- Lalə xanım, Sizi tez-tez sosial şəbəkələrdə Laçından fotolar paylaşan görürük. Bu, Sizin professional fəaliyyətinizlə bağlıdır. Öncə oxucularımıza bu barədə məlumat verməyinizi xahiş edirik.
- Işğaldan yenicə azad olunmuş Laçının xəritəsini Bakı Abadlıq Xidmətinin ofisində ilk gördüyüm günü çox yaxşı xatırlayıram. Xarabalığa bənzər şəhər fantastik görünən qısa müddətdə abadlaşmalı, dünyanın ən gözəl şəhərlərindən birinə çevrilib sakinlərini qarşılamalı idi. İstəyirəm biləsiniz ki, bu gün paylaşdığım mənzərələrdə 7 mindən çox insanın fədakar zəhməti var. Onlardan yalnız bir hissəi laçınlıdır. Şəhərin dağıntılar altından dirçəlməsi üçün Azərbaycanın bütün bölgələrindən işçi qüvvəsi axışıb gəldi. “Dədə Qorqud” filmindəki kimi dağ başında tonqallar qalanmasa da, Laçının yenidən qurulması birliyin ibrətamiz mənzərəsi idi. Mən, Bakı Abadlıq Xidmətinin ictimaiyyətlə əlaqələrini tənzimləyən şöbənin nümayəndəsi kimi ilk dəfə Laçına gedəndə, tozanaqdan göz gözü görmürdü. Bir neçə ay ərzində adam heç öz mənzilini təmir edib bitirə bilmir. Bütöv bir şəhəri “diriltmək”– kommunikasiya, kanalizasiya - su, elektrik, qaz xətləri çəkmək, yolsuzluqda texnikanın keçidini təmin etmək, 600-dən çox yaşayış binasını ən keyfiyyətli materiallar, ən müasir dizaynla təkrar “ayağa qaldırmaq” nə deməkdir? Qış aylarında qar, leysan yağışlar… Laçına aparan nisbətən asan yolun humanitar aksiyanın davam etdiyi müddətdə bağlanmasını da nəzərə alsaz, görəcəksiz ki, Laçını işğaldan azad olunandan sonra, ilkin mərhələdə bərpa etməyin özü də böyük qəhrəmanlıq nümunəsi idı.

- Ancaq deyəsən Laçın sizi özünə çox bağlayıb. Sizcə, Laçın necə bir yerdir?
- Elə indicə Laçının son görüntülərini belə bir statusla paylaşdım: “Ən yaxşı halda 7 saat! Yarısı torpaq yol! Əgər bir gün rahat yatıb səhər yenə qayıtmaq istəyirsinizsə, bilin ki, artıq laçınlısınız, sadəcə hələ xəbəriniz yoxdur…” Həqiqətən, Laçın məni özünə çox bağladı. Bəlkə onun xarabalıqdan hər gün, hər saat dəyişilərək gülüstana necə çevrildiyini gözümlə görürdüm?.. Bəlkə ona görə ki, Laçın quruluşuna görə amfiteatrı xatırladır, mənsə ömrüm boyu mədəniyyətdən yazmışam? Bəlkə ən gərgin günləri orada gecə-gündüz çalışanlarla birgə keçirdik, sonra birgə sevindik deyə? Bəlkə dincəldiyimiz qısa fasilələrdə ən geniş süfrələrimiz orada açıldı? Bəlkə Laçının tərtəmiz dağ havası, gecələr belə cəh-cəh vuran quşlarının səsi bizə Bakının hay küyündən sığınacaq verdi, ona görə? Hər halda Laçına özəl münasibətimi izlədiyiniz paylaşımlarımdakı sevgidən hiss etmisiz...
- İşğaldan əvvəl Laçında olmuşdunuzmu? Olmamışdınızsa, Laçını necə təsəvvür edirdiniz? Bu təsəvvürləriniz özünü doğrultdumu?
- İşğaldan öncə Laçında olmamışam. Amma tələbə yoldaşlarımız arasında laçınlılar vardı, rayonu elə vəsf edirdilər ki, deyərdin dünyada bundan gözəl yer yoxdur. İndi özüm şahidəm, görürəm, doğrudan da dedikləri qədər varmış. Həkəri kimi tərtəmiz, gur çayın suyundan içəsən, həndəvərində dolanan qartallarla yanaşı uca dağların bərabərində yaşayasan, hər addımda yüz rəngə çalan çiçək bitən yaylaqların ətrini duyasan… sonra 30 il düzənlikdə, lap elə Bakı kimi gözəl şəhər olsun - darısqal evlərdə qərib kimi yaşayasan? Buna necə dözmək olar?

