Gədəbəydə faydalı metalların çıxarılmasına dünən start verilməyib.
Azərbaycanımızın bu dilbər guşəsi həm də mədən regionudur.
İndi dövlətimiz müstəqildir və təbii sərvətlərimizin çıxarılması, emal olunması və satılması dövlətimizin, xalqımızın inkişafına sərf olunur.
Əlbəttə, ağzıgöyçəklər həmişə olub və olacaq. Yuxarıda dediklərimizi belələrinə isbat etmək də çətin məsələdir. Ona görə çətindir ki, bu qəbildən olanlar kolxoz məntiqindən hələ də çıxa bilməyiblər. Elə bilirlər ki, bir mədəndən qızıl çıxarılırsa, ətrafda yaşayan hər kəsə ildə bir külçə verilməlidir. Ancaq başa düşmək istəmirlər ki, elə həmin rayon da daxil olmaqla, ölkənin təhsilinə, səhiyyəsinə, sosial proqramlarına büdcədən xərclənən vəsaitin bir qaynağı da məhz təbii sərvətləri istismar edən şirkətlərdir.
Əgər bir ərazidə faydalı qazıntı çıxarılırsa, heç şübhəsiz ki, orada tullantılar, çirkli sular olacaq. Ancaq bu tullantıların və çirkli suların ərtaf mühitə və insanlara zərər verməməsi üçün həm miqdarı, həm də atıldığı, axıdıldığı yer nəzarət altında tutulmalıdır.
Gədəbəyin Söyüdlü kəndi yaxınlığında da süni su hövzəsi məhz bu məqsədlə yaradılıb.
Yaradılan göllə bağlı uzun illərdir ki, dəfələrlə mətbuata yerli sakinlərin adından- əksər hallarda gerçək müəlliflər xarici donorlarıdan maliyyə alan QHT-lər olub- şikayətlər göndərilib. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları hər dəfə gedib əraziyə baxış keçiriblər, nümunələr götürüblər, analizlər aparıblar, sonucda məlumatlar öz təsdiqini tapmayıb.
Odur ki, Gədəbəyin Söyüdlü kəndində baş verənlərə üç aspektdən baxmaq lazımdır.
Birincisi, bu aksiyanı kimlər təşkil edib?
İkincisi, aksiya iştirakçılarının doğrudanmı “təmiz hava, təmiz su” üçün evindən çıxıb?
Üçüncüsü, aksiya iştirakçılarına qarşı tətbiq edilən güc qədərində olubmu?
Sonuncudan başlayaq.
Daxili İşlər Nazirliyi rəsmi məlumat yayıb və bildirib ki, aksiyanın qadın iştirakçılarına qarşı gözyaşardıcı qazdan istifadə edən çevik polisin əməkdaşları ilə bağlı daxili təhqiqat başlayıb. Gözyaşardıcı qaz insana uzunmüddətli təsir göstərmir, səhhətində problem yaratmır. Söhbət indiki halda polislərin davranış qaydalarının və cəmiyyətimizin ümumi mənəvi normalarının pozulmasından gedir ki, DİN bu məsələdə ictimai təpkini anlayışla qarşılayaraq araşdırma üçün Gədəbəyə xüsusi qrup ezam edib. Ancaq zənnimcə, təkcə gözyaşardıcı qazdan istifadə ilə bağlı yox, polisin üstünə daş-kəsək qolazlayanlarla bağlı da təhqiqat aparılmalıdır.
Digər suala gəlincə, vətəndaşlarımızın ətraf mühit təəssübkeşliyi, əlbəttə, təqdirə layiqdir. Ancaq bu təəssübkeşlik öz vəzifəsini icra edən şəxslərin və onların idarə etdikləri avtomobillərin daşlanmasına rəvac verirsə, məsələ ekoloji həssaslıqla ötüşmür, başqa yerlərə varır. Söyüdlü camaatı Azərbaycan elminə Qoşqar Əhmədli və Cəmil Əhmədli kimi böyük alimlər, ziyalılar bəxş edib. Gədəbəy əhalisinin Qarabağ savaşındakı şücaətləri də məlumdur. Müdafiə nazirliyinin büllütenlərinə nəzər salanda görürük ki, düşmən bu bölgədə hələ də atəşkəsi pozur. Hərbi baxımdan olduqca strateji rayonda sabitliyin risk altına düşməsi kimlərin maraqlarına xidmət edir?
