tədarükü və müvafiq texniki, eləcə də maddi-texniki təminat sahələrində daha səmərəli əməkdaşlıq vasitəsilə tərəflərin müdafiə sənayesi sahəsində bacarıqlarının inkişaf etdirilməsi təmin edilir. Hər iki ölkənin hərbi texniki qurumları, müdafiə sənayesi təşkilatları və təmir-bərpa müəssisələri arasında əməkdaşlıq edir, eyni zamanda, tərəflərin təşkilatçılığı və iştirakı ilə müdafiə sənayesi sərgisi və simpoziumları təşkil olunur.
Ölkələrimiz arasındakı qarşılıqlı münasibətlər nə bu günün, nə də dünənin iqtisadi maraqları əsasında formalaşıb. Bu əlaqələr dərin tarixi köklərə bağlanır. Bizə yaxın olan təkcə yüz illik bir tariximizə nəzər saldıqda qardaşlıq münasibətlərinin necə qırılmaz tellərlə bağlı olduğunu müşahidə edirik.

Züriyə Qarayeva

Aznews.az portalının siyasi şərhçisi