Sülhməramlılara ərzaq Azərbaycan üzərindən çatdırılmalıdır - Politoloq

20 İyun 2023 17:38 (UTC+04:00)

Erməni KİV-lərində yayılan məlumatlara görə, Azərbaycan tərəfi Rusiya sülhməramlılarına ərzaq təminatlarını Ağdam üzərindən daşımağı təklif edib.

Mövzu ilə bağlı saytmıza danışan politoloq Oqtay Qasımov bildirib ki, Rusiya bölgəyə yerləşəndən sonra Azərbaycanın təklifləri nəticəsində bir çox hallarda onların yükləri Gəncə hava limanına ondan sonra Bərdə üzərindən Xankəndinə daşınıb:

"Hesab edirəm ki, bu praktika genişləndirilməlidir və onların təminatı əsasən Azərbaycan ərazisindən həyata keçirilməlidir. Onların formal hansısa bəhanələri ola bilər. Mümkündür ki, hərbi texnika yaxud hərbi sursatları Ermənistanda yerləşən 102-ci bazadan təmin edirlər deyə ərzaq təminatı da ordan edilir. Qida və gündəlik məhsulların çatdırılması Azərbaycan üzərindən təmin olunmalıdır, Bərdə və Ağdamdan keçməklə Xankəndiyə çatdırılmalıdır. Bu yol daha qısa, daha rahat və uyğun marşrutdur, nəinki İrəvandan Xankəndiyə dağlıq və mürəkkəb relyef şəraitində yüklərin daşınması”, - deyə o əlavə edib.

Politoloqun qeyd edib ki, Qırmızı Xaç Komitəsinin fəaliyyəti fəaliyyəti ilə bağlı ciddi narazılıqlar var:

“Xüsusilə də Qırmızı xaç komitəsinin birinci Qarabağ savaşından sonrakı dövrdə Azərbaycanın itkin düşmüş 4000-ə yaxın vətəndaşının taleyi ilə bağlı ciddi işlər görməməsi, o cümlədən ermənilərin əlinə keçmiş azərbaycanlılara qarşı işgəncələrlə bağlı məsələlərdə aktiv olmaması Azərbaycan cəmiyyətində kifayət qədər narazılıq yaradır. Hazırda Azərbaycan tərəfinin tələbi ondan ibarətdir ki, Qırmızı Xaç Komitəsinin Xankəndidə fəaliyyət şöbəsi komitənin Bakıdakı nümayəndəliyinə tabe olmalıdır və buradan idarə edilməlidir. Bu məsələyə indiyə qədər baxılmayıb. Mən hesab edirəm ki, bu məsələlərin həllinin zamanı çatıb. Düşünürəm ki, qarşıdakı mərhələlərdə biz bu proseslərin şahidi ola biləcəyik”.

Rəşid Qarayev