Ermənistanın bütün kartları tükənib

14 İyun 2023 23:14 (UTC+04:00)

Erməni politoloq Yervand Bozoyan ölkəsinin mediasını çalxalayan bəyanat səsləndirib. Bəyanatda deyilir: “Azərbaycan artıq Qarabağla bağlı istədiyini alıb. İndi də Qarabağ ermənilərinin Azərbaycana inteqrasiyasına nail olmağa çalışır, qarşıya da iki seçim qoyub: ya inteqrasiya edirlər, ya da gedirlər. Nikol Paşinyanın sözlərindən aydın oldu ki, Qarabağı Azərbaycanın bir hissəsi kimi tanıyır. Qarabağı Azərbaycana təhvil verib…Artıq hər şey çox aydın olur. Belə davam edərsə, Azərbaycan istədiyinə nail olacaq. Haqqında heç nə bilmədiyimiz bir sıra müfəssəl suallar da var. Təsəvvür edin, bu şərtlər daxilində Azərbaycan hansı tələbləri irəli sürə bilər. Nə baş verə biləcəyini təxmin edə bilərik. Bu durumda Ermənistanın Azərbaycana qarşı istifadə edə biləcəyi heç bir kartı yoxdur.”

Bu fikirlər əslində ermənilər üçün təəccüblü olmamalıdır. Erməni politoloq reallıqlıqları görə bilib.

Ermənistanın Azərbaycan qarşısında istifadə edə biləcəyi bütün kartlar tükənib. O kartların istifadə müddətini ordu 44 günlük müharibədəki qələbə ilə bitirib. Məğlub tərəfin qalib tərəfin qarşısında hansı kartı ola bilər? Diz çöküb ağ bayraq qaldıran ölkə kartları barədə yox, üzərinə götürdüyü öhdəliklər barədə düşünməlidir. Biz onlara qarşı humanistlik edib vaxt tanıyırıqsa, bu onlara hansısa üstünlük əldə etmək üçün çabalamaq imkanı vermək anlamına gəlmir. Bəli, Xankəndidə yaşayan ermənilərin yalnız iki yolu var: ya Azərbaycan qanunvericiliyini qəbul etmək, ya da Laçın yolundan istifadə edərək ölkəmizi tərk etmək. Biz onlara qanunvericiliyimiz altında yaşamaq üçün bütün mümkün imkanları təmin edirik, ölkəmizdə yaşayan digər xalqlar kimi. Sosial təlatümlər ölkəsi olan Ermənistandan fərqli olaraq, yüksək yaşayış vəd edirik. Onlar separatçıların özləri kimi uydurma vədlərinə inanmaq istəyirlərsə, gedib Ermənistana inanmağa davam edə bilərlər. Bölgədə bir nəfər olsun separatçı qalmayacaq. İlham Əliyev onlara silahı yerə qoyarlarsa amnistiya vəd edir. Əlbəttə ki, söhbət onların bizim vətəndaşlığımız altında yaşamağa davam etməsindən getmir. Söhbət təhlükəsiz şəraitdə Qarabağı tərk etməklərinə şərait yaradılmasından gedir. Biz onlara bütün alternativ seçim imkanlarını təqdim edirik. Ermənistana gəldikdə isə, onların sülh müqaviləsini imzalamaqdan başqa yolu yoxdur. Paşinyan ərazi bütövlüyümüzü tanımasaydı öz ərazi bütövlüyü hansı formada sual altına düşəcəyini çox yaxşı bilirdi. Biz Ermənistan kimi təcavüzkar ölkə deyilik. Lakin adekvat tədbirlər görmək üçün də bütün imkanlarımız var.

Züriyə Qarayeva
Aznews.az portalının siyasi şərhçisi