Prezidentin bu mesajı Ermənistana sonuncu xəbərdarlıqdır - Razi Nurullayev

23 İyun 2023 20:35 (UTC+04:00)

Azərbaycan Prezidenti İlham Əliyev Müdafiə Nazirliyinin komando hərbi hissələrinin birinə Döyüş bayrağının təqdim olunması mərasimində çıxışında bildirib ki, Ermənistan öz imzasına hörmət etməsə nəticə onlar üçün acınacaqlı olacaq.

“Azərbaycan dediyi sözlərin arxasında dayanır. Azərbaycan dövləti və Azərbaycan Prezidenti sözü boşuna demir”.

Bu sözləri mövzu ilə bağlı AzNews.az-a danışan millət vəkili Razi Nurullayev deyib.

Onun sözlərinə görə, Ermənistan rəhbərləri, nazirləri müxtəlif ölkələrlə razılıq əldə edib İrəvana qayıtdıqdan sonra fikirlərini dəyişirlər. Bu da təbii ki, uzun müddət belə davam edə bilməz:

“Onların fikri o idi ki, Rusiya sülhməramlılarını saxlasınlar, dünyanın sülhməramlı kontingentini Qarabağa yerləşdirsinlər. Bunlar oyun oynayırlar. Amma Azərbaycan onların oyununa vasitə olmayacaq. Azərbaycan özünün sərhədlərini, ərazi bütövlüyünü bərpa edib. Əgər Ermənistan doğrudan da öz imzasına hörmət etməyəcəksə, silahlı birləşmələrini Qarabağdan çıxarmayacaqsa, orada olan ermənilərin Azərbaycana reinteqrasiyasına kömək etməyəcəksə, o zaman Azərbaycan onları məcburən öz qanunlarına tabe etməlidir”.

R.Nurullayev bildirib ki, Azərbaycan Prezidentinin dediyindən bu hasil olur ki, Ermənistan öz imzasına hörmət etməsə,yaxın zamanlarda sülh müqaviləsini bağlamaqdan imtina etsə, bu, müharibəyə hazırlıq kimi qiymətləndiriləcək:

“O zaman Azərbaycan ərazisində olan erməni silahlı birləşmələrini terrorçu elan edərək onları zərərsizləşdirmək yolunu tutacaq. Bununla paralel olaraq orada olan separatçılara və onların başlarında duranlara da zərbələr endirəcək. Ola bilsin ki, onları PUA-lar vasitəsilə fiziki cəhətdən aradan qaldıracaq yaxud antiterror əməliyyatı nəticəsində ya həbs, ya da məhv edəcək. Başqa bir yol qalmır, onlar özləri bunu istəyir. O baxımdan düşünürəm ki, cənab Prezidentin bu mesajı Ermənistana sonuncu xəbərdarlıqdır".

Rəşid Qarayev