DİN yanında İctimai Şuraya seçkilər keçiriləcək - Xalid Kazımovla MÜSAHİBƏ

22 İyun 2023 17:46 (UTC+04:00)

Yaxın zamanda Daxili İşlər Nazirliyi yanında İctimai Şuranın yeni heyəti üçün seçkilər keçiriləcək.

AzNews.az-ın mövzu ilə bağlı suallarını İŞ-nin üzvü Xalid Kazımov cavablandırır:

- Daxili İşlər Nazirliyi yanında İctimai Şuranın tərkibi yenidən formalaşır. Siz də namizədsinizmi?

- DİN yanında İctimai Şuranın tərkibi yenidən formalaşır. Hazırda Daxili İşlər Nazirliyinin internet səhifəsində elan verilib. Səhifədə həm İctimai Şuraya seçkilərlə bağlı elanı görmək olar, eyni zamanda namizədlərin siyahısı ilə tanış olmaq olar. Həmçinin iyul ayının 9-na qədər seçki prosesində iştirak edib səs vermək istəyən QHT-lərin qeydiyyatı aparılır. Namizədlər siyahısında mənim də adım var, namizədliyimi irəli sürmüşəm. Yəqin ki, seçkilərə qədər hərhansı fors-major hal olmazsa, namizədliyim qalacaq.

- Başqa kimlər öz namizədliyini irəli sürüb? Mövzu ilə bağlı hansı məlumatlarınız var?

- Mən siyahıya baxmışam 20 nəfərin namizədliyi var. Onlardan bəziləri əvvəlki İctimai Şuranın tərkibində təmsil olunan şəxslərdir. Tərkib yəqin ki, yenə 15 nəfər olacaq, dəyişməyəcək. 20 nəfərdən 15 nəfər nəfər İctimai Şuraya üzv seçiləcək.

- DİN yanında İctimai Şuranın ilk seçkisi olduqca demokratik əsaslarla keçirilmişdi və seçkilərdə böyük aktivlik müşahidə olunmuşdu. Sizin fikrinizcə, növbəti seçki necə olacaq?

- Mən hesab edirəm ki, İctimai Şuranın əvvəlki tərkibinin fəaliyyəti kifayət qədər müsbət məqamlarda yadda qaldı. Eyni zamanda müəyyən çətinliklərimiz də oldu. İctimai maraq doğuran bütün hadisələrlə bağlı İctimai Şuranın bəyanatı oldu, əvvəlki tərkibdə olan İctimai Şura Azərbaycan respublikasının ərazi bütövlüyü və torpaqlarımızın işğaldan azad edilməsi uğrunda həlak olan, yaralanan daxili işlər orqanlarının ailələrini ziyarət etdi, onlara dəstək olmağa çalışdıq. DİN yanında İctimai Şura iki böyük ictimai müzakirə keçirdi. Bunlardan biri məişət zorakılığının qarşısının alınması, ikincisi narkotiklərlə mübarizə ilə bağlı idi. Hər iki ictimai müzakirədə dövlət qurumunun nümayəndələri, Daxili İşlər Nazirliyinin nümayəndələri, ictimaiyyət nümayəndələri, vətəndaş cəmiyyəti institutlarının təmsilçiləri eyni zamanda media və beynəlxalq təşkilatlar təmsil olunurdu. Hesab edirəm ki, hər iki ictimai müzakirə ictimaiyyət tərəfindən də kifayət qədər maraqla qarşılanmışdı. Xeyli yeni təklif hazırlanmışdı.

- DİN yanında İctimai Şuranın ilk tərkibi öz vəzifəsinin öhdəsindən necə gəldi?

- DİN Yanında İctimai Şuranın dörd monitorinq qrupu fəaliyyət göstərirdi. Həmin monitorinq qruplarının yalnız biri, Dövlət Yol Polisi orqanlarının fəaliyyətinə nəzarət üzrə monitorinq qrupunun fəaliyyətində müəyyən qədər ləngimələr oldu. Çünki bizim fəaliyyət planımız təsdiqlənmədi. Digər üç monitorinq məncə qrupu kifayət qədər effektiv fəaliyyət göstərdi. Xüsusilə müvəqqəti saxlama yerlərinin monitorinq qrupu aktiv fəaliyyət göstərmişdi. Həmin monitorinq qrupu Bakı şəhərində bütün rayonların müvəqqəti saxlama yerlərini monitorinq etdi, monitorinqin nəticələri ilə bağlı Daxili İşlər Nazirliyinə və İctimai Şuranın rəhbərliyinə hesabat hazırlandı, təqdim olundu. Orada biz həm müsbət məqamları, eyni zamanda aradan qaldırılması vacib olan məsələləri qeyd etmişik. Düşünürəm ki, bu fəaliyyət planının eyni zamanda monitorinq qrupunun gördüyü işlərin nəticəsi olacaq və aşkarlanan problemlər aradan qaldırılacaq. Hər halda biz buna ümid edirik.

