Rusiyanın İrəvandakı səfiri Sergey Kopırkin bir neçə gün əvvəl Ermənistan Xarici İşlər Nazirliyinə çağırılıb. Səfir Laçın yolunda baş verən son insidentə görə nazirliyə dəvət olunub. Hadisə ilə bağlı Kopırkinə Ermənistan tərəfinin narazılığı ifadə olunub.
Ümumilikdə Ermənistan-Rusiya münasibətlərinin son dövrlərdə gərginləşdiyi hiss edilir. Bunun səbəbi nədir?
Mövzu ilə bağlı siyasi elmlər üzrə fəlsəfə doktoru Eldar Cəfərov AzNews.az-a açıqlamasında bildirib ki, müasir dövrdə əgər Rusiya və Ermənistan münasibətlərindən danışırıqsa, biz son regional və geosiyasi məsələləri nəzərə almalıyıq.
“Qüvvələr balansı sistemində Qafqazda baş verən dəyişikliklər Azərbaycanın regional gücünün artması, beynəlxalq ictimaiyyətin Azərbaycana olan münasibətinin dəyişməsi və Rusiyanın Azərbaycanla bağlı siyasətində daha da dəqiqləşmənin olmasından irəli gəlir. İkinci məsələ ondan ibarətdir ki, Ermənistan daha çox sərhədlərdə və Zəngəzur dəhlizi məsələlərində müxtəlif təxribatlar yaradaraq gündəmə gəlmək istəyir. Azərbaycanla olan danışıqlar prosesini uzatmaq istəyir. Son dönəmlərdə iki ölkə arasında olan sülh müqaviləsi prosesinin intensivləşməsi, həm Moskva, həm Brüssel, həm də Vaşinqton formatı göstərir ki, Azərbaycan və Ermənistan arasında heç bir maneə yoxdur".
E. Cəfərov onu da vurğulayıb ki, Ermənistanın sülh müqaviləsinin imzalanmasını uzatmaqda bir çox məqsədi var.
“Bu məqsədlərdən biri də Paşinyanın hakimiyyətini uzatmaqdır. Ermənistan hökuməti beynəlxalq və daxili ictimaiyyətə qarşı fərqli siyasət yürüdür. İkincisi, Ermənistanın öz müttəfiqi Rusiyaya qarşı öhdəliyini yerinə yetirməməsi anlayışı var. Əgər Rusiya ilə münasibətləri kəssə, bu, Ermənistan üçün heç də xeyirli olmayacaq. Yəni iki dövlət arasında münasibətlər gərginləşərsə, Rusiya üçün deyil, Ermənistan üçün vəziyyət çətin olacaq. Baxmayaraq ki, Ermənistan son bir ildə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı üzvlüyündən dəfələrlə ayrılmaq istədiyini bildirib. KTMT-nin may ayında keçirilmiş təlimlərində iştirak etməkdən imtina etməklə bunu göstərdi. Bu məsələdə bəzi səbəblər var. Ermənistan gözləyirdi ki, Azərbaycanla olan son müharibədə KTMT-yə üzv olan dövlətlər ona kömək etsin. KTMT-nin üzvləri Qazaxıstan və Qırğızıstan buna şərait yaratmadılar. Ermənistanın KTMT-yə qarşı durması həm də Rusiyaya qarşı olmağı deməkdir”.
E. Cəfərov qeyd edib ki, Ermənistan Rusiya ilə müttəfiqliyi sonlandırmağı düşündüyünü bildirsə də bu, mümkün görünmür.
“Bunun səbəbi isə 29 avqust 1997-ci ildə Rusiya ilə Ermənistan arasında imzalanan “Dostluq, Əməkdaşlıq və Qarşılıqlı yardım” müqaviləsidir. Ermənistanın Gümrü şəhərində 102-ci rus hərbi bazası var. Ermənistanın dövlət təhlükəsizliyi məhz həmin 102-ci baza tərəfindən qorunur. Bununla yanaşı Ermənistanın sərhədlərinin 70%-i Rusiya sərhəd xidmətinin hərbçiləri tərəfindən qorunur. Burada Qərb modeli də var. Qərb Ermənistanla Rusiya münasibətlərinin kəskinləşməsinin tərəfdarıdır. Məsələn, ABŞ fikirləşir ki, Rusiya Qafqazda nüfuzunu qorumaq üçün Ermənistanla İranı silahlandırır. Bu təbii ki, belədir. İki dövlət arasında olan münasibətlər düz xətt üzrə inkişaf etməsə də, Rusiyadan Ermənistana maliyyə yardımları olunur. Unutmaq lazım deyil ki, Ermənistan Rusiyanın Cənubi Qafqazda güvəndiyi yeganə müttəfiqidir. Azərbaycanın da Rusiya ilə müqavilələri var. Amma tam bütün beynəlxalq formatlarda dəstəklədiyi bir ölkə deyil. Rusiya Ermənistan vasitəsi ilə Cənubi Qafqaza böyük təsir göstərir".
Ayan Rzayeva