İyulun 21-də isə Azərbaycan Prezidenti İlham Əliyev, Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişel və Ermənistanın baş naziri Nikol Paşinyan yenidən Brüsseldə görüşəcəklər. Bəs görüşdən əvvəl Ermənistan tərəfindən sərhəddə tez-tez təxribatların törədilməsi nəyə işarədir? Qarşı tərəf bununla nəyə nail olmaq istəyir? Ümumiyyətlə, görüş zamanı konkret nəticə əldə olunması ehtimalı varmı?
Mövzu ilə bağlı politoloq Sədrəddin Soltan saytımıza açıqlamasında bildirib ki, Ermənistan tərəfi bu tip görüşlər ərəfəsində davamlı olaraq təxribata, təhrikə əl atır. O qeyd edib ki, ermənilər əvvəllər də belə hadisələr törədib: "İndi də Ermənistan beynəlxalq ictimaiyyətin diqqətini sülhdən çox sərhədyanı ərazilərdəki vəziyyətə çəkmək üçün təhrikedici addımlar atır. Bununla Ermənistan çalışır ki, Azərbaycanı qınaq hədəfinə çevirsin, həm də danışıqlar zamanı əsas məqsəddən deyil, daha çox təhrikedici və təxribat addımlarının nəticələrindən danışsınlar. Bununla da danışıqlar prosesinin uzadılmasına yaxud da konkret məsələlərin həllindən yayınmağa çalışırlar”.
Politoloqun sözlərinə görə, iyulun 21- də nəticəli bir görüşün olacağı gözlənilmir, çünki indiyə qədər Ermənistan qarşısında irəli sürülən şərtlərin heç birinə əməl etməyib: “Düzdür, Ermənistan tərəfi irəli sürülən şərtlərin bəzilərinə müsbət reaksiya verib, onların həyata keçirilməsi barədə təmtəraqlı sözlər deyib. Amma indiyə qədər nə 2020-ci il 10 noyabr bəyanatının müddəaları yerinə yetirilib, nə də müxtəlif görüşlərdə Ermənistan qarşısında qoyulan tələblər həyata keçirilib. Odur ki, Brüssel görüşündə ikitərəfli görüşlərdəki problemləri yenidən diqqətə çatdırılacağı yaxud ötən görüşdən qalan məsələlərin yenidən müzakirə ediləcəyi gözlənilir. Konkret hansısa mühüm sülh sənədinin, yaxud demarkasiya və delimitasiyaya dair hərhansı böyük sənədin imzalanması ehtimalı çox azdır”.
Rəşid Qarayev