“Münasibətlərin kifayət qədər gərgin olduğu, hər iki tərəfdən böyük itkilərin olduğu, cəbhə xəttində gərginliyin yaşandığı bir dövrdə Ermənistan iddia etdiyi kimi, həqiqətən sülh istəyirsə, bu məsələni daha sülhsevər yollarla həll etməli idi. Məsələn, həmin əsgər Azərbaycan tərəfdə olan Ermənistan hərbçisi ilə dəyişdirilə bilərdi”.
Bunu AzNews.az-a Ermənistanda əsirlikdə saxlanılan Azərbaycan əsgərinə qeyri-qanuni olaraq 20 il həbs cəzası verilməsi ilə bağlı danışarkən politoloq Turab Rzayev deyib.
Onun sözlərinə görə, əsirlikdə saxlanılan hərbçi xoşniyyət göstəricisi olaraq azad edilib, Azərbaycan tərəfə göndərilə yaxud da Beynəlxalq Qırmızı xaç komitəsinə təslim edilə bilərdi:
“Onun bu şəkildə azadlıqdan məhrum edilməsi ən azından Ermənistanda bir neçə il həbsdə qalacağını deməyə əsas verir. Bu isə heç bir halda sülhə xidmət etməyəcək. Necə ki, bundan əvvəl bizim Ermənistanda olan iki nəfərimiz əsir saxlanılırdı. Bunun kimi digər məsələlər sülhə xidmət etmədi, bu məsələ də sülhə xidmət etməyəcək”.
Rəşid Qarayev