Azərbaycanın qələbəsindən sonra molla rejiminin özünü ifşa dövrü başlandı - Deputat

22 İyun 2023 18:44 (UTC+04:00)

"İranın regionda xarici siyasətinin konsepsiyası ikiüzlülük və riyakarlıq üzərində qurulub".

Bunu AzNews.az-a açıqlamasında Milli Məclisin deputatı Bəhruz Məhərrəmov deyib.

O bildirib ki, Azərbaycan uzun illər bunun şahidi olub:

"Məsələn, Birinci Qarabağ müharibəsində İranın din qardaşlığı pərdəsi və yardım adı altında Azərbaycana göndərdiyi insanlar burada əldə etdikləri bütün kəşfiyyat məlumatlarını Ermənistana ötürməklə işğal və təcavüzə, məscidlərin darmadağın edilməsinə, Azərbaycan müsəlmanlarının evlərinin talanmasına ortaqlıq ediblər. Lakin bu illər ərzində İran bu iddiaları qəti təkzib edirdi".

Deputatın sözlərinə görə, Azərbaycanın Vətən müharibəsindəki qələbəsindən sonra molla rejiminin açıq özünü ifşa dövrü başlandı:

"Azərbaycan ərazisində üçüncü dövlətlərin möhkəmlənmək istəməsi iddialarına ara verməyən İran hətta Arazboyu güc göstərişindən çəkinməyərək regionda üçüncü güclərin mövcud olmasını təhlükəli və zərərli hesab etdiyini dəfələrlə bəyan edirdi. Amma bu əsl simasızlıq idi, çünki elə İran-Ermənistan sərhədlərini 30 ildir ki, üçüncü güc - Rusiya sərhədçiləri qoruyur. Fərz edək ki, İran Rusiyanı region üçün yad element hesab etmir. Ötən ilin oktyabrından regiona gələn Avropa İttifaqı müşahidəçiləri necə? Nəzərə alsaq ki, bu müşahidəçilər NATO blokunun iri güclərinin hüquq mühafizə və kəşfiyyat xidməti əməkdaşlarıdır, lakin İran ikiüzlülük edərək bu məsələni görməzdən gəldi. Molla rejiminin riyakarlığının pik həddi isə, heç şübhəsiz ki, bu gün İran sərhədi yaxınlığında, Ermənistan ərazisində ABŞ bayrağının ucalmasına üzsüzcəsinə göz yummasıdır. Məscidlərində Allah kəlməsindən çox “Amerikaya ölüm” şüarları səslənən fitnəkar molla rejimi Amerikanın Ermənistan-İran sərhədinə investisiya qoymasına, burada zavod tikməklə İranla sərhəddə möhkəmlənməsinə qorxaqcasına, ikiüzlücəsinə susur".

Rəşid Qarayev