- Laçın işğal altında olanda mətbiatda bu rayon barədə çox sayda yazılar dərc olunurdu. Peşəkar bir jurnalist olaraq deyə bilərsinizmi ki, biz bir toplum olaraq Laçını ictimai şüurumuzda necə yaşatdıq?
- Laçınlıarı daha yaxından tanımağım üçün çalışdığım qurum mənə əla bəhanə verdi – Laçına qayıtmaq istəyən sakinlərin kataloqunu hazırlamaq tapşırığı aldım. Onlarla görüşüb danışarkən, heç bir tarixi romanda, heç bir dramatik filmdə rast gəlmədiyim həyat hekayələri ilə rastlaşdım. Torpağa çox bağlı, təhsilə meyilli, şükürlü insanlardır laçınlılar. Qarabağ uğrunda savaşan qazilərinin söhbətlərindən, ağsaqqallarının nəsihətlərindən, məşhur elm adamlarının nailiyyətlərindən kitablar yazmaq olar. Biz, dediyim kataloqda, sadəcə, şahid olduğumuz hisslərin, ürəyimizi parça-parça edən, göz yaşları ilə dilə gətirilən həyat mənzərələrinin sadəcə, qısa xülasəsini - məğzini çatdırmağa çalışdıq. İşlər tamamlanan kimi siz də oxuyacaqsınız.
- Laçının bütün kəndləri işğal altında olduğu müddətdə xaraba qoyulub. O kəndləri görərkən nə düşünürsünüz?
- Laçının kəndlərini hətta indiki vəziyyətdə görənlər də şəhəri bəyənmirlər. Doğrudan da, kəndlərə doğru getdikcə, təbiətin xarakteri də dəyişir – nəhəng, sərt qayalar hər biri maraqlı bir insan siması kimi - sanki onlara tamaşa edənlə söhbət edir. Düzü, mən, insan əli dəymədən mükəmməl yaşayış məskəninə bənzəyən qədim mağaraları… gur şəlalənin yanında dayanıb onun üzüaşağı necə axdığını ilk dəfə Laçında gördüm. Axı biz şəlaləyə aşağıdan yuxarı baxmağa öyrəşmişik. Minkəndə gedən yolda İstisu qaynağı gerçək möcüzədir. Bilirsinizmi, bir cavan oğlan var, Laçın işğaldan azad olunan kimi, mağaralardan birində məskunlaşıb. Həkərinin suyu, qızıl balığı ilə dolanır, İstisunun min dərdə dərman hovuzunda üzür… necə deyərlər, haqqın yolunu tapıb, gül kimi xoşbəxt yaşayır özü üçün. İnşallah oralara yolunuz düzəndə, görüb tanış olarsız… İtirilən vaxta heyif…Laçının 120-dən çox kəndindən birində də salamat ev tapmazsınız. Çox ağır mənzərədir. Əslən laçınlı aktrisa Mətanət Eresin öz kəndlərini ziyarət edəndən sonra necə hışqırdığını görəndə anlayırsan ki, minlərlə insanın uşaqlığı, gəncliyi, xatirələri bu dağıntılar altında qalıb. Qarşında açılan nəhəng xarabalıqlara baxanda fikirləşirsən ki, nə vaxtsa bu evlərdən uşaq səsi gəlib, məclislər qurulub, nənələr təndirə çörək yapıb… İnşallah gün gələr, yenə hər şey öz düzəninə qayıdar. Bəlkə başqa cür olar. Eyb etməz, təki qorxu filmlərindəki viranəliyə bənzəyən bu torpaqlara tezliklə həyat qayıtsın.

- Bilirik ki, Laçın yenidən inşa edilir. Azərbaycanın ən gözəl bölgələrindən biri məhz Laçın olacaq. Bu barədə təəssüratlarınız və fikirləriniz necədir?
- Laçın bu gün sadəcə abadlaşmır. O yeni tarixinə qədəm qoyur. Çox keçməyəcək ki, Laçın Qarabağda ən maraqlı tədris mərkəzlərinin fəaliyyətə başlayacağı bir bölgəyə çevriləcək. Gəzməyə, istirahətə getməyə haranı seçək, oxumaq üçün hara üz tutaq, işləmək üçün hara gedək deyəndə, ən çox eşidəcəyiniz cavab bu olacaq : Laçına…
- Artıq Laçına qayıdış başlayıb. Laçınlılar Laçında... Müşahidələrinizi bölüşməyi xahiş edirik.
- Özünüz bilirsiz, laçınlıların çoxu imkanlı olublar. Özləri deyirlər ki, siz Bakıda “villa” sözünü təzə eşidəndə, biz Laçında ikimərtəbə imarətlərdə yaşayırdıq. Düz deyirlərmiş, evləri təmir elə, elə, otaqlar bitmir, hərəsi bir mədəniyyət mərkəzi, klub qədər var. İlk evlər hazır olanda ən böyük arzumuz bu idi ki, qapını döyək, içəridən səs gəlsin, üzümüzə qapını taybatay açanlar “xoş gəlmisiz” deyib bizi çaya dəvət etsinlər. İndi artıq arzularımız çin olub. Laçınlılar Laçındadırlar. “Bir qarış torpaq olsun, Laçın olsun” deyənlər indi abad şəhərdə, rahat evlərdədirlər. Bir şəhərə nə qədər bəzək vursan da, onun əsil yaraşığı insanlardır. Torpağını, elini, obasını sevən insanlar… 30 il əvvəl zülmlə köç etmək, illər sonra təkrar dogma yurda qayıtmaq sizə asan gəlməsin. Əlbəttə, çətinliklər də olacaq. Bəs necə? Xoşbəxtlik çətinliklərlə, fədakarlıqla əldə olunur.

