“Ermənistan Azərbaycana “təzyiq mesajları” çatdırmaq istəyir” -Politoloq

15 İyun 2023 10:48 (UTC+04:00)

Müdafiə Nazirliyinin məlumatına əsasən, 13 iyun tarixində Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Heydərabad yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini minaatanlar da daxil olmaqla iriçaplı silahlardan atəşə tutub. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Naxçıvan istiqamətində törədilmiş növbəti hərbi təxribatla bağlı bəyanat yayıb.

Məsələ ilə bağlı BAXCP sədrinin müavini, politoloq Niyaməddin Orduxanlı Aznews.az-a açıqlama verib.

Onun sözlərinə görə, son zamanlar Ermənistan tərəfindən intensiv olaraq Azərbaycan əraziləri atəşə tutulur.

“Ermənistan son günlər mövqelərimizi dəfələrlə atəşə tutur. Ötən gün isə Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Heydərabad yaşayış məntəqəsi iriçaplı silahlarla atəşə tutulub. Bunu Ermənistan və onu himayə edən dövlətlər qəsddən törədirlər. İstədikləri Azərbaycanı növbəti təxribata sürükləməkdir. “Təzyiq mesajlarını” Azərbaycana çatdırmaq istəyir. Ancaq dərhal ordumuz tərəfindən lazımi cavabları alırlar”.

Politoloq qeyd edib ki, Ermənistan bu hərəklərlə Azərbaycana təzyiq etdiyini düşünür.

“Bütün hallarda Azərbaycan Orudusu adekvat cavab verir. Ermənistan baş vermiş hadisələrdən nəticə çıxarmalıdır. Çıxarmadığı halda Azərbaycan çox kiçik antiterror əməliyyatı həyata keçirmək məcburiyyətində olacaq. Prezident İlham Əliyev Laçın şəhərində son xəbərdarlğını edib. Ermənistan və onu himayə edən ölkələr ondan nəticə çıxarmalıdırlar. Ermənistan dəfələrlə sülh sazişini bağlamaqdan boyun qaçırır. Bütün imkanları ilə çalışır ki, bu məsələ uzansın. Burada Rusiyanın da öz maraqları var”.