AXCP-nin MMC-ləşməsi: Əli Kərimli iqtidara Təzəxanlamı gələcək?

25 İyun 2023 14:22 (UTC+04:00)

Dünən AXCP-nin daha bir qurultayı keçirildi.

AXCP özünün iddiasına görə, ölkənin ana müxalifət partiyasıdır, hərçənd bu iddia siyasət elminə əsaslanmır. Çünki bir siyasi təşkilatı “ana müxalifət” adlandırmaq üçün gərəkdir ki, həmin partiya parlamentdə hakimiyyətdə təmsil olunan firqələrdən sonra və onlara qarşı əsas qrup olsun. AXCP parlamentdə təmsil olunmur və parlamentdəki partiyalar qala-qala Əli Kərimlinin MMC-ə ana müxalifət deməyin bir mənası yoxdur.

Əgər diqqət etdinizsə, AXCP-nin MMC olduğunu iddia etdim. Bəli, son qurultayı göstərdi ki, “Azərbaycan Xalq Cəbhəsi Partiyası” adı ilə Ədliyyə Nazirliyində qeydiyyatdan keçmiş, mərhum Əbülfəz Elçibəyin bir zamanlar sədrlik etdiyi və həmin dövrdə dövlət müstəqilliyimizin qazanılmasında böyük xidmətləri olan, Azərbaycan ictimai-siyasi həyatı, vətəndaş cəmiyyəti, media sektoru üçün yetişdirdiyi kadrlarla bu gün də bioqrafiyalarda təqdirəlayiq yer tutan bir siyasi mərkəz sözün bütün mənalarında iflasa uğrayıb. Məhz bu iflas nəticəsində AXCP MMC-ə- Əli Kərimlinin özü üçün “məhdud məsuliyyətli cəmiyyətə”, toplum üçün isə “məsuliyyətsiz müxalif cəmiyyətə” çevrilib. AXCP-nin hər iki açıdan MMC-ə çevrilməsinin nə az, nə çox, 23 illik tarixçəsi var. Əli Kərimlinin sədrlik etdiyi 23 il ərzində AXCP cəmiyyətə heç bir ideoloji doktrina, ciddi proqram, məsuliyyətli komanda təqdim edə bilməyib, tam əksinə, cəmiyyətdə alternativ baxışın sistemləşməsi önündə əngəl yaradıb. Əli Kərimlinin ilk növbədə onun özünü cəmiyyətin müxtəlif kəsimləri və tanınmış isimləri ilə kommunikasiyasını qapayan trolları “müxalifətçi” sertifakatı paylamaqla, “satqın” damğası vurmaqla, sosial şəbəkələri söyüş və təhqir platformasına çevirməklə insanları siyasətdən diksindirib.

Qurultaydan yayımlanan videoları izlədikcə ağla gələn ilk sual bu olur: bu qədər aqressiv, təfəkkürcə nimdaş, mütləq əksəriyyəti fərdi uğur hekayəsindən məhrum, ümumi tipik obrazını qurultayda əsas çıxışını etdiyi müddətcə Əli Kərimli ilə eyni kadrda yer alan Təzəxanın yaratdığı bir “komanda” Azərbaycanın dövlət idarəçiliyini ələ keçirsə, məmləkətin başına nələr gəlməz? Bəli, Azərbaycanda müxalifət lazımdır, amma istənilən seçkidə hakimiyyətin qarşısına məsuliyyətli və gerçək alternativ qüvvə kimi çıxmağı, siyasi rəqabət mühiti formalaşdırmağı bacaran, əlinin altında hazır reseptlər olan müxalifət lazımdır. Mən Azərbaycan və Türkiyənin siyasi sistemini müqayisə etməyin qüsurlu olduğunu başa düşürəm. Türkiyə nəhəng bir imperiyanın varisidir, “Marşal planı”nda yer alıb, NATO üzvüdür. Bütün bunlara baxmayaraq diqqətinizi Türkiyədəki son prezident seçkilərinə çəkəcəm. CXP-dən ayrılaraq seçkilərə girmiş Məhərrəm İncənin heç bir oturuşmuş partiyası yox idi. Amma İncənin Türkiyənin əsas problemləri ilə bağlı əlinin altında hazır konseptual sənədlər mövcud idi. Şəxsi maddi imkanlarını qoyaq bir qırağa, çevrəsində olan onlarla QHT-lərə axıdılan milyonlarca dollar vəsait qarşılığında Əli Kərimli heç olmazsa bir sahə üzrə samballı bir proqram ortaya qoya bilməzdimi? Qurultay iştirakçıları dəfələrlə teatral jestlər edə, natiqin sözünü kəsib alqışlaya bilərlər, amma orta statistik seçiciyə Əli Kərimlinin təşkilatının ən ali tədbirindən verdiyi mesaj nədən ibarət idi? Kərimlinin çıxışı dərinlikdən uzaq, inandırıcılıqdan xali, xitabət manevrlərinin hesabına pərdələnmiş ümidsizlik, çarəsizlik idi.

