Azərbaycan qarşıya qoyulan bütün məqsədlərə nail olub - Rüfət Quliyev

27 İyun 2023 16:46 (UTC+04:00)

Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri Qarabağa səfər çərçivəsində Laçında aparılan yenidənqurma və bərpa işləri ilə tanış olublar. Səfərdə 33 ölkədən nümayəndələr - 60 diplomat və onların ailə üzvləri, 10 təşkilatın təmsilçiləri, eləcə də hərbi attaşelər iştirak edirlər. Səfər zamanı Laçın şəhəri 1 Dekabr küçəsində inşa edilmiş ilk yaşayış məhəlləsinə baxış keçirilib.

Millət vəkili Rüfət Quliyev Qarabağa akkreditə olunmuş korpus nümayəndələrinin səfəri haqqında Aznews.az-a danışıb.

“Azərbaycan hakimiyyəti, prezident İlham Əliyev verdiyi bütün vədləri yerinə yetirir. Qarşıya qoyulan bütün məqsədlərə nail olunub. Bu, xarici, daxili siyasətimizdə, sosial-iqtisadi əlaqələrin inkişafında, işğaldan azad olunmuş ərazilərdə özünü göstərir. Bütün dünya artıq bunu qəbul edir. Mən həm xaricdə səfərdə olanda, həm də xarici qonaqlarla söhbət edəndə onların Azərbaycan rəhbərliyinin verdiyi vədlərini, qərarlarını vaxtında icra olunmasından danışdığının şahidi olduğunu görürəm”.

Millət vəkili onu da qeyd edib ki, Qarabağa akkreditə olunmuş diplomatik korpusun nümayəndələri erməni vandalları və faşistlərinin bu torpaqlarda nələr etdiklərini öz gözləri ilə görürlər:

“Azərbaycan tərəfindən torpaqlar işğaldan azad edildikdən sonra hansı işlərin görüldüyü də göz qabağındadır. Hətta bəzi Azərbaycanı gözü götürməyən xarici siyasətçilər, jurnalistlər, bloqerlər var ki, onlar belə bizim bu torpaqları necə abadlaşdırdığımızı dilə gətirirlər”.

Ayan Rzayeva