Arutunyanın Laçın dəhlizindən keçib Ermənistana getməsinə yol verilməməlidir - Elçin Mirzəbəyli

20 İyun 2023 17:59 (UTC+04:00)

Ermənistan parlamentinin 44 günlük müharibəni araşdıran təhqiqat komissiyasının sədri Andranik Köçəryan jurnalistlərə bildirib ki, "Artsax prezidenti" Araik Arutyunyan sorğulanmaq üçün İrəvana dəvət ediləcək.

Mövzu ilə bağlı saytımıza danışan ekspert Elçin Mirzəbəyli bildirib ki, Ermənistan tərəfinin həm istintaq komitəsinin, həm də Ermənistan parlamentinin araşdırma komissiyasının apardığı araşdırmalar qeyri-qanunidir.

"Bəşər tarixində işğalçı dövlətin nə üçün uduzmasının səbəbləri ilə bağlı müvafiq məhkəmə işləri, istintaq materialları yoxdur. Biz əgər ikinci dünya müharibəsinin nəticəsində baş verən həm təzminat davalarına, həm də digər müharibə cinayətləri ilə bağlı olan tribunaların materiallarına diqqət yetirsək, görərik ki, bunlar yalnız işğalçı üzərində olan məhkəmə materialları və istintaq materiallarıdır. Bu ermənilərin təfəkkürünün bəşər təfəkkürünə, insan təfəkkürünə, sivil təfəkkürə uyğun gəlmədiyi üçündür”, - deyə o əlavə edib.

E.Mirzəbəyli deyib ki, işğalçı nə üçün uduzduğunun səbəblərini axtarır. Həm də bunu elə bir formada qələmə verir ki, guya hüquqi baxımdan, tarixi baxımdan onlara məxsus olan torpaqlar Azərbaycan tərəfindən alınıb:

“Bu, Nikol Paşinyanın çıxışında da özünü büruzə verdi. Şuşanın "işğal" edilməsi məsələsini gündəliyə gətirdi. Hansı ki, bu adam çıxışlarında Qarabağı Azərbaycan ərazisi kimi tanıdığını bəyan edir. Bütövlükdə bu istintaq, məhkəmə işi başdan ayağa komediyadır, normal düşünməyi bacaran insanlar üçün məsxərə obyektidir. Nəyin araşdırmasını aparırlar?"

Ekspert qeyd edib ki, Ermənistan sivil, hüquqi bir dövlət olduğunu büruzə vermək istəyirdisə, o zaman müharibə cinayətləri törədən ermənilər üzərində məhkəmə qurmalı idi: “Eyni zamanda Azərbaycan ərazilərində qeyri-qanuni fəaliyyət göstərən, həmçinin Azərbaycan dini, mədəni, tarixi abidələrini dağıdan, torpaqlarımızı mina tarlasına çevirən insanların məsuliyyətə cəlb edilməsi istiqamətində müvafiq addımlar atmalı idi. Bu məsələnin fundamental tərəfidir və reallıq da bundan ibarətdir”.

Onun sözlərinə görə, indiki şəraitdə Araik Arurunyanın ümumiyyətlə Ermənistana yenə sorğulanmaya dəvət edilməsi anlaşılan deyil:

“Hansı statusda dəvət olunur? O kimdir? Onun mövcud olduğu saxta qondarma rejim Ermənistanın işğalı nəticəsində ortaya çıxan bir rejim idi. Ermənistan tərəfi içində cinayətə yol veribsə, o zaman səbəb araşdırılmalı və separatçı bir qeyri-qanuni rejimin Azərbaycan ərazilərində mövcudluğuna və himayə olunmasına təminat verən Ermənistan ordusunun rəhbərliyi cinayət məsuliyyətinə cəlb olunmalıdır”.

E.Mirzəbəylinin fikrincə, sülhməramlılar Araik Arutunyanı hansısa formada, ehtiyat benzin bakının içərisində və yaxud hansısa başqa bir formada yük maşınlarında Azərbaycan ərazisindən çıxarmağa cəhd göstərməyəcəksə, Arutunyanın Laçın dəhlizindən keçərək Ermənistana getməsinə yol verilməməlidir: "Mahiyyət etibarilə nəzərə almaq lazımdır ki, onun haqqında qiyabi hökm çıxarılıb və harada olmasından asılı olmayaraq dərhal həbs olunaraq Azərbaycan ədalət məhkəməsi qarşısına çıxarılmalıdır. Mövcud reallıqlar da, hüquq da bunu tələb edir”.

Rəşid Qarayev