Ermənilərin Arazdəyəndə inşa etdiyi metallurgiya zavodunda bu gün saat 13:00-da ABŞ və Ermənistan bayraqları qaldırılıb. Sözügedən ərazidə ABŞ bayrağının qaldırılması müzakirə mövzusuna çevrilib.
Məsələ ilə bağlı “Səma və Eko” Sosial İqtisadi İnkişafa Yardım İctimai Birliyinin sədri İradə Həsənova AzNews.az-a açıqlama verib.
O bildirib ki, Arazdəyəndə metallurgiya zavodunun inşası üçün maliyyə yardımı ayıran Amerika Birləşmiş Ştatlarıdır. Bu zavodun tikilməsi üçün 75 milyon dollar maliyyə yardımı ayrılıb: "Burada təxribat yaratmağa çalışırlar. Bununla yanaşı bu addımı atmaqda onların məqsədi bizim ekologiyaya zərər vurmaqdır. Bu yeni bir terrordur".
İ. Həsənova onu da qeyd edib ki, bu təkcə Azərbaycana deyil, eyni zamanda regiondakı ərazilərin hər birinə ciddi ekoloji zərər vurur: “Havaya buraxılan zəhərli qazlar regionda kənd təsərüffatına ciddi zərər vuracaq. Bu da digər problemlərin yaranmasına gətirib çıxaracaq. Ermənistanın yaratdığı problem əhalidə ciddi sağlamlıq problemlərinin yaranmasına səbəb olacaq. Hər cür təxribata əl atandan sonra növbəti plan da bu zavodun tikilməsi oldu”.
QHT sədri əlavə edib ki, beynəlxalq təşkilatlar bununla bağlı iddi tədbirlər görməlidirlər. Ermənistan artıq bütün normativləri pozub. Azərbaycan tərəfi beynəlxalq təşkilatların bu məsələni qaldırması üçün müraciət edib: "Azərbaycanın QHT-ləri, ekoloqları Ermənistanın Arazdəyəndə ekoloji fəlakətə yol açacaq layihəsi ilə bağlı bəyanat yayıb. Təəssüf edirik ki, hələ də beynəlxalq təşkilatlar bu məsələyə göz yumur. Bundan əvvəl də beynəlxalq təşkilatlara Laçınla, Oxçuçayla bağlı müraciətlərimiz olub.
Bizim səsimizi eşitmək istəmirlər. Ermənistan tərəfi əlacsız qalıb və indi də ekoloji terrora əl atır. Bilməlidirlər ki, onların qarşısında güclü Azərbaycan Ordusu dayanıb. Amerikanın maliyyə dəstəyi ilə tikilən şirkətin kim tərəfindən idarə oldunduğunu da bilmək lazımdır. Bəlkə də məqsədləri erməni diasporasının nəzarəti altında layihə həyata keçirməkdir”.
Ayan Rzayeva