Rüstəm Behrudi bakılılardan əfv dilədi - ÜZRXAHLIQ

27 İyul 2013 09:53 (UTC+04:00)
"Bakı camaatı məni düzgün başa düşməyib. 30 ildir, Bakıda yaşayıram. Balalarım, yoldaşım, qardaş-bacılarım Bakıda yaşayır. Mən necə Bakını və bakılıları təhqir edə bilərəm? Mən çoxdan Naxçıvandan çıxmışam. Əslində, Bakılıyam. Kim nə deyir, desin. Əgər düzgün başa düşülməmişəmsə, Bakı və bakılılardan üzr istəyirəm".

Bu sözləri AzNews.az-a açıqlamasında tanınmış şair Rüstəm Behrudi deyib. O, Bakı Kəndlər Birliyinin onun iyulun 23-də "Yeni Müsavat" qəzetində dərc olunan "Hamıya qalib gəlib, özünü satan Bakı" adlı yazısına kəskin reaksiya verməsinə mübasibət bildirib.

R.Behrudi deyib ki, o, Bakı haqqında yazdığı yazıda ədəbi priyomlardan istifadə edib: "Ədəbiyyat adamı ədəbi priyomun nə olduğunu bilməlidir. Bakı olmasaydı, Naxçıvan və ya Gəncə olsaydı, onun haqqında da eyni fikirləri yazacaqdım. Yəni mən bədii priyom kimi bundan istifadə edib, olanları demək istəmişəm. Bakını anam, atam, bacım, qardaşım kimi sevdiyimi yazmışam. Bütün böyük şəhərlərdə o ölkənin gözəl və pis şeyləri toplaşır. Mən də Azərbaycanda baş verən hadisələri Bakı adından işıqlandırmışam".

Qeyd edək ki, BKB-nin dünən keçirilən toplantısında 590 nəfərdən ibarət qurum üzvləri R.Behrudinin qeyd olunan yazısına kəskin etiraz bildirmiş, bu barədə bəyanat qəbul etmişdilər.

Onu da bildirək ki, R.Behrudi adı çəkilən yazısında Bakını fahişələrə bənzədib.

Bahar Rüstəmli
AzNews.az