Psixologiyada bir sindrom var, adına “alışılmış çarəsizlik” deyirlər. Deyək ki, bir ailədə qüsurlu uşaq doğulur və onu normal fiziki imkanlara qovuşdurmaq mümkün deyil. Ailə bu çarəsizliyə alışmaq, onunla yaşamaq məcburiyyətindədir. Amma siyasi kəsimlər üçün 23 il ərzində onu iqtidara gətirə bilməmək bir yana, bu şansı hətta nəzəri cəhətdən də yaxalamamış və daha 23 il keçsə, yaxalaya bilməyəcək bir liderin yaratdığı çarəsizliyə alışmaq məcburiyyəti yoxdur. Lider şans və perspektiv yarada bilmirsə, siyasi iddialı insanlardan ibarət qrup onu başqa biri ilə əvəzləməlidir. İqtidara demokratiya, plüralizm, azad seçki moizələri oxuyan bir siyasətçinin mənsub olduğu kəsimdə isə bu əvəzlənmə üçün çox sayda iddiaçılar üzə çıxmalı, hələ gerçəkdən ana müxalifət partiyasıdırsa, rəqabət bütün ölkənin gündəminə çevrilməlidir. AXCP-nin qurultayında kim idi Əli Kərimlinin alternativi? Doğrudanmı, sədri olduğu 23 il ərzində olan-qalan tərəfdarlarına əsla siyasi uğur yaşatmamış birinə qarşı çıxmaq üçün, liderlik uğrunda onunla yarışmaq üçün heç bir motiv və zəmin yoxdur? Əgər belə bir zəmin yoxdursa, deməli, partiyada diktatura hökm sürür; zəmin var, ancaq motiv yoxdursa, o zaman qurultay iştirakçılarının bir xeylisinin yeri Maştağadakı mədəniyyət sarayı deyil, psixoloji dispanser olmalı idi. O sadə səbəbə görə ki, siyasət insanların özünü aktuallaşdırma və reallaşdırma müstəvisidir.

Bu mənada normal yox, formal olan qurultay o qədər yorucu idi ki, Əli Kərimli öz nitqində “bilirəm, fikriniz Priqojinin Moskavaya yürüşündə qalıb” deyə dünən Rusiyada baş verən hadisələrə toxundu və sosial şəbəkə fəallarının onun dövlət katibi olduğu iqtidarla məzələnmələrinə fatal don geyindirərək Jenyanı “Rusiyanın Surəti” adlandırdı. Diqqət çəkən əsas nüans isə bu oldu ki, Kərimli Priqojinin qiyamını öz adı ilə çağırmağı bacarmayıb, “yürüş” adlandırdı. Çünki həmin saatlarda Belarus prezidenti Lukoşenko vasitəsi ilə Kremlin qiyamçılarla apardıqları danışıqlar barədə mətbuata informasiya sızdırılmamış, Priqojin dövlət çevrilişi cəhdini dayandırmamışdı və Əli Kərimli də o ümidə qapılmışdı ki, bəlkə Putini devirdilər. Bu nüansı məxsusi xatırladıram ona görə ki, Əli Kərimlinin, AXCP-nin və bütövlükdə müxalifətin əsas problemi, onları gün keçdikcə daha da marginallaşdıran əsas amil prinsipsizlikdir. “Prinsip” dedikdə höcətləşməyi, linç etməyi, ədavət aparmağı nəzərdə tutmuram, əlbəttə. Onu nəzərdə tuturam ki, siyasi münasibətlər bəlli bir meyarlar əsasında qurulmalıdır. Bu meyarlar təməl təşkil etməyəndə siyasi müəssisə TƏŞKİLAT yox, MÜŞKÜLAT olur.

Taleh ŞAHSUVARLI