Qanunsuz və yalançı sahibkarlıq, qaçaqmalçılıq, sənədləri saxtalaşdırma... - Bəxtiyar Hacıyevə yeni ittihamlar

18 İyun 2023 15:05 (UTC+04:00)

"Bəxtiyar Hacıyevə Cinayət Məcəlləsinin 192, 193-1, 206, 320.1, 320.2- maddələri ilə yeni ittihhamlar verilib".

Bu barədə hüquq müdafiəçisi Fikrət Cəfərli məlumat yayıb.

AzNews.az Cinayət Məcəlləsinin həmin maddələrini təqdim edir:

Maddə 192. Qanunsuz sahibkarlıq

192.1. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına (vergi uçotuna) alınmadan və ya xüsusi razılıq (lisenziya) tələb olunduğu halda belə razılıq (lisenziya) almadan, həmçinin lisenziyalaşdırılma şərtlərinin pozulması ilə və ya xüsusi icazə olmadan mülki dövriyyəsi məhdudlaşdırılmış əşyalardan istifadə etməklə həyata keçirilən sahibkarlıq fəaliyyəti ilə məşğul olma fiziki və ya hüquqi şəxslərə, yaxud dövlətə xeyli miqdarda ziyan vurduqda habelə xeyli miqdarda gəlir əldə etməklə törədildikdə-

cinayət nəticəsində vurulmuş ziyanın (əldə edilmiş gəlirin) iki mislindən üç mislinədək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Maddə 193. Yalançı sahibkarlıq

193.1. Yalançı sahibkarlıq, yəni kredit almaq, rüsumlardan azad olmaq və ya digər əmlak mənfəəti əldə etmək, yaxud qadağan edilmiş fəaliyyəti gizlətmək məqsədi ilə sahibkarlıq fəaliyyətini həyata keçirmək niyyəti olmadan müəssisə və ya digər hüquqi şəxsin yaradılması xeyli miqdarda ziyan vurduqda habelə xeyli miqdarda gəlir əldə etməklə törədildikdə -

cinayət nəticəsində vurulmuş ziyanın (əldə edilmiş gəlirin) iki mislindən üç mislinədək miqdarda cərimə və ya altı ayadək müddətə azadlığın məhdudlaşdırılması və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Maddə 206. Qaçaqmalçılıq

206.1. Qaçaqmalçılıq, yəni Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli, yaxud sənədlərdən və ya gömrük eyniləşdirilməsi vasitələrindən aldatma yolu ilə istifadə etməklə, yaxud bəyan etməməklə və ya düzgün bəyan etməməklə bu Məcəllənin 206.2-ci maddəsində qeyd edilənlər istisna olmaqla malların və digər əşyaların xeyli miqdarda keçirilməsi-

cinayətin predmetinin dəyərinin qırx faizindən altmış faizinədək miqdarında cərimə və ya cinayətin predmetinin dəyərinin qırx faizindən altmış faizinədək miqdarında cərimə edilməklə üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır

Maddə 320. Rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlama, satma və ya saxta sənədlərdən istifadə etmə

320.1. Hüquq verən və ya vəzifədən azad edən vəsiqəni və ya digər rəsmi sənədi istifadə etmək məqsədi ilə saxtalaşdırma və ya qanunsuz hazırlama, yaxud bu cür sənədi satma, habelə eyni məqsədlə Azərbaycan Respublikasının saxta dövlət təltifini, ştampı, möhürü, blankı hazırlama və ya satma

üç min manatdan altı min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

320.2. Bu Məcəllənin 320.1-ci maddəsində göstərilmiş bilə-bilə saxta sənədlərdən istifadə etmə—

min manatdan iki min manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan üç yüz saatadək müddətə ictimai işlərlə və ya bir ilədək müddətə islah işləri və ya eyni müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

AzNews.az