Bəli, bu aksiyanın təşkilatçıları heç də Söyüdlü kəndi yaxınlığındakı süni gölə yürüş edənlər deyil. Yayılan videolardan da görünür ki, kimlərsə həmin adamları kompensasiya ilə şirnikləndirərək aksiyaya təhrik edib. Ümumiyyətlə, dünyanın heç bir ölkəsində piketlər, mitinqlər spontan baş vermir. Etiraz aksiyalarının arxasında hər zaman bir örgüt dayanır. Bu, QHT-lər də ola bilər, siyasi partiyalar, həmkarlar ittifaqları da. İşin sivil qaydası budur ki, keçiriləcək aksiya barədə müvafiq qurumlara öncədən məlumat verilir, tələblər səslənir, qətnamələr oxunur, məsələ ictimailəşir və vətəndaşların rəyi müvafiq qurumlar tərəfindən nəzərə alınır. Amma Gədəbəydə baş verən aksiyanı heç kim “biz təşkil etmişik” demir, yəqin ki, deməyəcək də. İşin ucu qeyri-sistemli müxalif dairələrə və onları yönləndirənlərə gedib çıxacaq kimi görünür.
Budur, olaydan 4 gün öncə ABŞ-dan maliyyələşən “Azadlıq” radiosu müxbirini Söyüdlüyə göndərib və oradan reportaj hazırlayıb. Bu material Arazdəyəndə ABŞ sərmayəsi ilə Ermənistanın Araz çayına, Naxçıvana və digər ərazilərimizə qarşı ekosid layihəsi olan metallurgiya zavodu inşa etməsi ilə bağlı Azərbaycan QHT-lərinin başladıqları kampaniyaya “cavab” idi. Azərbaycanın ekoloji yönümlü QHT-lərinin Ermənistana qarşı apardıqları sistemli fəaliyyətə Söyüdlü olayları fonunda kölgə salındı. Çox təəssüflər olsun ki, aksiyanı gerçəkləşdirə bildilər və Arazdəyənlə bağlı səsimizin uca çıxmasına əngəl olacaq kazus yaratdılar.
Bu presidentlə bağlı əsas siyasi məsuliyyət rayonun icra hakimiyyəti başçısının üzərinə düşür. Adını, soyadını bilmirəm. Şəxsi bir problemim də yoxdur. Ömrümdə Gədəbəydə heç bircə dəfə də olmamışam. Ancaq olaydan tam 4 gün öncə “Azadlıq” Radiosu kimi xaricdən maliyyələşən və ölkədə girişinə qadağa qoyulmuş “ünlü” media quruluşu Söyüdlüdən reportaj yayır, ictimai rəyi baş verəcək aksiyaya “hazırlayırsa”, yerli icra hakimiyyəti, onun başçısı və ictimai-siyasi məsələlər üzrə müavini bu “siqnal”a laqeyd yanaşmamalı, dərhal camaatın içinə getməli, əhalini dinləməli, izahat işi aparmalı idi. Əgər icra başçısını rayonda sayan yoxdursa, o zaman Gədəbəyin respublika miqyasında tanınan, hörmətlə qarşılanan ziyalıları çoxdur, onlara müraciət edə bilərdi...
Heç kim dünənki uşaq deyil. Əgər rezonansa səbəb olacaq bir aksiya təşkil edilibsə və orada qadınlar xüsusi olaraq önə verilibsə, hadisənin ssenarisini yazanlar var, heç şübhəsiz. İctimai vicdan və ləyaqətli vətəndaş təkcə gözyaşardıcı qaz sıxan polisə fokuslanmamalı, məhz bu ssenariyə qarşı deməlidir sözünü. Azərbaycanın böyük planlarını xırda və lokal insidentlərlə kim pozmaq istəyirsə, həmin şəbəkə üzə çıxarılmalıdır.
Taleh Şahsuvarlı