“Azərbaycanla Britaniya arasında əlaqələr tarixi və strateji xarakterli əməkdaşlıq xətti ilə bir neçə əsrlik tarixə malikdir. Böyük Britaniya Azərbaycanın müstəqilliyini tanıyan ilk dövlətlərdən biridir”.
Bunu AzNews.az-a açıqlamasında Yeganə Hacıyeva deyib.
O bildirib ki, münasibətlərin ən yeni tarixinə nəzər saldıqda 2015-ci ildən Azərbaycan və Böyük Britaniya şirkətlərinə neft-qaz sektorunda müqavilələrin bağlanması, irimiqyaslı layihələrin həyata keçirilməsi prosesində köməklik göstərən "UKTI-High Value Opportunity" proqramının aktivləşdiyini görmək olar: “Bununla da müasir dövrdə maliyyə imkanlarının idarə olunmasında aparıcı alətlər hesab olunan imkanlara yiyələnib. Bu proqram təkcə Xəzər dənizi hövzəsi deyil, digər regionları da əhatə edir. 2017-ci ilin sonunda artıq 500-dən çox Britaniya şirkəti Azərbaycanda fəaliyyət göstərirdi”.
Politoloqun sözlərinə görə, Böyük Britaniya Azərbaycan iqtisadiyyatına yatırılan xarici investisiyaların həcminə görə liderliyi əldə edib: “44 günlük Vətən müharibəsindən sonra Cənubi Qafqazın geosiyasi məkanının yenidən formalaşdırılması, Cənubi Qafqazın regional təhlükəsizlik arxitekturası prosesi həlledici mərhələyə qədəm qoyub. Britaniyanın 44 günlük Qarabağ savaşında Azərbaycana mənəvi dəstəyi də heç kəsə sirr deyil. Ölkələrarası münasibətlər son illər ən yüksək səviyyədə inkişaf edir”.
Y.Hacıyeva sonda qeyd edib ki, Britaniya minatəmizləmə sahəsində ölkəmizlə əməkdaşlıqda maraqlıdır və bu sahədə təcrübəli təşkilatları var: “Səfər zamanı Böyük Britaniya və Azərbaycan arasında müdafiə sahəsində əməkdaşlığın genişləndirilməsi imkanları, Ukraynadakı vəziyyət, Ermənistan və Azərbaycan arasında həll olunmamış problemlər və sülh prosesinin vəziyyəti müzakirə olunacağını düşünürəm. Bir sözlə bu səfərdə iki ölkə arasında strateji tərəfdaşlığın daha da möhkəmləndirilməsi yolları müzakirə ediləcək”.
Rəşid Qarayev