Bu günlərdə ermənilərə məxsus sosial şəbəkə səhifələrində Xankəndidə hərbi forma geyinən məktəblilərin videoları yayılıb. Videoda göstərilir ki, onlar separatçıların atıcı və digər növ silahlarından istifadə etməyi öyrənirlər. Bəs Ermənistanın Azərbaycana qarşı apardığı nifrət siyasətində uşaqlardan istifadə olunmasına dair faktlara beynəlxalq təşkilatlar niyə susur?
Məsələ ilə bağlı AzNews.az-a açıqlama verən siyasi şərhçi Tural İsmayılov bildirib ki, Ermənistanın uşaqlardan hərbi təlimlərdə və müharibədə istifadə etdiyi faktoru çoxdan məlum olan məsələdir.
O qeyd edib ki, istər torpaqlarımızın 30 illik işğalı dövründə işğal altında saxlanılan ərazilərdə uşaqların vətənpərvərlik adı altında müxtəlif silahlı təlimlərə cəlb olunması, istərsə də 44 günlük vətən müharibəsində bəzi postlarda uşaqlardan yararlanmasının Ermənistanın öz gələcəyi olan uşaqlara necə bivec yanaşdığının göstəricilərindən biridir:
"Hətta buna nümunə kimi Ermənistanın uşaqlara qarşı faşizm və nifrətinin əsas göstəricilərindən biri olan Xocalı soyqırımı da daxil olmaqla Azərbaycanda həyata keçirdiyi terror aktlarında qadınları və uşaqları hədəfə almasını göstərə bilərik. Bununla yanaşı Ermənistan işğal altında saxladığı bölgələrə qəsdən uşaqları yerləşdirir və onlardan müdafiə sipəri kimi istifadə etməyə çalışırdı”.
T. İsmayılov onu da vurğulayıb ki, bu illər ərzində istər bağçalarda, istərsə də orta məktəblərdəki tədris sistemlərində uşaqların beyinlərində ideoloji hücum həyata keçiriblər:
“Ermənistan uşaqların düşüncələrini zəhərləyərək onları Azərbaycan və Türkiyəyə qarşı faşizm ideologiyasında tərbiyə etməyə çalışıb. Bütövlükdə bu günə qədər sadalanan faktorlar dəlillərlə beynəlxalq ictimaiyyətə təqdim olunsa da təəssüf ki, onlar digər məsələlərdə olduğu kimi bu qeyri-insani məsələdə də Ermənistana qarşı hər hansı təzyiq vasitəsindən istifadə etmir. Uşaq hüquqlarını qoruyan təşkilatlar Ermənistanda baş vermiş bu rəzil faktora göz yumurlar”.
Ayan Rzayeva