Fransa prezidenti Makronun ölkəsindəki erməni diasporu ilə görüşdə söylədikləri nə təəccüblüdür, nə də əhəmiyyətli. Təəccüblü deyil ona görə ki, Fransa və prezidenti daim ermənilərin yanında olub. Əhəmiyyətli deyil ona görə ki, Fransa beynəlxalq münasibətlərin cığal aktyorudur və bu çox uzun zamandır ki, diplomatiya aləmin üçün sıradan gerçəklikdir. Fəqət məsələ başqadır.
Bu gün dünyanın beyin magistralı Avropadır. Çağdan sivilizasiyanın bütün anlayışları, dəyərləri, qaydaları, düşüncə və hüquq sistemi Avropada formalaşıb. Qədim Babil, Misir, Çin sivilizasiyası, orta çağ ərəb xilafəti, türk, moğol imperiyaları, çar Rusiyası kimi nəhəng dövlətlər modernizmin yaratdığı dünyanın mahiyyətində deyillər. Avropanın müasir dünyaya gətirdiyi ən mühüm nəzəriyyələrdən biri suverenlik, digəri insan haqlarıdır.
Uzun illərdir ki, erməni cəmiyyəti, erməni cəmiyyətindəki siyasətçilər öz toplumlarını aldadır, hərdən onlara Avropanın möhtəkir siyasətçiləri də qoşulur. Azərbaycan ərazisində- Qarabağda yaşayan erməni mənşəli şəxslərin öz müqəddəratını təyin etmə hüququndan danışırlar. Bu, heç bir müzakirəyə layiq olmayan blefdir. Çünki beynəlxalq hüquqa görə, beynəlxalq hüququn bir prinsipi digər prinsipinə zidd ola bilməz. Yəni dövlət suverenliyinin ərazi komponenti şübhə altına düşərsə, o zaman öz müqəddəratını təyin etmə hüququndan danışıla bilməz.
Azərbaycan prezidenti İlham Əliyev bir müddət öncə olduqca rasional bir bəyanat verdi, Qarabağdakı erməni separatçıları üçün amnistiya çıxarılmasının mümkünlüyünü açıqladı. Əliyevin bu açıqlaması ABŞ tərəfindən də müsbət qarşılandı, ancaq uzun illər boyu guya Qarabağ münaqişəsinin həlli ilə məşğul olmuş ATƏT-in Minsk Qrupunun digər həmsədr ölkələrindən xüsusi reaksiya sərgilənmədi. Dilimizdə gözəl bir ifadə var: arabanı atdan qabağa qoymaq. Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinə ermənilərin arzu etdiyi statusun yanına göndərilmiş ATƏT-in Minsk Qrupu həm 44 günlük müharibəyə qədər, həm də ondan sonra arabanı atın qabağına qoymaq üçün çalışıblar. 44 günlük müharibə bölgədəki bütün reallığı kökündən dəyişib və yeni situasiya yaradıb. Bu situasiyada beynəlxalq aləmin Azərbaycana və Ermənistana verə biləcəyi bircə mesaj var: Qarabağdakı qeyri-qanuni hərbi birləşmələr ləğv olunur, hərbi xunta likvidasiya edilir, Cənubi Qafqazın iki ölkəsi arasında sülh müqaviləsi bağlanır. Ancaq bunun üçün beynəlxalq aləmin Cənubi Qafqaza maraq göstərən əsas aktyorlarının səmimiyyəti çatmır.
Əlbəttə, mən Afrika ölkələrini xətkeşlə bölmüş supergüclərdən səmimiyyət gözləyəcək qədər sadəlövh deyiləm. Onu da başa düşürəm ki, Cənubi Qafqaz uğrunda geopolitik savaşda hər kəs közü öz qabağına çəkmək istəyir. ABŞ üçün Qarabağın hansı kəndində erməni, Zəngəzurun hansı kəndində azərbaycanlı yaşayıb-yaşamamasının heç bir prinsipial önəmi yoxdur. ABŞ ancaq onunla maraqlanır ki, Rusiya dəfə-darağını götürüb regiondan çıxsın. Rusiyanı regionda mövcudluğunu isə Ermənistan təmin edir. Odur ki, ABŞ bir tərəfdən Azərbaycanın maraqlarını qəbul edir, digər tərəfdən isə Ermənistanı Rusiyanın qucağından çıxarmaq istəyir. Rusiya Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanmasında maraqlı deyil, eyni zamanda, bu baş verərsə, Qarabağda erməni separatizminin ocağının söndürülməsini arzulamır. Ötən əsrin 20-ci illərinin təcrübəsinə əsasən Qarabağdakı erməni seperatizmini və Azərbaycanla Ermənistan arasında eskelasiya riskinin qalmasını neo-imperalist maraqları baxımından vacib hesab edir. Fransa Ermənistana verdiyi dəstəklə faktiki olaraq Rusiyanın maraqlarına xidmət edir, bununla birgə, Rusiyanın bölgədən çıxdığı təqdirdə, özünə yer bərkidir.
Mən Qarabağdakı hərbi xunta qalıqlarının ən qısa zamanda, elə iyul ayından başlayaraq likvidasiya ediləcəyini gözləyirəm. Çünki Rusiya Sülhməramlıları Azərbaycan ərazisindədir və Üçtərəfli Bəyanatın müddəti daralır. Azərbaycan heç bir halda və formada Ermənistanın iştirakı ilə Üçtərəfli Bəyanatın müddətini uzatmayacaq, uzatmamalıdır. Ayrıca, işğalçı Ermənistan ordusunun qalıqlarının Qarabağdan çıxarılması və cinayətkar hərbi xuntanın likvidasiyası Rusiyanın regiondakı strateji maraqlarına toxunmur. Çünki Üçtərəfli Bəyanata görə, açılmalı olan Zəngəzur dəhlizinin Ermənistandan keçən hissəsinə Rusiya nəzarət etməlidir.
Azərbaycanın Laçın dəhlzinə SNBM quraşdırmaqla nəzarəti öz əlinə alması Qarabağ separatçılarının boğazındakı ilgəhi daraldır. RSK və BQXC-nin humanitar yardımları ilə separatçı sistem ayaqda qala bilməz. Ancaq göründüyü qədər Xankəndidəki əslində Qarabağ ermənilərini girov vəziyyətində saxlayan rejimə qarşı Azərbaycanın daha bir sərt həmlə etməsinə ehtiyac var. Bu, hərbi, iqtisadi, yoxsa diplomatik həmlə olacaq? İndidən söyləmək çətindir. Hər halda bütün müşahidə və təhlillər göstərir ki, prezident Əliyev bütün dünyada assimmetrik savaşın ustalarından biridir və qurduğu bütün kombinasiyalar uğurla sonuclanır.
Taleh ŞAHSUVARLI