Eyni zamanda DİN Yanında İctimai Şuranın Daxili İşlər Orqanlarının fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı bir neçə təkliflər olunmuşdu. Xüsusilə məişət zorakılığının qarşısının alınması ilə bağlı təkliflər əvvəlki dövrdə Daxili İşlər Nazirliyinə təqdim olunmuşdu. Bunun da nəzərə alınacağını düşünürük.

Monitorinq qruplarımız bunlardır:

1) Polis orqanlarının müvəqqəti saxlama yerlərinin monitorinqi üzrə qrup idi. Fəaliyyəti kifayət qədər effektiv oldu.

2) Şikayətlər və şikayətlərin araşdırılması üzrə monitorinq qrupu idi. Biz vətəndaşlardan şikayətləri həm sosial şəbəkələr vasitəsilə: telefon, e-mail eyni zamanda ictimai şura üzvlərinə edilən müraciətlərin formatında alırdıq. Həmin monitorinq qrupu şikayətləri daxil olan müraciətləri araşdırır, aidiyyəti üzrə Daxili İşlər Orqanlarına yönləndirirdi. Bu şikayətlərin hamısı olmasa da düşünürəm ki, əksəriyyəti üzrə nəticə əldə olundu. Bəzən ola bilər ki, müsbət həllini tapmadı, amma ən azı vətəndaşın şikayəti araşdırıldı və ona rəsmi cavab verildi.

3) Yol hərəkətinin təşkili və fəaliyyəti üzrə monitorinq qrupu təsdiq olunmadığı üçün onların iki il müddətində fəaliyyəti olmadı.

4) Eyni zamanda ictimai rəyin öyrənilməsi üzrə monitorinq qrupumuzun da düşünürəm ki, fəaliyyəti effektiv,yadda qalan olmadı. Bu bizim zəif cəhətlərimiz idi. Düşünürəm ki, növbəti ictimai şura bu problemləri aradan qaldıracaq.

Daxili İşlər Nazirliyinə təkliflər göndərilmişdi, ümid edirik ki, o təkliflər də qarşıdakı müddətdə nəzərə alınacaq. İctimai Şuranın sədri daxili işlər naziri cənab Vilayət Eyvazov tərəfindən qəbul edilmiş, mövcud problemlər, qarşıda duran məsələlər müzakirə edilmişdi. Eyni zamanda İctimai Şura üzvləri ilə cənab nazirin görüşü nəzərdə tutulurdu. Yəqin ki, işlərin çoxluğu səbəbindən bu görüş alınmadı. Ümid edirik ki, növbəti İctimai Şura üzvləri ilə Daxili İşlər Nazirliyi və yüksək rütbəli şəxslərin birgə müzakirələri mümkün olacaqdır.

- Digər qurumlarla müqayisədə DİN yanında İctimai Şuranın üzvü olmaq istəyənlər həmişə daha çox olur. Bu nə ilə bağlıdır?

- Düşünürəm ki, daxili işlər orqanlarının fəaliyyəti birbaşa cəmiyyətlə olduğu, daha çox diqqət cəlb etdiyi üçün bəlkə də bura maraq bir qədər yüksəkdir, amma iş yükü kifayət qədər ağırdır. Biz ictimai iş, vəzifə yerinə yetiririk. Mən onu gördüm ki, bu müddətdə kifayət qədər çətin fəaliyyət göstərirdik. Burada Daxili İşlər Nazirliyi yanında İctimai Şura üzvlərinə cəmiyyətin təpkisi var, gözləntiləri böyükdür. Sadəcə nəzərə almaq lazımdır ki, İctimai Şuranın proseslərə birbaşa müdaxilə imkanı yoxdur və ictimai şura üzvləri yalnız hansısa bəyanatlar qəbul edə, təkliflər irəli sürə və mövcud problemlərlə bağlı rəy ortaya qoya bilərdi. Bunu da etmək bəzən cəmiyyət tərəfindən adekvat reaksiya kimi qəbul edilmir, amma iş yükü həddində artıq çoxdur. Həm də ictimaiyyətin cavab verməyin həm də məsuliyyəti bir qədər ağırdır. Marağın çox olmasına səbəb dediyim kimi ad bəlkə də bir qədər cəlb edicidir amma həm də böyük bir məsuliyyət tələb edir. Yəqin ki, bunu namizədlər nəzərə alacaqlar.

- Ümumiyyətlə, İctimai Şura institutu Azərbaycanda özünü doğruldubmu? Bu gün hansı problemlər var?

