Dövlətimiz Azərbaycan haqqında formalaşdırılan mənfi rəylərə qalib gəlir - Müşfiq Cəfərov

27 İyun 2023 15:56 (UTC+04:00)

"Bu gün xarici diplomatların Laçın nəzarət buraxılış məntəqələrinə səfəri yerində atılmış addım oldu".

Bunu AzNews.az-a açıqlamasında Milli Məclisin deputatı Müşfiq Cəfərov deyib.

Deputatın sözlərinə görə, diplomatlar buraxılış məntəqəsində yaradılmış şəraitlə yerindəcə tanış olub və yolun bağlı olması barədə Ermənistan tərəfinin təxribatçı iddialarının həqiqətə uyğun olmadığına şəxsən əmin olmalarına şərait yaranıb:

"Bildiyimiz kimi iyunun 15-də Azərbaycan hərbçisinin yaralanması ilə nəticələnən erməni silahlı təxribatı ilə bağlı hazırda burada istintaq tədbirləri aparılır. İnsidentin baş verməsi faktı barədə xarici diplomatlara həqiqi məlumatlar verilib".

M. Cəfərov qeyd edib ki, hazırda tibbi yardıma ehtiyacı olan vətəndaşların daşınması üzrə Beynəlxalq Qızıl Xaç Komitəsinin fəaliyyəti üçün şərait yaradılması faktı da beynəlxalq ictimaiyyətə çatdıırlıb:

"Hazırda “blokada" haqqında istənilən iddialar erməni tərəfinin manipulyasiyalarıdır, hansı ki, Azərbaycanın istintaq tədbirlərinin aparmasından yalançı təbliğat üçün istifadə edirlər. Azərbaycan hər zaman erməni yalanlarını ifşa edib, bu gün də uzaqgörən xarici siyasətin nəticəsidir ki, dövlətimiz Azərbaycan haqqında formalaşdırılan mənfi rəylərə qalib gəlir".

Rəşid Qarayev