İyulun 21-də isə Azərbaycan Prezidenti İlham Əliyev, Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişel və Ermənistanın baş naziri Nikol Paşinyan yenidən Brüsseldə görüşəcəklər. Bəs görüşdən əvvəl Ermənistan tərəfindən sərhəddə tez-tez təxribatların törədilməsi nəyə işarədir? Qarşı tərəf bununla nəyə nail olmaq istəyir? Ümumiyyətlə, görüş zamanı konkret nəticə əldə olunması ehtimalı varmı?
“Atəşkəsin pozulması Brüsseldə keçirilməsi nəzərdə tutulan görüş öncəsi bir növ təzyiq vasitəsi kimi istifadə olunur”.
Bu sözləri mövzu ilə bağlı AzNews.az-a açıqlamasında millət vəkili Nəsib Məhəməliyev deyib.
Onun sözlərinə görə, son günlər Ermənistanın Azərbaycanla sərhəd boyunca canlı qüvvə və hərbi texnikasını cəmləşdirməklə məşğul olduğu görünür: ”Burada təbii ki, xarici faktorlar da mövcuddur. Bir tərəfdən Ermənistan Fransadan, Hindistandan, İrandan çox ağır döyüş texnikası, raketlər alır, öz ordusunu yenidən təşkilatlandırır. Digər tərəfdən sülh müqaviləsinin imzalanmasından müxtəlif bəhanələrlə yayınır. Düşünürəm ki, sülh arzulayan, sülh istəyən ölkə döyüş texnikasını sərhədə yığmamalıdır. Bu faktın özü Ermənistanın mahiyyətini göstərir”.
N.Məhəməliyev bildirib ki, ölkədə çox kəskin, açıq geosiyasi mübarizə gedir. Fransa bütün varlığı ilə çalışır ki, Cənubi Qafqaza daxil olsun. Bu yaxınlarda milli assambleyada Fransanın xarici işlər naziri dəfələrlə Ermənistanın adını çəkməklə, "Ermənistanı bütün vasitələrlə müdafiə edirik, edəcəyik" tipli ifadələr işlətməklə təbii ki, sülhün əldə olunmasına maneçilik törədir. Rusiya öz ənənəvi siyasətinə sadiq qalaraq çalışır ki, Qarabağda möhkəmlənsin.
Millət vəkili onu da qeyd edib ki, Zəngəzur dəhlizinin açılması gündəmdədir, bu istiqamətdə çox ciddi işlər aparılır, dəhlizin fəaliyyət formatı üzərində iş gedir: “Brüssel və Moskvanın vasitəçiliyi ilə aparılan danışıqların fərqi ondadır ki, Moskva istəyir ki, proseslər öz nəzarəti altında həyata keçirilsin. Brüssel isə təklif etmişdi ki, proseslər milli qanunvericilik əsasında həyata keçirilsin. Burada ümumdünya gömrük təşkilatının mütəxəssisləri yardım etsinlər, kənar qüvvələr olmasın. Bu fərq də təbii ki, bölgədə müxtəlif qüvvələr arasında rəqabəti gücləndirən faktorlardır. Ona görə də birmənalı demək olar ki, atəşkəsin tez-tez pozulması, döyüş texnikasını sərhədə cəmlənməsi diplomatik masada təzyiq vasitəsi kimi istifadə etmək üçün atılan addımlardır”.
N.Məhəməliyev sonda deyib ki, indiki vəziyyətdə görüşdə hansısa real nəticə əldə olunacağını düşünmür: “Böyük sülh müqaviləsinin imzalanması bir çox problemlərin həlli deməkdir. Ancaq geosiyasi şərtlər elədir ki, sülh müqaviləsinin imzalanması indiki vəziyyətdə real görünmür. Bu baxımdan mən o qədər optimist deyiləm ki, Brüsseldə sülh müqaviləsinin imzalanmasında hansısa bir addım atılacaq”.
Rəşid Qarayev