- Mən hesab edirəm ki, İctimai Şuralar ictimaiyyət tərəfindən olan gözləntiləri tam doğrultmayıb. "İctimai iştirakçılıq haqqında" qanunda ictimai şuradan başqa ictimai iştirakçılıq təmin etmək üçün digər alternativ institutlar mövcuddur. Hesab edirəm ki, həmin institutların fəaliyyətini bir qədər aktivləşdirmək lazımdır. Ən azından ictimai şuralar və digər ictimai iştirakçılığın təmin olunması üçün alternativ institutların fəaliyyəti öndə olmalıdır ki, müqaisədə görünsün ki, hansı institut daha aktiv fəaliyyət göstərir. Problemlər kifayət qədər ciddidir. Ən azından DİN yanında İctimai Şuranın fəaliyyətində mən bunu gördüm. Hər halda Daxili İşlər Nazirliyi yanında İctimai Şuradan daxil olan müraciətlərə, təkliflərə qısa zamanda reaksiya verməyə çalışsa da bəzən irəli sürülən təkliflərin reallaşdırılması və problemin aradan qaldırılması üçün müəyyən zaman tələb olunurdu. Eyni zamanda bəzən müraciətlər müsbət həllini tapmırdı. Təbii ki, bu da həmin müraciəti ünvanlayan sosial qrup yaxud şəxslərin DİN yanında İctimai Şuraya inamını bir qədər azaldırdı.

Mən öz iştirak etdiyim ictimai şuradan danışa bilərəm ki, bu İctimai Şuranın monitorinq qruplarının fəaliyyət planları sosial şəbəkələrdə elan verməklə, vətəndaşların təklifləri də nəzərə alınmaqla hazırlanmışdı. Yol hərəkətinin təşkili və təhlükəsizliyi üzrə monitorinq planının qəbul edilməməsi bizim əsas çətinliklərimizdən biri oldu. Həmin sahədə olan problemlərin araşdırılması həm də cəmiyyətin bir təklifi idi, həyata keçirilməsi müsbət olardı. Bu kimi problemlər mövcuddur amma aradan qaldırılmayacaq qədər ciddi problem olmadığını düşünürəm və hesab edirəm ki, növbəti İctimai Şura bu istiqamətdə müsbət nəticələr əldə edə biləcək.

- Qeyri-hökumət təşkilatlarının nümayəndələri adətən bir neçə ictimai sırada təmsil olunmaq istəyirlər. Bu tendensiya nə ilə bağlıdır?

- Mən belə bir istəkdə olmamışam, ona görə də bu suala konkret cavab verə bilməyəcəyəm. Hər halda ictimai institut təmsilçisi vətəndaş cəmiyyəti nümayəndəsi üzərində bir ictimai məsuliyyət var və bəlkə də o məsuliyyətdən irəli gəlir. Amma nəzərə almaq lazımdır ki, bu bir ictimai fəaliyyətdir. İctimai Şurada təmsil olunmaqla yanaşı hər birimizin alternativ fəaliyyətlərimiz, digər işlərimiz var. O işlərin çoxluğunu nəzərə aldıqda bir neçə ictimai şurada təmsil olunub effektiv fəaliyyət göstərməyin mümkünlüyünü mən qəbul edə bilmirəm.

- DİN yanında İctimai Şuranın yenidən üzvü olmaq istəyirsiniz. Vətəndaş cəmiyyətinə mesajlarınız nədən ibarətdir?

- Qeyd etdiyim kimi, hərhansı fors-major hal olmasa, seçkilərə qədər mənim namizədliyim qalacaq və təmsil olunmaq istəyirəm. Düşünürəm ki, ən azı bütün problemlərin və cəmiyyət tərəfindən bizə göndərilən bütün müraciətlərin müsbət həllinə nail olmasaq da müəyyən qədər faydalı ola bilmişik. Bu həm ümumi ictimai məsələlərlə, həm konkret vətəndaşların müraciətləri ilə bağlıdır. Bizim təşkilat region təşkilatıdır, regionda fəaliyyət göstəririk. Ona görə də regiondan daxil olan müraciətlərin Daxili İşlər Nazirliyinə ünvanlanması və birbaşa ciddi nəzarət altında araşdırılması ilə bağlı təkliflərimizi nəzərə çatdıra bilirik. Hesab edirik ki, bu imkan region sakinlərinin də müəyyən qədər problemlərinin həllinə dəstək ola bilər. Ona görə də təmsil olunmaq istəyirik. Vətəndaş cəmiyyətinə mesajlarımız ondan ibarət ola bilər ki, biz ictimai şuraların deyil, ümumi ictimai iştirakçılıq haqqında qanunda nəzərdə tutulan digər institutların işləməsi üçün səylərimizi artırmalıyıq. Eyni zamanda vətəndaş cəmiyyəti institutlarının fəaliyyəti təkcə ictimai şuralarda təmsil olunmaqla yekunlaşmamalıdır. Biz çalışmalıyıq ki, ictimai şuraların nüfuzu cəmiyyətdə artsın. Amma bu təkcə vətəndaş cəmiyyəti institutlarından asılı deyil, eyni zamanda həmin institutun yanında fəaliyyət göstərdiyi dövlət qurumundan asılıdır. Həmin dövlət qurumunun ictimai şuraya münasibəti də o İctimai Şuranın fəaliyyətində müsbət vəya mənfi mənada birbaşa əksini tapır.

Rəşid Qarayev