- Laçın çaylarının qeyri-adi səs ahənfi var. Bu ahəng sizə hansı musiqini xatırladır?
- Hansı musiqini xatırladır? “Laçınım mənim” mahnısını. Məhəbbət Kazımovun ifasında laçınlıların çox sevdikləri mahnının sədası təmir boyu demək olar ki, bütün meydançalardan gəlirdi. Deyəsən laçınlılara ruh verirdi bu mahnı. Elə buna görə, bir maraqlı iş gördük – həsrət dolu, qəmli “Laçınım mənim” mahnısına yeni həyat vermək və laçınlılara orijinal hədiyyə etmək qərarına gəldik. Asif Kərimovun aranjimanında mahnı minor laddan majora keçdi. Məhəbbət Kazımovun öz səsi, ifası ilə başlanan yeni versiyanın sözlərini laçınlı Şərif Ağayarla yüngülvari redaktə etdik, laçınlı xanəndələr Ehtiram Hüseynov, Murad Laçınlı, Dünyamin Alışov, Sahil Qurbanovun ifasında “Laçınım mənim” mahnısı qayıdış rəmzinə çevrildi.

- Laçınla bağlı sənədli filmlər, kitablar nəşr olunmasına ehtiyac var. Bu barədə də fəaliyyət göstərdiyinizi bilirik. İşlər necə gedir?
- Laçınla bağlı ən gözəl xəbərlərdən biri budur ki, şəhərin məşhur Hoçaz qayası ilə üzbəüz ən hündür nöqtələrindən birində “Hoçazfilm” kreativ studiyası fəaliyyətə başlayıb. Studiyanın ilk layihəsi Cümhuriyyətin ilk Hərb Naziri, əslən laçınlı, əfsanəvi qəhrəman Xosrov bəy Sultanov haqqında “Qarabağ qubernatoru” bədii-sənədli filmidir. Artıq çəkilişlərə başlanıb. Çox güman ki, bir ay sonra filmin tizerini saytınızda yerləşdirəcəksiniz. Bundan başqa, Laçında konopavilyon açılması nəzərdə tutulub ki, unikal dekorları ilə bu pavilyonun reklam və kino biznesi ilə məşğul peşəkarların diqqətini çəkəcəyinə əminik. “Hoçazfilm” Qarabağın yeni salnaməsinin videoformatda və yüksək keyfiyyətlə qeydə alınması baxımından zamanında atılmış addımdır. İnanıram ki, kino sənayesinin inkişafında maraqlı olan bütün qurumlar, prodakşnlar “Hoçazfilm”lə əməkdaşlıq perspektivlərini müzakirə edəcəklər.
- Laçında ən yadda qalan xatirəniz hansıdır?
- Laçında yeni tarix yazılır deyə, hər günümüz yaddaqalandır. Amma bir axşam gördüyüm mənzərəni heç vaxt unutmayacağam. Mayın son günləri idi, şəhərdə 24 saat növbəli iş gedirdi. Ağır texnikanın səsindən qulaq batırdı. Hava da sanki işə kömək etməkçün hazır dayanmışdı – çox toz qopanda yüngül yağış çiləyir, yorğunluq güc gələndə dağlardan əsən sərin meh yuxuları qaçırırdı. Bir gün, gecə yarını keçəndə, gözlərimi qaldırıb səmaya baxdım. Ulduzlar heyrətamiz dərəcədə yaxın göründülər. Elə bil, qaranlıqda işləyənlər sıxılmasınlar deyə, göydə qeyri-adi “işıq şousu” yaratmışdılar. “Baxın, göyə baxın” dedim. Başını qaldırmağa macal tapanların üzünə eynən mənim kimi rahatlıq gəldi. Laçının mehriban təbəssümünü gördüm, səsini eşitdim onda: “tələsməyin, hər şey yaxşı olacaq…”
Ayan RZAYEVA,
AzNews.az